Mahrux Muradova haqqında bilmədiklərimiz-Feyruz Muradov yazır...

Mahrux Muradova haqqında bilmədiklərimiz-Feyruz Muradov yazır...

Mahrux Muradova 1943-cü ildə Ərdəbil şəhərində Mirzə Xəlil Muradov və Siddiqə xanım Hacı Qafar qızınını ailəsində dünyaya göz açıb. Ailədə dördüncü övlad olub. Mahruxun üç yaşı olarkən ailəsi İrandan Cənubi Azərbaycana mühacirət edib. Ailə bir neçə ay Cəlilabad rayonunda məskunlaşdıqdan sonra Səlyan rayonuna köçüb. Mahruxun uşaqlığı və yeniyetməlik çağı Salyan rayonunda keçib. O, 1949-cu ildə buradakı 4 saylı orta məktəbə daxil olub. Yeddinci sinfə kimi burada oxuyub. 1957-ci ildə atası Mirzə Xəlil Muradovun ailəsi o vaxtkı Əli Bayramlı şəhərinə köçüb. Mahrux da Əli Bayramlıdakı 2 saylı məktəbdə təhsilini davam etdirib. Lakin o təhsilini başa vura bilmir. Əslən Neftçala rayonunun Totanaməhlə kəndindən olan və işləmək üçün Əli Bayramlıya gəlmiş Ənvər Salmanov adlı gənc oğlan Mahruxu görüb onunla ailə qurmaq niyyətinə düşür. Ənvər qızı qaçırdır. Baxmayaraq ki , Mahrux o vaxt azyaşlı idi. Lakin ailəsi şikayət vermir və 1958-ci ildə Totanaməhlə kəndində toyları olur. Cəmi bir neçə ay sonra gənclər ƏliBayramlıda ikiotaqlı mənzil alaraq köçürlər. Onların ailələri 12 il davam edib. Bu nigahdan Mahruxun iki qız övladı dünyaya gəlir. Böyük qızı Məlahət və kiçiyi Vəcahət. Böyük qız psixi qusurlu doğulur. Bu da Mahruxa böyük sarsıntı yaradır. Kiçik qızını isə o çox sevir.
 
Mahruxun böyük bacısı Rübabə Muradova hələ ailələri Salyan rayonunda yaşayarkən Bakıya getmiş və tanınan müğənni olmuşdu. Bakının mərkəzində iki otaq ev də almışdı. Böyük bacısının uğurları isə onu da ruhlandırırdı. Mahruxun da ürəyində müğənni olmaq arzusu var idi. Hərdən böyük bacısı onların evinə baş çəkəndə Mahrux öz istəyini Rübabəyə bildirirdi. Amma müsbət cavab ala bilmirdi. Rübabə xanım sənət barədə çox tələbkar idi. Nə öz qızlarına, nə də kiçik bacılarının heç birinin müğənni olmaq istəylərini dəstəkləmirdi. Səbəb nə idi? Səbəb o idi ki, Rübabə xanım onlarda müğənnlik potensialı görmürdü. Ona görə də onların istəklərinə qarşı çıxırdı ki, bu da yaxınları tərəfindən düzgün anlaşılmırdı. Mahrux Muradovanın ailəsində münaqişələr çoxalırdı. O ailəsindən ayrılmaq istəyirdi. Bu hallar onun atası Mirzə Xəlilin 1967-ci ildə vəfat etməsindən sonra daha da kəskinləşməyə başlandı. Nəticədə ailə dağıldı. O kiçik qızını özü ilə götürərək 1970-ci ildə Bakıya, böyük bacısının yanına getdi. Rübabə onun səsini, oxumasını dinlədi. Mahruxda müğənnilik potensialı olduğunu gördü və ona kömək edəcəyinə söz verdi. O bir müddət bacısının evində məskunlaşdı. 1971-ci ildə Ceyran Haşımovanın rəhbərlik etdiyi "Lalə” qızlar ansamblına üzv qəbul olundu. Azərbaycanın müxtəlif bölgələrinə səfərlər, televiziyada çıxışları bir-birini əvəz etməyə başladı. Onun oxuduğu xalq mahnıları, muğamlar, təsniflər və bəstəkar mahnıları onu dinləyiciləri arsında sevdirdi. Şübhəsiz ki, Rübabə Muradovanın kiçik bacısı olması ona qarşı maraqın artmasına səbəb olurdu.
 
Mahrux kiçik qızı ilə birlikdə bacısı evində daimi qala bilməzdi. Bu dəfə Əsli Nağıyeva adlı bir xanım Mahruxun xilaskarına çevrildi. Əsli Nağıyeva Rübabənin parəstişkarlarından biri idi. O Rübabənin bütün konsertlərini, operadakı çıxışlarını daim izləyirdi. Hər dəfə konsertlərdən sonra Rübabə ilə ünsiyyət qurmağa, yaxın olmağa can atırdı. R.Muradova Əsli xanıma hörmət göstərməyə başladı. Hər konsertdə onun mütləq tamaşaçılar arasında olacğına əmin idi. Tədricən onlar yaxın rəfiqəyə çevrildilər. Əsli onun evinə gedib-gəlməyə başlayaraq , Rübabənin yaxınlarından biri oldu.
 
Mahrux Bakıya gələndə bacısının evində Əslini tez-tez görürdü. Rübabə onları tanış etdi. Bir dəfə söhbətlərin birində Rübabə Əsliyə təklif etdi ki, Mahrux bir müddət onun evində qalsın. Çünki Rübabənin evi çox vaxt qonaqlı olurdu. Əsli razı oldu. Beləliklə, Mahrux bu qadının evinə köçdü. Lakin bu müvəqqəti köçmək olmadı. Həmişəlik oldu. Əsli Nağıyeva Bakının Balaxanı qəsəbəsində doğulub böyümüşdü. Azərbaycan Neft-Kimya İnstitunu bitirmişdi. Bakı yeyintə-sənaye texnikomunda direktor müavini işləyirdi. Səhhətində problemlə bağlı ailə həyatı qurmamışdı. Tək yaşayırdı. O, Mahruxa öz dogma qızı kimi münasibət göstərir və həyatını onsuz təsəvvür edə bilmirdi. Mahruxun qızını da öz doğması kimi qarşılayırdı. Xoşbəxtlik gələndə dalbadal gəlir. Mahruxun da üzünə xoşbəxtlik qapıları taybatay açılmışdı. "Lalə” qızlar ansamblının gitaraçısı Əliyev Şükür ona rəğbətini gizlətmirdi. Qastrollarda, konsertlərdə bir yerdə olurdular. Bir-birlərini yaxından tanıyırdılar. Günlərin birində Şükür evlilik təklif etdı. Mahrux razılıq verdi. Evliliyi qeyd etmək üçün şəhərin restoranlarının birində yığıncaq keçirdilər. Harada yaşayacaqlarını müzakirə etdikdə Şükür onun ata evinə getmələrini təklif etdi. Mahrux onun ata evində, darısqal şəraitdə yaşamaq istəmədiyini bildirdi. Əsli xanım isə Mahruxu yanından heç yana buraxmayacağını bəyan etdi. Xeyli müzakirələrdən sonra qərara aldılar ki, Əsli xanımı da tək qoymaq olmaz. O bu müddət ərzində Mahruxa necə öyrəşmişdisə onu yanından heç yana buraxmaq istəmirdi. Belə də oldu. Onlar Əsli xanımın yanında, onunla birlikdə yaşamağı qərara aldılar. Bu qərar hamını razı saldı. Onların evliliyi 1973-cü ildə başlandı və 2002-ci ilədək yəni Mahrux dünyasını dəyişdiyi günədək davam etdi. Onları demək olar ki, ancaq ölüm ayıra bildi.
 
Mahrux uzun illər populyar müğənni kimi fəaliyyət göstərdi. Yaxşı həyat qurmağa nail oldu. Qızını böyüdüb ərə verdi. Bütün bu uzun illər ərzində Şükür də Əsli xanım da onun yanında oldular. Yalnız həyatının son illərində Mahrux Muradova xəstəliyə tutuldu. Daha əvvəlki görkəmi də qalmamışdı. Toylara da gedə bilmirdi. Xəstəliyi ucbatından əzablı günlər yaşamalı oldu. Dövlətdən kömək istədi. Dövlət onun səsini eşitdı. Ona Prezident tərəfindən fərdi təqaüd təyin olundu. Lakin o bu təqaüdü qısa müddət ala bildi. 2002-ci ildə 59 yaşında dünyasını dəyişdi. Həyat yoldaşı Şükür o öləndən sonra Əsli xanımın evini tərk etdi. O Mahruxdan sonra bu evdə yaşamağını təsəvvür edə bilmirdi. Mahruxun ölümündən bir neçə ay sonra Şükür da dünyasını dəyişdi. Mahruxdan sonra onun həyatı mənasını itirmişdi.
 
Əsli Nağıyeva da Mahruxun ölümündən sonra tanınmaz olmuşdu. Sanki həyat eşqi Mahruxla bir çəkilib getmişdi. Mahruxun ölümündən il yarım sonra Əsli də dünyasını dəyişdi.
 
Birinci həyat yoldaşı Ənvər Salmanovla Mahrux bir daha görüşmədi. Ənvər başqa ailə qurdu. Övladları oldu. Mahruxla nigahdan olan xəstə qızı Məlahətin son günədək qayğısını çəkdi. Həmişə giley edirdi ki, Mahrux bir dəfə də olsa gəlib xəstə qızına baş çəkməyib. O haqlı idi. Ənvər Salmanov ölümünə yaxın Mahruxa xəbər göndərıb ki, son dəfə gəlib ona baş çəksin. Son dəfə onu görüb dünyadan getsin. Amma Mahrux getməyib. Bəlkə də belə etməklə günah iş görmüşdü. Ölənin son arzusunu yerinə yetirmək mütləq lazımdır. O hətta sənin düşmənin də olsa belə. O isə bunu etmədi. Kiçik bacısı Tahirə Mahrux dünyasını dəyişdikdən sonra deyirdi ki, onu xəstə qızının bir də ərinin qarğışı tutdu. Çünki o xəstə qızına heç vaxt baş çəkmədi. Əri ölümqabağı onu son dəfə görmək istəyən məqamda da onu gözüyolda qoydu.
 
Mahrux Muradova həyat yoldaşı Şükür Əliyevlə

Feyruz Muradov
Azərbaycan Jurnalistlər İttifaqının üzvü


Xəbər 2430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR