Hər bir insan doğulur, yaşayır və əbədiyyətə qovuşur. Lakin çox az insan sadəcə, yaxınları tərəfindən deyil, böyük xalqı, çoxsaylı kütlə tərəfindən xatırlanaraq, ehtiramla yad edilir. Belə qismət çox az adama nəsib olur. O insanlara ki, işlərinə, sənətlərinə, ürəklərini, fikirlərini, bütün xəyallarını və arzularını bağlayırlar. Məhz o insanlar, dövrlər, illər keçsə də, xatırlanaraq yad edilirlər. Onlardan biri də kapitan İsmayılov Elçin Mübariz oğludur.
Xüsusi Təyinatlı Qüvvələrin Zabiti, qərargah rəisin müavini, kəşfiyyatçı, Döyüşü idarə edən komandir şəhid kapitan İsmayılov Elçin Mübariz oğlu 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub. Elçin 1995-ci ildə Ucar rayonunda 1 saylı orta məktəbə gedib və 2006-ci ildə həmin məktəbi bitirərək Heydər Əliyev adına Azərvaycan Ali Hərbi Məktəbinə qəbul olub. O, uşaqlıqdan öz Vətənini, Bayrağını hər şeydən üstün tutur, çox sevirdi. Məhz buna görə də öz karyerasını hərbə bağlayıb.
Elçin Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan deyirdi ki, bir gün mən sizin qisasınızı alacam! Və dediyi kimi də oldu, onların qisasını aldı.
O, 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi motoatıcı tağım komandiri vəzifəsi üzrə bitirib. Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə Zabitlərin təkmilləşdirmə kursunda dinləyici vəzifəsində xidmət etmək üçün göndərilib və oranı "Əla" nəticə ilə tamamlayıb. 2011-ci il iyul ayının 24-də Ağcabədi rayonun "N” saylı hərbi hissənin V motoatıcı taboruna tağım komandiri kimi xidmətə yollanıb. Həmin hərbi hissədə bir müddət işlədikdən sonra könüllü olaraq 2011-ci ilin noyabr ayında 2012-ci ilin aprel ayının sonuna qədər Xüsusi Təyinatlı Qüvvələrə öz adını yazdırıb. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsindən 300 nəfərdən 19 nəfər uğurla keçib və həmin 19 nəfərin daxilində İsmayılov Elçin də vardı. Xüsusi Təyinatlı Qüvvələrə daxil olduqdan sonra dəfələrlə Turkiyədə hərbi təlimlərdə iştirak edərək bütün imtahanlardan uğurla keçib, Fəxri Fərman və medallarla mükafatlandırılıb.
2012-ci ilin iyul ayının 8-də "052” saylı hərbi hissəyə qrup komandirinin müavini, 2014-cü ilin mart ayında isə "052” saylı hərbi hissədə xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmət edib.
2012-ci ilin oktyabr ayının 7-də Şəhidimiz Elçin ailə həyatı qurub. Ömər və Mübariz adlı iki oğlu var.
Qəhrəman hərbçimiz 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətindəki döyüşlərdə, 2016-ci ildə isə Talış kəndi istiqamətində gedən döyüşdə (Aprel döyüşlərində) fəal iştirak edib.
Uzun müddətli təlimlərdən və hazırlıqlardan sonra 2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə Vətən Müharibəsində döyüş komandiri olmuşdur. İlk olaraq Murov dağ zirvəsinin fəthində fəal iştirak edir. Daha sonra Cəbrayıl rayonu işğaldan azad edilməsində iştirak edib.
Təkbətək döyüşdə Ermənistan Silahlı Qüvvələrinin 23 yüksək rütbəli zabitini tək başına, ümumilikdə isə 200-dən çox erməni hərbiçisini və çox sayda döyüş texnikasını məhv edib.
Qəhrəmanımız məhz toy gününə təsadüf edən tarixdə - 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə silahdaş yoldaşlarını, idarə etdiyi qrupu xilas edərək özü snayper gülləsinə tuş gələrək Qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb. 8 oktyabr Ucar rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhid Kapitan Elçin İsmayılov ölümündən sonra müharibə zamanı göstərdiyi qəhrəmanlığına görə "Vətən uğrunda”, Cəbrayılın, Kəlbəcərin işğaldan azad edilməsi uğrunda əməliyyatlarda igidlik və şücaət nümayiş etdiyinə görə "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Xəbər 1364 dəfə oxunub.