125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd və Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynovla söhbət etdik:
- Seçkilərə çox az zaman qalıb. Hazırda şansınızı necə dəyərləndirirsiniz?
- Seçicilərlə görüşlər keçirdik. Həmçinin, fərdi söhbətlər apardıq, onların problemlərini dinlədik. Bütün bunlardan sonra seçicilərin yeni nəfəsə, yeni səsə ehtiyacı olduğunu gördük. Hesab edirəm ki, bu seçkilərdə qalib gəlmək üçün kifayət qədər etimad qazanmışam. Mən Zəngilan-Qubadlı camaatına güvənirəm.
Əsas rəqibiniz YAP-ın namizədi İmamverdi İsmayılovdur.
- Məlum olduğu kimi,o, 20 ildən artıqdır ki, deputat mandatını daşıyır. Ona qalib gəlmək çətin deyil ki?
-Şübhəsiz ki, YAP Azərbaycanda ən güclü siyasi təşkilatdır. Bu partiyanın kifayət qədər etimad qazanmış deputatları, siyasi funksionerləri var. Amma 125 saylı dairədə isə bu sözü demək olmur. Bu dairənin deputatı İmamverdi İsmayılovdur. O, 20 ildir deputatdır, amma həmin dairənin seçicilərinin az qala 90%-i onun üzünü belə tanımır.
- İqtidaryönlü namizədləri çıxmaqla digərləri təbliğatlarına süni maneələr yaradıldığını deyirlər. Bəs siz necə, hansısa problemlər, maneələrlə üzləşdinizmi?
- Bir var hər şeyə qara yaxasan, bir də var həqiqəti deyəsən. Tam olaraq belə demək, məncə, haqsızlıqdır. Amma yerlərdə bəzi məmurlar özlərinə aid olmayan işlərə qarışırlar. Əslində, onlar bununla prezidentə dəstək olmur, əksinə, onun əleyhinə çıxmış olurlar. Bizim də etirazımız məhz bu cür məmurlara qarşıdır. Son günlər yaşanan olaylar da göstərir ki, prezident belə məmurların hərəkəti ilə barışası deyil, əksinə, onları vəzifədən azad edir və barələrində tədbir görülür.
Elə 125 saylı dairədə də İmamverdi İsmayılovun adamları bizə maneələr yaratmağa çalışır, seçicilərlə ünsiyyətimizə mane olurlar. Qubadlı və Zəngilan İcra Hakimiyyətlərində işləyən şəxslər əhalini hədələyirlər ki, əgər İmamverdi İsmayılovun əsas rəqibiylə görüşə getsələr, evlərindən çıxarılacaq, yaxınları işdən azad olunacaqlar. O, 20 ildən artıqdır ki, yalnız yeyib-yatmaq, qohumlarını vəzifəyə yerləşdirməklə məşğuldur. Əsas rəqib isə məhz mənəm. Və mən deyərdim ki, İmamverdi İsmayılov kimi şəxslər Azərbaycanın milli təhlükəsizliyi və dövlət üçün açıq düşməndən daha təhlükəlidirlər. Məncə, prezident İlham Əliyevin son günlər məmurlar haqqında söylədiyi fikirlər İmamverdi İsmayılov kimi şəxslərə siqnal olmalıdır. Elə bu sözlər həm də İmamverdi İsmayılova daha çox aiddir. Məcburi köçkünlərə verilən evləri, təqaüdləri onlara icra hakimiyyəti verməyib. Bütün bunlara cənab prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində nail olunub.
- Bir sıra şəxslər seçkilərin nəticələrini indidən şübhə altına alır...
- Seçki hələ olmayıb, bunu necə demək olar? Mən inanıram ki, əvvəlki seçkilərdə olduğu kimi, 1 noyabr seçkiləri də çox ədalətli və demokratik keçiriləcək.
YAP-çı olmayıb iqtidaryönlü siyasət yürüdən partiya sədrlərinin vəzifə almaq naminə hakimiyyəti müdafiə etdikləri deyilir. Sizin qeyd-şərtsiz hakimiyyəti müdafiə etmənizin səbəbi bu deyil ki?
-Mənim mövqeyim dövlət və dövlətçilikdir. Başqalarının nə düşündüyü, hansı gözləntisinin olması mənimçün elə də önəmli deyil. Mən partiya sədri olmaqla yanaşı, həm də keçmiş döyüşçüyəm və Ali Baş Komandanın əmri, siyasi kursu mənimçün daha önəmlidir, nəinki vəzifə və digərlərinin bu haqda mülahizələri.
- Az öncə dediniz ki, keçmiş döyüşçüsünüz. Qarabağ müharibəsinin iştirakçısı olmusunuz. Sülh danışıqlarının gedişatından razısınızmı?
-Sülh danışıqları hal-hazırda dalana dirənib. Beynəlxalq aləm bu məsələyə ikili standartlarla yanaşır. Özlərinin verdiyi qətnamələr, qərarlar olmasına baxmayaraq Azərbaycanın bu məsələsinə laqeyd yanaşırlar. Əslində laqeyd də deməzdim, xristian həmrəyliyidi. Bu qədər açıq.
Yeri gəlmişkən, mən Azərbaycanın işğal olunmuş torpaqlarının Milli Ordumuz tərəfindən azad olunmasını dəstəkləyən qanunların hazırlanması təşəbbüsü ilə çıxış edəcəm. Yenə deyirəm, mən özümü hal-hazırda da döyüşçü hesab edirəm.
- 125 saylı dairə çox spesifikdir.
Bu dairədə qeydiyyatda olan seçicilərin hamısı məcburi köçkündür. Onların sahibkarlıq fəaliyyəti üçün ən azından hansısa mülkiyyətə sahib olmaları lazımdır.
-Mən məcburi köçkünlərə, o cümlədən Zəngilan –Qubadlı köçkünlərinə, Azərbaycanın müvafiq bölgələrində torpaq əkin sahələrinin ayrılmasını nəzərdə tutan qanunun qəbul edilməsinə çalışacağam və bu məsələni qabardaraq həmişə gündəmdə saxlayacağam.
- Gələn ildən icbari sığorta sistemi tətbiq ediləcək. Qaçqınların bunu ödəməsi sizcə onlara maddi problemlər yaratmayacaq ki?
-Məcburi köçkünlər mütləq dövlət büdcəsi hesabına icbari sığortayla təmin olunmalıdırlar. Bu məsələ də gündəmimizdə olacaq.
- Rəqiblərinizə nə arzulayardınız?
- Rəqiblərimə ilk növbədə can sağlığı arzulayıram. Rəqiblərimlə heç bir problemim yoxdur. Onların hər birinə hörmətlə yanaşıram və hesab edirəm bu qarşılıqlıdır. Çox istərdim ki, əsas rəqibim İmamverdi İsmayılov görüşlərinə müəllimləri, həkimləri məcburi gətirtməsin və görüşlərini maarif şöbələrində və digər yerlərdə deyil, MSK-nın ayırdığı yerlərdə keçirsin.