Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri hələ də bu ölkə mətbuatının əsas müzakirə mövzusudur.
Ötən gün “Aykakan Jamank” qəzeti rusiyalı diplomatın İrəvan səfərinin pərdəarxasında Dağlıq Qarabağ probleminin durduğunu iddia edib.
Qəzetin yazdığı xəbərə görə, Rusiya Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycana geri qaytarılması ilə bağlı gizli prosesə başlayıb.
Rəhbərlikdə təmsil olunan mənbələrin sözlərinə görə, Rusiya Ermənistanı bir neçə rayonu Azərbaycana qaytarmağa inandırmağa çalışır. Bunun nəticəsində rəsmi Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olacağına ümid edir.
Qəzet iddia edir, əgər Azərbaycan Aİİ-yə üzvlük barədə qərar versə, onda Rusiya bu ölkəyə Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytaracağına dair zəmanət verir.
Rusiyanın “Komersant” qəzeti də Lavrovun səfərinə dair yeni və ilginc faktlarla çıxış edib. Danışıqlar prosesinə yaxın mənbələrdən qəzetə daxil olan informasiyada qeyd olunur ki, hazırda müzakirə olunan nizamnaməyə əsasən Ermənistan Laçın dəhlizi və başqa bir rayon istisna olmaqla, Dağlıq Qarabağ ətrafında olan ərazilərin böyük bir hissəsini Azərbaycana qaytarır.
Qəzet iddia edir ki, bunun qarşılığında Bakı Stepanakertin (Xankəndi-red) müstəqilliyini tanımasa da, üzərinə problemin sülh yolu ilə həll olunacağına dair öhdəlik götürür.
“Kommersant” qəzetinin bildirdiyinə görə, regionda sabitliyin qarantı kimi isə NATO və ya KTMT sülhməramlıları yerləşdirilə bilər.
Rusiya KİV-lərində dərc olunan digər xəbərlərə əsaəs Lavrov İrəvan səfəri zamanı Ermənistan rəhbərliyini Qarabağ ətrafı rayonların Azərbaycana geri qaytarılması məsələsini razılaşdırıb.