İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.
Aktual.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək:
"Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək. Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə 16 iyul-30 iyul tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 45, Rus bölməsi üzrə isə 18 iyul- 1 avqust tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək. Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək".
O qeyd edib ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı olan uşaqlar (2019-cü il təvəllüdlü) qəbul edilirlər:
"Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır".
Xəbər 216 dəfə oxunub.