İntiharın eşiyindən dönüb dünya şöhrətli idmançıya çevrilən Aytəkinin tarixçəsi - FOTOLAR

İntiharın eşiyindən dönüb dünya şöhrətli idmançıya çevrilən Aytəkinin tarixçəsi - FOTOLAR

Səkkiz yaşından yerimə qabiliyyətini itirən, intiharın bir addimlığından dünya reytinqində top 22 ən güclü idmançı sıralarına qədər yüksələn Aytəkin Həsənova və onun kimi həyat sınağından keçmiş insanlarımızı, idmançılarımızı cəmiyyətimiz tanımalıdır. Çətinliklərə sinə gərib, həyata gülümsəyən bu qəhrəmanlar cəmiyyətimiz üçün də örnək olmalıdır. 

Əlil arabasında qılıncoynatmada iki dəfə Federasiya kubokunun sahibi, Beynəlxalq Qafqaz kubokunun bürünc mükafatçısı Aytəkin Həsənovanın həyat  hekayəsini öz dilindən təqdim edirik:

"1994-cü ildə Zaqatalada anadan olumuşam. Ailədə bir qardaş, bir bacı olumuşuq. 8 yaşımda 2-ci sinifdə oxuyarkən, məktəbə gedəndə "Kamaz” avtomobili məni vurdu. "Kamaz” məni fırladıb təkərin altına saldı. Paltarım da təkərə ilişdiyinə görə maşın məni sürüdü. 

Xəstəxanaya yerləşdirdilər. Partladığı üçün dalağımı çıxartdılar. Onurğa sütunum zədələnmişdi deyə, daha yeriyə bilmədim. Uşaqların oynadığını görəndə bədbinliyə qapılırdım. Amma bunu ətrafimdakılara bildirmirdim. Qardaşım dayağım idi. Təəssüf ki, əsgərlikdən döndükdən sonra özünü asaraq intihar etdi. Bundan sonra daha çox pessimizmə qapıldım. Bu zaman valideynlərimin çəkdiyi əzab və iztirabları görüb onlara dəstək olmaq istədim. Lakin tərəddüd içindəydim. Mən də qardaşımın etdiyini etmək istədim. Çünki bir tərəfdən əngəlli olmağım, digər tərəfdən valideynlərimin qardaşım üçün çəkdikləri əzab məni çox üzürdü. İntihar haqqında çox düşündüm. Ancaq sonra nə qədər yanlış hərəkət olduğunu dərk etdim. Düşündüm ki, axı ailəmi, sevdiklərimi necə buraxaram, əsas da Allahın verdiyi əmanəti, yəni canımı özüm necə ala bilərəm? Bunun günahını ödəmək çox ağır olar. 

Bundan sonra 1 saylı gənc əlillərin peşə və reabilitasiya mərkəzinə getdim. Orada dərzilik kursuna yazıldım, bu sənəti öyrəndim. Kursda olduğum müddətdə mərkəzin kollektivinin gülərüzlüyü və mehribanlığı məni həyata bağlayan amillərdən biri oldu. Üç aylıq kursu bitirdikdən sonra evə qayıtdım. Yenidən pessimizmə yuvarlanırdım ki, bu vaxt Əlil arabasında qılıncoynatma idmanı haqqında məlumat aldım. Zaqataladan zəng edib baş məşqçi Asəf Məlikovla danışdım və məşğul olmaq istəyimi bildirdim. Beləliklə idmana başladım və həyat mənim üzümə yenidən güldü. 

Həyat yoldaşimla da orada tanış oldum və indi ikimiz də qılıncoyantma ilə məşğul oluruq. İdman məni yenidən həyata bağladı. Kollektivimiz o qədər mehriban və sevgi doldudur ki, onlarla olanda, məşq edəndə əylənirik, bu da bizi həyata yenidən bağlayır. İki dəfə Federasiya kubokunu qazanmışam, Beynəlxalq Qafqaz kubokunun bürünc mükafatçısıyam. Hazırda Dünya reytinqində top 22 ən güclü idmançılar sırasındayam. Dünya reytinqində top 25 idmançı Tokyo-2021 Paralimpiya oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya turnirinə şans qazanır. Əngəlli olmağıma baxmayaraq, Azərbaycanı dünya arenasında layiqincə təmsil etmək şəxsi sevincdən əlavə, valideynlərimi də qürurlandırmaqdan daha da iftixar hissi keçirirəm”.

Mənbə: Qaynarinfo.az
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR