Ölkəmizə gələn xarici həkimlərə necə inanaq?

Ölkəmizə gələn xarici həkimlərə necə inanaq?

Bu gün televiziya və radio kanallarında bir sıra xəstəliklər üzrə xarici həkim-mütəxəssislərin Azərbaycanda müayinə və əməliyyat keçirəcəyi barədə verilən reklamlara tez-tez rast gəlirik. Bəzən insanlar həmin mütəxəssislərin həqiqətən də mütəxəssis olub-olmamasının fəqrinə varmadan reklam edilən özəl klinikalara və orada çalışan həkimlərə üz tuturlar.

Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik olunub: “Özəl tibb fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən özəl səhiyyə müəssisələri öz profillərindən kənar fəalliyyət göstərə bilməzlər. Qanunvericilikdə eyni zamanda, o da qeyd olunub ki, əgər hər hansı özəl tibb müəssisəsi xarici ölkədən mütəxəssis dəvət edirsə, mütləq öncədən Səhiyyə Nazirliyini məlumatlandırmalı, həmin mütəxəssisin sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməlidir. Nazirliyin o mütəxəssisin peşəkarlığına şübhəsi yoxdursa, onun Azərbaycana gəlməsinə razılıq verə bilər”.

M.Quliyev bildirib ki, ölkəyə gələn həkim Azərbaycan Dövlət Miqrasiya Xidmətində əməkçi miqrant kimi müqavilə bağlamalıdır və həmin müqavilənin şərtlərinə, müddətinə uyğun fəaliyyət göstərməlidir: “Amma təəssüflər olsun ki, Azərbaycanda özəl tibb müəssisələrinin əksəriyyəti başqa yol tutub. Xaricdən həkimləri qonaq kimi dəvət edirlər, o mütəxəssis də Azərbaycana adi turist vizası ilə gəlir və qeyri-rəsmi olaraq özəl tibb müəssisələrində əməliyyatlar edir və ya konsultasiyalar verirlər. Hesab edirəm ki, bu mexanizmlə fəaliyyətin tənzimlənməsi doğru deyil. Çünki həm xəstələrimizin sonrakı taleyi naməlum qalır, həm də o həkimlərin kateqoriyaları və kvalifikasiyaları şübhəli olduğundan, göstərdikləri tibbi xidmət də o qədər keyfiyyətli olmur. Ona görə də istər Səhiyyə Nazirliyi, istərsə də Dövlət Miqrasiya Xidməti bu məsələlərlə bağlı nəzarəti gücləndirməlidirlər. Amma qeyd etməliyəm ki, bu məsələlərdə qanunvericilik baxımından problem yoxdur. Yəni qanuncvericilik tam şəffaf şəkildə göstərir ki, xarici həkimlər hansı halda ölkəyə gələ bilərlər və bu səfərlərin şərtləri nələrdən ibarətdir”.

Qeyd edək ki, artıq bir neçə ildir Səhiyyə Nazirliyində özəl tibb müəssisələrində yoxlamalar aparan Xüsusi Komissiya fəaliyyət göstərir. Bu cür halların qarşısını almaq üçün vətəndaş özü də səy göstərməli və üz tutduğu tibb müəssisəsində həmin həkim haqqında arayış və müqavilə tələb etməlidir. Xəstə həmin tibb müəssisəsi ilə müqavilə bağladıqdan sonra cavabdehlik birbaşa müəssisənin üzərinə düşür.

Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR