Ölkəmizdə qaz istehlakı niyə 4 dəfə çoxdur?

Ölkəmizdə qaz istehlakı niyə 4 dəfə çoxdur?

Bu ilin ilk yarısında Azərbaycanda 18 milyard 177 milyon kub metr mavi qaz hasil edilib. Təbii qazın 29,9 faizi ölkə daxilində istehlak edilib, 56,5 faizi ixrac olunub, 1,5 faizi itkiyə gedib, 12,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi saxlanılıb. Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb.
Aktual.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
O bildirib ki, mavi qazın istifadəsində diqqəti çəkən əsas məqam daxili istehlakın payının müqayisəli şəkildə çox olmasıdır:
"Rəsmi statistikaya əsasən, bu ilin ilk yarısında ölkə daxilində 5 milyard 434 milyon kub metr mavi qaz istehlak olunub. Azərbaycanın yalnız yarım ildə istehlak etdiyi qazın həcmi Serbiyanın illik qaz istehlakından 2 dəfə (əhalisi 8 milyondur – red.), Bolqarıstanın illik istehlakından 64 faiz (əhalisi 7,5 milyondur – red.), İsveçrənin illik istehlakından 62 faiz (əhalisi 9 milyona yaxındır – red.), Norveçin illik istehlakından 17 faiz (5,5 milyondur – red.) çoxdur.
Göründüyü kimi, Azərbaycanda sadəcə yarım illik qaz istehlakı iqtisadiyyatı bizimlə müqayisədə daha böyük olan bir sıra ölkələrin illik istehlakı ilə müqayisədə daha çoxdur. Bu isə o deməkdir ki, daxili istehlakın bu qədər çox olması səbəblərinin ayrıca təhlil edilməsinə ehtiyac var. Təbii ki, burada yaşayış binalarında mərkəzləşdirilmiş istilik sisteminin olmaması kimi obyektiv faktorlar olsa da, başqa səbəblərin də təhlili çox vacibdir.
Digər tərəfdən, daxili istehlakın azaldılması Azərbaycanın ixrac potensialının artırılmasına səbəb ola bilər. Yəni, daxili istehlak nə qədər minimumlaşarsa o qədər çox ixrac etmək və ölkəyə daxil olan valyutanın həcmini artımaq imkanımız olacaq. Deməli, real təhlillərə və eləcə də bu sahədə islahatların genişləndirilməsinə ehtiyac var”.
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR