Mağazalardan aldığımız "zəhərlər"

Mağazalardan aldığımız

Dükanlarda açıqda saxlanılan qidalar təhlükə mənbəyidir

Yay zəhərlənmələr fəslidir. Havalar isti keçdiyi üçün yayda bakteriya və mikroorqanizmlərin inkişafı asanlaşır. Əgər qışda qidaları soyuducudan kənarda bir neçə saat saxlamaq mümkün olursa, yayda bütün qidalar soyuducularda və ya tərkibinə uyğun sərin yerlərdə, anbarlarda, rəflərdə saxlanılmalıdır. Əks halda qidalar, sərinləşdirici içkilər, bütün yeyinti məhsulları keyfiyyətini itirir və insan sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir.

Aktual.az xəbər verir ki, qida mühəndisi Samir Quliyev bildirir ki, mağazalarda, marketlərdə bütün qidalar (üzərində saxlanma temperaturu yazılır) tərkibinə görə müəyyən dərəcələrdə saxlanılmalıdır. "Yəni qidanın üzərində "6 dərəcədən aşağı temperaturda saxlanmalıdır" yazılıbsa, o qidanı 10-20 dərəcədə saxlamaq qidanın keyfiyyətini itirməsinə səbəb olur. Bəzən marketlərə süd və süd məhsulları, qatılaşdırılmış süd, şokolad yağları, konservlər və ya yarımfabrikatlar soyuducudan kənar rəflərdə saxlanılır. Elə qidalar var ki, 1-2 saat soyuducudan kənarda saxlanılan kimi keyfiyyətini itirir, onun üzərində mikroorqanizmlər inkişaf etməyə başlayır. Bu da potensial zəhərə çevrilir".

Həmsöhbətimizin sözlərinə görə, bu, təkcə qida məhsullarına deyil, sərinləşdirici içkilərə də aiddir. "Bəzən mağazaların qarşısında üst-üstə yığılmış içki qutuları görürük. Günün altında açıq havada qalmış bütün içkilər tərkibini dəyişir, zəhərlənməyə səbəb olur. Həmin içkilər plastik butulkalarda olduğu halda zəhərlənmə ehtimalı daha da artır".

Quliyev onu da bildirib ki, bütün qidalar qablaşdırılan, daşınan, saxlanılan və satışa buraxılan zaman saxlanma qaydalarına əməl edilməldir. Əks halda, məhsullar keyfiyyətini itirir.

Hüquqşünas Vasif Rzayevin sözlərinə görə, istehlakçı hüquqları "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" qanunla tənzimlənir. Qanunda istehlakçının hüquqlarının qorunması haqqında müddəalar yer alıb. "Qanunun 3-cü maddəsində istehlakçıların hüquqları qeyd edilib. Belə ki, ölkə ərazisində istehlakçılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına, malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmə hüququna malikdir".

Qanunun 13-cü maddəsində qeyd edilir ki, istehlakçının mal, iş, xidmət haqqında məlumat alma hüququ var. Və satıcı bu barədə məlumat verməlidir. "Qanunun 11-ci maddəsinə görə, malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Yəni siz hər hansı bir məhsuldan zəhərlənərsinizsə və bu sübuta yetirilirsə, sizin haqlarınızı tələb etməyə hüququnuz var. 12-ci maddəyə görə isə nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir". (ekspress.az)

 
Xəbər 1067 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR