Mənim nənəm...
İnsan sevdiyindən ayrı yaşaya bilər amma... paylaşa biməz..!
(Qənirə Paşayeva)
Babam nənəmə dəlicəsinə aşiq olub. Hətta o qədər dəlicəsinə ki, evli və iki uşaq atası olmasına baxmayaraq, onu – nənəmi qaçırıb. Nənəm o zaman çox gənc və dünyalar gözəli imiş. Babam da bölgənin ən yaraşıqlı kişilərindən biri. (– Necə deyərlər, onların – bir yaraşıqlı dəliqanlı ilə bir dünyalar gözəlinin yolu hardasa kəsişməzdimi?!.)
Eşqi o qədər güclü olub ki, babamın... nə ailəsi, nə övladı, nə də toplumdakı nüfuzuna ciddi zərər gələcəyi qorxusu sevdasından əlçəkməsinə səbəb ola bilməyib. Bu hekayənin ən günahsız insanı hər şeydən xəbərsiz nənəm isə bir gün qəfildən ba¬bam tərəfindən qaçırılıldığında acı bir gerçəklə üz-üzə idi: ba¬bamın ailəsi və iki övladı var idi..! Amma ondan daha dəhşətli gerçək nənəmin də qısa zamanda babama dəlicəsinə aşiq olması idi. Uzun sözün qısası, babam nənəmlə evlənir və birgə ailə həyatına başlayırlar... amma babamın başqa bir yerdə yaşayan ilk həyat yoldaşı və övladları nənəmin vicdanını rahat buraxmır, təbii... Babam ailəsinə yaxşı baxsa da, uşaqların atasından qıraqda qal¬masına nənəmin vicdanı yol vermirmiş və sonda o həyatının ən böyük yanlış və ən böyük doğru qərarını alır..! – Babamın birinci həyat yoldaşı və övladlarının da onlarla birlikdə yaşamasına razı olur. Birlikdə yaşamağa başlayırlar və o aralar anam doğulur. Amma bu birlikdə yaşamaq uzun sürmür, qısa zaman sonra bir gün nənəm paltarlarını toplayıb qızını da götürüb köçür atasının yurduna... Babam dəli kimi olur, onun üçün sevdiyi qadından ayrılmaq faciənin ta özü idi... – Qərarlı nənəm bir daha o evə dönmür.
Gözəlliyinə baxmayaraq, bir daha heç kimsəni sevmir, ərə getmir, sevgisinə xəyanət etmir... Balaca idim və onların ayrı yaşamasını istəmirdim – uşaq qısqanclığı ilə... Bir dəfə, “babamı hələ də se-virsənmi?” deyə sual etmişdim... – Eləcə üzümə baxmışdı... – gözlərinin dərinliyində gizlənənləri indi daha yaxşı anlaya bilirəm.
Babam öləndə yasa gəldi... Hamı diqqətlə ona baxırdı. Nə edə-cək? – deyə... Bir qıraqda oturdu... arabir cənazəyə doğru baxırdı... sevdiyiylə doğru-düzgün halallaşa da bilmirdi. Mən isə babamın cənazəsi yanında oturub gözüyaşlı ona baxırdım.
Dəhşətli bir mənzərə idi. O sevdiyi insanı doyunca ağlaya bilmək, son dəfə ona sarıla bilmək, bilmirəm, bəlkə də illərlə ürəyində gəzdirdiyi son sözləri ona pıçıldamaqdan, hayqırmaqdan belə məhrum idi... Ən ağır onun acısı idi... amma gəlmişdi... Demək, sevdiyin insanı qara torpaqla paylaşmaq başqa biri ilə paylaşmaqdan daha asan imiş... Sual vermirdim... Yaraları o günkü kimi təzə idi... Sadəcə içindəki sevgi boşluğunu doldurmaq istəyirdim uşaq nəvazişləri ilə... Onu doyunca öpdüm amma içimdə mənə rahatlıq verməyən sualı təkrar verdim: “Niyə getdin, niyə ayrıldın?” dedim... “Paylaşa bilmədim” dedi – qısa və konkret..!
İnsan sevdiyindən ayrı yaşaya bilər amma onu paylaşa biməz... Nənəm dünyasını dəyişəndə... “onu da babamın yanında basdıraq” demək istədim. Babamın yanında nənəmdən öncə rəhmətə getmiş o biri nənəm dəfn edilmişdi... – xatıladım və ürəyimdən keçənləri heç kimə demədim. Çünki belə bir vəsiyyət etməmişdi. Etməzdi də..! Orda da dözə bilməzdi... Paylaşa bilməzdi... Ayrıca dəfn etdik... Bütün böyük sevgilərdə olduğu kimi...
Şair demiş,
“AYRILIQLAR DA SEVGİYƏ DAXİLDİR..!”