Tədbirdə Türkiyənin 50 şəhərində təhsil alan 100-dək tələbə iştirak edib
İstanbul şəhərində Grand Cevahir Hotelində INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin bu ilin yekunlarına dair hesabat konfransı keçirilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, konfransda Türkiyənin 50 şəhərində təhsil alan 100 tələbə, eləcə də İstanbulun müxtəlif universitetlərində təhsil alan 50-yə yaxın tələbə iştirak edib.
Konfransın açılışında çıxış edən INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin sədri Rəşad Abdullayev təşkilatın quruluşu və fəaliyyəti ilə bağlı məlumat verərək gənclərin şəxsi inkişafına və karyera yüksəlişinə töhfə verən layihələrin davamlı olacağını və hər zaman azərbaycanlı tələbələrə dəstək verəcəklərini qeyd edib.
INDEX-in fəaliyyətinin Prezident İlham Əliyevin "Qara qızılın insan kapitalına çevrilməsi" strategiyasına söykəndiyini bildirən Rəşad Abdullayev gələcək fəaliyyətlərinin də bu istiqamətdə olacağını səsləndirib.
Daha sonra INDEX-in Layihə Koordinatoru Toğrul Məhiyev və Bölgələr üzrə koordinatoru Əli Məmmədov öz növbələrində bu il görülən işlər və gələcək üçün nəzərdə tutulan layihələr, təcrübə proqramları, əməkdaşlıq edilən qurum və şirkətlər haqqında məlumat veriblər.
Çıxışın sonunda görülən işlərlə bağlı qısa video çarx təqdim olunub.
Azərbaycanın İstanbuldakı Baş konsulluğunun əməkdaşı Kənan Murtuzov baş konsul Həsən Zeynalovun salam və ən xoş arzularını çatdıraraq, INDEX-in təşkilatçılığı ilə keçirilən tədbirlərə böyük əhəmiyyət verdiklərini və bütün bu tədbirlərin, təcrübə proqramlarının gənclərimizin inkişafında, iş həyatlarında və gələcəyə yönəlik hədəflərinə daha sağlam addımlarla irəliləmələrində böyük rolu olduğunu vurğulayaraq təşəkkürünü bildirib.
Bununla yanaşı, o, tədbirdə iştirak edən gənclərə tövsiyələr verərək onlara ictimai həyatda daha aktiv olmağa, liderlik keyfiyyətlərini inkişaf etdirməyə çağıraraq Qarabağ problemimizin aktual olduğu müddətdə daha güclü olmağa ehtiyacın olduğunu xatırladıb. Həmçinin, tarixi və dövlət əhəmiyyətli günlərin keçirilməsinin vacibliyindən bəhs edərək INDEX-in bu istiqamətdə keçirdiyi tədbirlərin təqdirə layiq olduğunu bildirib.
Eskişehir Azərbaycan Dərnəyinin sədri Cavid Məmmədov dekabrın 9-da Eskişehirdə keçiriləcək "Azərbaycan Gənclik Qurultayı" haqqında ətraflı məlumat verərək qurultayın əhəmiyyətini vurğulayıb.
Türkiyə Barolar Birliyinin üzvü Səidə Ekmən çıxış edərək görülən işlərlə bağlı müsbət fikirlərini paylaşıb, eləcə də Türkiyənin Bolu şəhərində salınan Qarabağ Parkının açılışına INDEX kollektivini və bütün tələbələri dəvət edib.
Sonda isə Kahramanmaraş, Balıkesir ve Samsun şəhər tələbə təmsilçiləri çıxış edərək öz təkliflərini irəli sürüb və bu kimi tədbirlərin Türkiyədə təhsil alan tələbələrimiz üçün vacibliyini vurğulayıblar.