Qüdrət Həsənquliyev: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsitin 11 faizi icra olunmayıb”
"Büdcənin icrası haqqında qanun layihəsi, əslində büdcənin icrasına dair hesabat bizə imkan verir ki, iqtisadiyyatımızla bağlı bəzi məsələlərə diqqət yetirək. Mənim diqqətimi çəkən o oldu ki, dövlətin nəzarət etdiyi iqtisadiyyatın əsas sahələri, yəni dövlət müəssiələri büdcəyə nə qədər vergi ödəyib, hökumətin təqdim elədiyi layihədə bu öz əksinin tapmasa da, Hesablama Palatasının rəyində bu rəqəmlər var”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasının ilkl plenar iclasında "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili "deməli, hesabat ilində büdcə gəlirləri yuvarlaq 26, 4 milyard manat olub, onun 11 milyard 350 milyonu neft fondundan transfertdir. Yəni gömrük və vergi orqanlarının birgə topladığı gəlirlər 15 milyarddır”,- deyə əlavə edib: "Bu gəlirlərin yalnız 1,6 milyardını dövlət müəssisələri ödəyir. Bir dəfə də hökumətin hesabatlarından birində qeyd olunmuşdu ki, dövlət müəssiələrinin sayı təqribən 4500 civarındadır. Və bizim hökumət də hər zaman fəxrlə söyləyir ki, iqtisadiyatın əsas sahələri dövlətin nəzarətindədir. Belə olduğu halda büdcə gəlirlərinin də əsas hissəsini dövlət müəssisələri ödəməlidir. Amma vergilər xidməti vasitəsi ilə toplanan 8,5 milyard manatın cəmi 1,6 milyardını dövlət müəssisələri ödəyir. Xüsusilə acınacaqlı haldır ki, səhmlərində dövlətin payı olan müəssisələr 168 milyon manat vergi ödəməli idilər, amma 127 milyon manat ödəyiblər. Onun da 120 milyonunu Beynəlxalq Bank, 7 milyonunu digər müəssisələr ödəyib. Bu faktiki olaraq o deməkdir ki, bunlar vergi ödəmirlər. Belə olduğu halda biz soruşuruq ki, niyə bunlar özəlləşdirilmir və yaxud idarəetməyə verilmir? Hər zaman söylənilir ki, bu heç də doğru yol deyil. Yaxşı, doğru yol nədən ibarətdir? O yolu deyin. Yəni doğru yol budur və bu qaydada da davam edəcəkmi? Diqqətimi çəkən başqa bir məqam o oldu ki, büdcə hansı sahələr üzrə aşağı faizlərlə icra olunub. Birinci yerdə elm xərcləri gəlir ,15,6 faiz icra olunmayıb. Biz onsuz da elmə böyük vəsait ayırmırıq. Ayrılan vəsait ümumdaxili məhsulun cəmi 0,2 faizini təşkil edir.
Təqribən 180 milyon vəsait ayrılmışdı, onun 28 milyonu icra olunmayıb. İndi elm xərclərini bəzi inkişaf etmiş ölkələrlə müqayisə eləyirəm, hökumət gələn ilin büdcəsini hazırlayır, onların diqqətinə çatdırmaq istəyirəm. Baxın, Yaponiyada ümumdaxili məhsulun 3,2%-i, İsraildə 4,94%-i, Belçikada 2,77%-i, Finlandiyada 2,76%-i, Fransada 2,19%-i və Almaniyada 3,3%-i və s. elmə ayrılır. Bizdə də soruşurlar ki, niyə müasir silahları İsraildən alırıq? Ona görə ki, İsrail bizdən 20 dəfə artıq elmə pul ayırır. Ona görə elmə pul ayırmaq lazımdır. Bu il Müstəqillik Günü xüsusi təntənə ilə qeyd olundu. Müstəqillik günü həm də Teknofest festivalı keçirildi, qardaş Respublikanın Prezidenti Ərdoğan Azərbaycana səfərə gəldi. Bu həm də elm bayramı idi. Elmə pul ayırmadan elmi inkişaf elətdirmək mümkün deyil. Bu məni həqiqətən də, ciddi şəkildə narahat elədi. İkinci bir məsələ, bu da hamını narahat edən məsələdir. Hamımız bilirik ki, ölkədə yoxsulların sayı artır”.
Millət vəkili əlavə edib ki, ikinci ən az icra olunan sahə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu nazirliyə ayrılan vəsitin 11 faizi, yəni 168 milyonu xərclənməyib: "Bu da nə ilə əlaqədardır? Sosial ödənişlər üzrə xərclərin az icrası qeyri-qanuni təyinatların qarçısının alınması və bəzi təyinatların ləğv edilməsi, sənədlərin vaxtında təqdim edilməməsi və s. Olmazdı ki, biz yoxsul insanların gəlirlərinin hesablanması meyarlarını dəyişdirərdik, yaxud minimum ehtiyac meyarının məbləği artırılardı və büdcədən ayrılmış vəsait yoxsul insanlara verilərdi. Və məni narahat edən budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi artıq beşinci ildir ki, işləyir. Yeni nazir təyin olunandan dərhal sonra yoxlamalara başladı. Ən çoxu 6 ay ərzində bu qeyri-qanuni məsələlərə son qoyulmalı idi. Amma hər il bu qədər vəsait kəsilirsə, deməli, iş təşkil oluna bilmir, düzgün qurulmur. Yaxşı olardı ki, ora bir vətən müharibəsi əlili təyin olunsun. Yoxsulluğu, kasıbçılığı görmüş, onun nə olduğunu hiss eləmiş biri təyin olunsaydı bu gün baş verənlər yaşanmazdı, bundan hökumət də, xalqımız da faydalanırdı. Və sonda, üçüncü ən az icra olunan sahə - bu da mədəniyyət, incəsənət və bu qəbildən olan digər fəaliyyət xərcərinə ayrılmış 411 milyonun 9.5%-nin xərclənməməsidir. Ayrılan vəsaitin cəmi 90,5 % -i xərclənib. Biz görürük ki, icra bütün digər sahələrdə, məsələn meliorasiya, güc strukturlarında hamısı 97, 98, 99%-dir.
Hökumət mədəniyyət, incəsənət, bədən tərbiyəsi, gənclər siyasətinə, bu sahədə fəaliyyət göstərən ziyalılarımıza, mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət yetirməlidir”.
Xəbər 1436 dəfə oxunub.