Mənzil alarkən nələrə diqqət yetirilməlidir?

Mənzil alarkən nələrə diqqət yetirilməlidir?

"Son illərdə vətəndaşların üzləşdiyi ciddi hüquqi problemlərdən biri də mənzil-tikinti kooperativlərindən mənzilləri alarkən yaranır. Qeyd edilən alqı-satqı müqavilələri bağlanan zaman vətəndaşlarla kooperativ arasında yaranan münasibətlər bəzən hüquqi müstəvidən çox kənarlaşaraq qeyd edilən müqavilələr üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ aktları ilə müəyyən edilmiş normalara riayət edilmir. Bu da əksər hallarda gələcəkdə müəyyən hüquqi problemlərə səbəb olur".

Aktual.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vüqar Babayev deyib.

Onun sözlərinə görə, xüsusən, son illərdə mənzil-tikinti kooperativləri tərəfindən vətəndaşların aldadılaraq onlara satılmış mənzildən ibarət olan payların kooperativin vəzifəli şəxsləri tərəfindən təkrarən başqa şəxslərə satılması, satılan mənzillərin ölçülərinin yerində müqavilələrdə göstərilən ölçülərdən daha kiçik olması, binaların tikintisinin yarımçıq qalması, vaxtında istismara verilməməsi və s. problemlər narahatlıq doğuran hallardandır: "Vəkilə müraciət edən vətəndaşın ənənəvi sualı belədir: "Bəs yaranan problemləri necə həll etmək olar?!" Əlbəttə, yaranmış problemin həlli üçün qanunvericilikdə imkanlar mövcuddur. Lakin daha yaxşı olardı ki, vətəndaşlarımız problem yaranmazdan əvvəl hüquqi riskləri nəzərə alaraq hərəkət etsinlər. Hesab edirəm ki, Azərbaycanda qeyd edilən problemin həlli yolu kimi müqavilələrin vahid reyestrinin yaradılması vətəndaşlarımızı bir çox hüquqi risklərdən qoruya bilərdi. Burada söhbət ondan gedir ki, mənzil-tikinti kooperativləri satdıqları mənzillərin alqı-satqısına dair müqavilələri bunun üçün müəyyən edilmiş xüsusi reyestrdə qeydiyyatdan keçirməlidirlər. Bu zaman mənzil-tikinti kooperativləri həm müqavilədə göstərilən mənzilin dəyərini açıq göstərməyə, həm də ölçüləri dəqiq qeyd etməyə məcbur olacaqlar. Eyni zamanda, ən əhəmiyyətli məsələ isə müqavilələrin reyestrdən çıxarışı olmadan qeyd edilən mənzilləri alıb-satmaq mümkün olmayacaq ki, bu da vətəndaşları aldadılma hallarından qoruyacaq. Bəs indiki vəziyyətdə belə mənzilləri alarkən hüquqi risklərdən necə qorunmaq olar?! Əlbəttə, bu halda tam hüquqi risklərdən qorunmaq mümkün deyil".

Vəkilin sözlərinə görə, daha yaxşı olardı ki, bu prosesi təcrübəli hüquqşünas müşayiət edərdi: "Lakin hüquqşünasın iştirakı olmadan da alıcı tərəfindən aşağıda sadalanan hallara diqqət yetirilsə, bəzi risklərdən yayınmaq olar. Əvvəla, mənzil-tikinti kooperativinin müqaviləsini imzalayacaq vəzifəli şəxsinin həmin vəzifəyə qanuni əsaslarla təyin olunub-olunmamasını, onun koopertivə məxsus əmlakı satmaq səlahiyyətinə malik olub-olmamasını aydınlaşdırmaq lazımdır. Alıcı almaq istədiyi mənzilin məhz müqavilədə göstərilən ünvanda, mərtəbədə, dəyərini ödədikləri ölçülərə uyğun gələn və məhz qeyd edilən mənzil-tikinti kooperativinə məxsus binada mənzil olduğuna tam əmin olsun. Müqaviləni, onun şərtlərini oxuduqdan və tam anladıqlarına əmin olduqdan sonra imzalasınlar. Müqavilə üzrə ödəməli olduqları vəsaitləri kooperativin bank hesabına ödəsinlər. Əgər ödəmə nağd qaydada kooperativin xəzinəsinə ödənilirsə, ödənişin məbləği göstərilməklə kooperativin möhürü və səlahiyyətli şəxsinin imzası ilə mütləq kassa-mədaxil orderi və kooperativə müqavilə üzrə heç bir borcun olmamasına dair maliyyə arayışı alsınlar. Faktiki ödədikləri pulların müqavilədə və yuxarıda göstərilən mühasibat sənədlərində tam əks etdirilməsini tələb etsinlər. Mənzilin yerləşdiyi binanın tikinti obyektlərini istismara qəbul edən dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunub-olunmadığını araşdırsınlar. Çünki binanın istismara qəbul edən dövlət komissiyasına təhvil verilməməsi həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini qeyri-mümkün edir. Eyni zamanda, kooperativdən mənzil alarkən alıcılar özlərinin kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməyi də unutmamalıdırlar. Əgər mənzil birbaşa kooperativdən yox, digər şəxsdən satın alınırsa, lakin rəsmiləşdirmə mənzil-tikinti kooperativi vasitəsilə aparılırsa, bu zaman mütləq qaydada mənzili satan şəxsin evli və ya subay olması dəqiqləşdirilməlidir. Əgər satıcı evlidirsə və mənzil birgə nikah dövründə alınmışdırsa, bu halda ərin və yaxud arvadın notariat qaydasında təsdiq edilmiş yazılı razılığı olmalıdır. Əgər satıcı subay olduğunu bildirirsə və hətta onun şəxsiyyət vəsiqəsində subay yazılmış olsa belə, satıcının subay olması haqqında dövlət qeydiyyat orqanından arayış alaraq sənədləşməyə əlavə edilməsini tələb etmək də zəruri şərtlərdəndir".

Xəbər 795 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR