Mərkəzi Bankdan TƏLƏB: komissiya haqları 1 faizdən çox olmasın!

Mərkəzi Bankdan TƏLƏB:   komissiya haqları 1 faizdən çox olmasın!

Bankirlər tələbdən narazıdır, tələb istehlak kreditlərinin faiz dərəcələrinin artmasına səbəb ola bilər

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucovun adından ölkəmizdə fəaliyyət göstərən bütün banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) məktub ünvanlanıb.

"APA-Economics"in xəbərinə görə, məktubda qeyd edilir ki, bir sıra banklarda istehlak kreditləri üzrə yüksək komissiya haqqları tətbiq olunur və banklarda istehlak kreditləri üzrə faktiki illik faiz dərəcəsi (FİFD) bank sektoru orta faktiki illik faiz dərəcəsini əhəmiyyətli dərəcədə üstələyir. 

AMB, qeyd olunanları nəzərə alaraq, banklara və BOKT-lara istehlak kreditləri üzrə tutulan komissiya haqqlarının nağdlaşdırma da daxil olmaqla kreditin məbləğinin 1%-ni keçməməsini tapşırır.

Bankirlər isə AMB-nin məktubunu birmənalı qarşılamayıb. "APA-Economics"lə söhbətində bir sıra bank rəhbərləri bildirib ki, Mərkəzi Bankın məktubunda bir sıra sual doğuracaq məqamlar var.

"Məktub bizə daxil olub, amma məktubda müzakirə mövzusu olan bir sıra məsələlər var. Mərkəzi Bank tələblərini detallaşdırıb, konkretləşdirməlidir. Məsələn, məktubda qeyd olunur ki, istehlak kreditləri üzrə tutulan komissiya haqqlarının nağdlaşdırma da daxil olmaqla... Mən bir bankir olaraq, istehlak kreditindən məsələn 3-4% komissiya tuturdum və bu rəqəm kreditin müddətindən asılı idi. Bunun əslində mənə qalan komissiya faizi 2% idi. Qalan komissiya isə müştərinin həyat sığortasına yönəlirdi. Yaxşı, mən 1% qazancımdan imtina etdim. İndi Mərkəzi Bank sualımıza cavab versin ki, müştərinin həyat sığortası bura daxildir, ya yox? Açıq danışaq, mən öz gəlirim hesabına kimisə sığorta etdirə bilmərəm. Başqa sözlə, öz qazancım hesabına risklərimi bağlaya bilmərəm. Ona görə də, Mərkəzi Bank bizə sığorta məhsulu üçün əlavə imkan verməlidir. Sığorta dərəcəsi oynaq deyil, stabildir", - deyə bankirlərdən biri deyib.

Digər bank rəhbərlərindən biri isə qeyd edib ki, artıq daxil olan məktubun tələbləri ilə bağlı banklar AMB ilə müzakirələrə başlayıb.

İstehlak kreditləşməsi ilə aktiv məşğul olan banklardan birinin rəhbəri isə qeyd edir ki, AMB-nin yeni tələbi kreditlər üzrə faiz dərəcəsinə təsir edəcək: "Hesab edirik ki, kredit faizləri müəyyən dərəcədə artacaq. Bu, qaçılmazdır".

İqtisadçı-ekspert Samir Əliyev isə qeyd edir ki, Mərkəzi Bankın banklara bu tipli göstərişlərin verməsi onun səlahiyyətləri çərçivəsində deyil: "Çünki bank qanunvericiliyinə görə, kreditlərin komisyon haqları banklar tərəfindən sərbəst müəyyənləşdirilir. “Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bank bununla bağlı tövsiyə verə bilər".

Ekspert əlavə edib ki, ümumilikdə bu təşəbbüs kredit bazarında rəqabətin yaranması baxımından müsbətdir və sui-istifadə hallarını aradan qaldıracaq. "Hazırda banklar komisyon haqları hesabına kifayət qədər manevr etmək imkanına malikdirlər. Təsəvvür edin ki, müştəri cəlb etmək üçün faiz dərəcələrini aşağı təklif edirlər. Müştəri müqavilə imzalayan an məlum olur ki, böyük həcmdə komisyon haqq ödəməlidir. Bir sözlə, banklar marketinq strategiyasına uyğun olaraq “aşağı faiz dərəcəsi – yüksək komisyon haqq” prinsipinə üstünlük verilir. Komisyon haqları hətta 6-7%-ə qədər çatır. Bu gəlir bankların gizli gəliri hesab olunur. Təsəvvür edin ki, illik faiz dərəcəsi 24% olan 6 aylığa verilən kreditlərin effektiv faiz dərəcəsi təxminən 7%-yə bərabərdir. Yəni banklar komisyon haqları hesabına 6 aylıq qazancı birdəfəyə, bir günə qazana bilirlər. Ancaq komisyon haqları üçün 1%-lik həddi qoyulması müştəriyə hansı bankın münasib şərtlərlə kredit verməsini müəyyənləşdirməyə imkan verəcək. Nəticədə kredit bazarında müəyyən rəqabət formalaşacaq".

Aktual.az

 
Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR