Manatın taleyi: Təhükə, yoxsa psixoloji miras? – Fikrət Yusifovun şərhi
Manatın məzənnəsi yenə də gündəmin əsas mövzularından birinə çevrilib. Ortada yenə müxtəlif hesablamalar, proqnozlar var. Bəziləri iddia edirlər ki, manat ciddi təhlükə ilə üzləşib və hər ötən gün onu növbəti devalvasiyaya yaxınlaşdırır. Bax, elə bütün bunların nəticəsidir ki, son günlər vətəndaşların “Manat doğrudanmı təhlükədədir?”, “Mətbuatda aparılan diskusiyaların kökü haradan qaynaqlanır?”, “Manatın növbəti devalvasiyası nə qədər realdır?” kimi sualları ilə qarşılaşırıq. Bu yazıda da məhz qeyd olunan suallara cavab verməyə çalışacağıq.
Gəlin əvvəlcə bir qədər geriyə - bi ilin fevral ayının 21-nə qayıdaq. Məhz həmin gün manatın 34% ucuzlaşmasına səbəb olmuş devalvasiya hadisəsi baş verdi. Tam əminliklə deyə bilərik ki, bu gün manatın məzənnəsilə bağlı aparılan bütün spekulyativ söhbətlər məhz həmin hadisədən qaynaqlanır. Yada salırıq: Devalvasiya hadisəsindən əvvəl ölkədə bütün səviyyələrdən olan ekspertlər, mütəxəsislər və hətta müxalif mövqedə dayanan iqtisadçılar kəskin devalvasiyaya heç bir əsas olmadığını yazırdılar. Doğrudan da real olanı da bu idi. Yalnız radikal siyasi mövqedə dayanıb bir qayda olaraq hökumətin atdığı müsbət addımlara kölgə salmağa çalışan, hər şeyi qara rəgdə görən və tamamilə siyasiləşmiş iqtisadi yazarlar əsassız çağrışlarla əhali arasında panika yaratmağa cəhd edirdilər. Sağlam düşüncəli ekspertlərin, mütəxəsislərin və peşəkarların verdiyi bəyanatlar əhalinin böyük əksəriyyəti tərəfindən qəbul edilsə də təəssüflər olsun ki, təsir altına düşüb təxribat xarakterli çağırışlara boyun əyənlər də oldu. O zaman bir çoxlarına belə gəldi ki, devalvasiya hadisəsi əhalinin müəyyən kəsiminin yersiz çağrışlara uyaraq kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutması səbəbindən baş verdi. Təbii ki, baş vermiş hadisədə bu faktın rolu az olmadı. Buna görə də biz həmin dövrdə yersiz çağrışlarla əhalini çaşdırmağa cəhd edənlər barəsində müvafiq qurumların zəruri tədbirlər görməsi təklifi ilə də çıxışlar etdik. Lakin sonradan aydın oldu ki, baş verən hadisənin kökündə heç də təkcə əhalinin valyutadəyişmə məntəqələrinin qarşısında uzun növbələr yaratması faktı dayanmır. Hadisədən bir neçə gün sonra dövlət başçısı devalvasiya hadisəsini təxribat adlandırdı. Şübhəsiz, bir gündə banklardan, valyutadəyişmə məntəqələrindən 500 milyon dollar alınması düşünülmüş təxribat kimi dəyərləndirilməli idi. Hər halda, gündəlik olaraq 500 milyon dolların əldə olunması sıravi vətəndaşların işi ola bilməzdi və ümumiyyətlə, bu qədər pulun sadə insanların əlində olması real görünmürdü. Odir ki, “Proses məqsədyönlü şəkildə idarə olunur” və s kimi ehtimallar daha real görünürdü. Hesab edirik ki, bütün bu məsələlərə hüquq mühafizə orqanları tədricən aydınlıq gətirəcəklər.
Manatın heç bir əsası olmayan və təxribat nəticəsində baş vermiş kəskin fevral devalvasiyasından doğan PİSXOLOJİ MİRAS bu gün də qalmaqdadır. Bu təxribatın əhalidəki manata olan inama vurduğu yara hələ də tam sağalmayıb. Lakin insanlarımız bu pisxoloji durumdan çıxmalıdırlar. Vətəndaşlarımız birmənalı şəkildə bilməlidirlər ki, bu gün manatın taleyi heç də bəzilərinin iddia etdiyi kimi, təhlükə qarşısında deyil. Bu gün manatın arxasında təkcə bizim özümüzün deyil, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi nüfuzlu maliyyə institutlarının da etiraf etdiyi və bütün dünyanı bürüyən iqtisadi tənəzzül şəraitində illik 4% artımı olan güclü iqtisadiyyat durur. Dünya Bankı manatı MDB məkanında ən etibarlı valyuta hesab edib. Bunun da səbəbləri var. Ən əsas səbəblərdən biri budur ki, 10 ildən artıqdır Azərbaycan iqtisadiyyatı və onun qeyri-neft sektoru xüsusi dövlət proqramları çərçivəsində yüksələn xətlə imkişaf edir. Ölkədə sahibkarlığın inkişafına dövlət səviyyəsində ciddi dəstək verilir. Olkə başçısı bu sektorun inkişafına maneə olan bütün süni əngəllərin aradan qaldırılması yolunda qətiyyətli addımlar atır. Nəticələr göz qabağındadır. Son 5 ildə Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 50%-dən 70%-ə yüksəlmiş, bu sektordan ixracın həcmi 60%-dən çox artmışdır.Yaxın perspektivdə bu sektordan ixracın daha böyük sürətlə artacağı gözlənilir. Deməli, bu hesaba ölkəyə valyuta axını da xeyli artacaqdır. Bundan başqa, bu gün Azərbaycan dövlətinin real valyuta ehtiyatları 42 milyard dollardır və bu, bütün beynəlxalq qaydalarla müəyyən edilmiş minimal normadan 20 dəfədən də çoxdur. Bundan başqa, Azərbaycanın aktivləri və kapitalının həcmi 35 milyard dolları ötən Neft Şirkəti kimi nəhəng bir dövlət kompaniyası var. Azərbaycanın dövlət büdcəsinin gəlirləri neftdən daxilolmalar nəzərə alınmadan belə Gürcüstan və Ermənistanın büdcəsinin cəmindən böyükdür. Yeri gəlmişkən, bu iki qonşu olkənin valyuta ehtiyatları birlikdə 3 milyard dolları ötmür. Qoy indi hörmətli oxucularımız bütün bu sadaladığımız həqiqətləri bildikdən sonra özlərinə sual versinlər: Manatın arxasında belə güclü dayaqların olduğu bir halda ona inamsız yanaşmaq olarmı? Yox təbii, heç bir halda buna yol vermək olmaz.
Bu gün dünya iqtisadi məkanında, maliyyə bazarlarında baş verən proseslər nəticəsində manatın məzənnəsində ola biləcək hər hansı cüzi dəyişikliklər isə heç kəsi qorxutmamalıdır. Buna təbii baxmaq lazımdır. Sivil inkişaf yolu keçən, iqtisadiyyatı bazar iqtisadiyyatı prinsiplərinə söykənən ölkələrdə insanlar milli valyutalarının məzənnəsində baş verən belə cüzi dəyişiklikləri müzakirə predmetinə çevirmirlər. Çünki ona təbii bir hal kimi baxırlar. Mən vətəndaşlarımızı dövlətimizin rəmzlərindən biri olan milli valyutamıza inamla yanaşmağa çağırıram. Təxribatlara, siyasi möhtəkirlərin əsassız çağırışlarına uymamalıyıq. Dövlətimizə inamlı, iqtisadiyyatımıza güvənməli, manatımızı qorumalıyıq. Milli qürur hissimiz bizdən bunu tələb edir! Biz hamımiz böyük bir ailənin üzvüyük. Hamımızın Azərbaycan adında bir evi, bir ocağı var. Bu evin, bu ailənin yaxşı günü də bizimdir, dar günü də. Bu ocağın işığını qorumaq hamımızın borcudur.
Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor