İraq hökuməti iranlı zəvvarları ölkəyə buraxmır

İraq hökuməti iranlı zəvvarları ölkəyə buraxmır
  • DÜNYA

İraq hökuməti noyabrın 17-də səhər tezdən İran sərhədindəki Mehran sərhəd-buraxılış məntəqəsini bağlayıb.

Aktual.az-ın APA-nın Tehran bürosuna istinadən verdiyi məlumatına görə, İraq hökuməti viza almadan bu ölkəyə keçmək istəyən zəvvarların çoxluq təşkil etdiyini və qanunsuz olaraq İraqa keçmək istəyən zəvvarların geri qaytarılmasını tələb edib. 

Artıq 100 min nəfərə yaxın iranlı zəvvar buraxılış məntəqəsində qeyri-müəyyən vəziyyətdə qalıb. İran rəsmiləri insanları geri qayıtmağa çağırsa da, orada toplaşanlar dönmək istəmir və İraq torpaqlarına keçmək üçün yaranmış problemin aradan qaldırılmasını tələb edirlər. İranın Qırmızı Aypara Cəmiyyəti sərhədə yaxın bölgədə insanların məskunlaşması üçün çadırlar qurub. 

Hazırda Mehran sərhədini keçə bilməyən və vizası olan iranlı zəvvarlar Çəzabə sərhəd-buraxılış məntəqəsinə aparılır və oradan Kərbəlaya yola salınır. İran rəsmiləri bildiriblər ki, Mehran sərhəd-buraxılış məntəqəsi Ərbəin gününə kimi (20 noyabr) bağlı olacaq. 

Ərbəin zəvvarlarının işi üzrə təşkil olunmuş qərargah elan edib ki, cari ildə Mehran sərhəd-buraxılış məntəqəsi vasitəsilə İraqa qanunsuz olaraq 600 iranlı keçib və onlar İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq İran tərəfinə təhvil verilib. Bu il 2,5 milyon iranlı zəvvar Ərbəin ziyarəti üçün İraqa səfər edib ki, bu, ötən illə müqayisədə 500 min nəfər çoxdur. 

Qeyd edək ki, İran və İraq arasında 3 sərhəd-buraxılış məntəqəsi (Mehran, Şələmçə, Çəzabə) var. Mehran sərhəd-buraxılış məntəqəsi İraqın müqəddəs ziyarətgahlar olan şəhərlərinə yaxın olduğu üçün bu buraxılış məntəqəsindən gediş-gəliş daha çoxdur.

 

 

Aktual.az-

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR