Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Aktual.az Trend-ə istinadən xəbər verir. Başsağlığında deyilir: "Xəzər dənizindəki neft platformasında yanğın zamanı insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.
Həlak olanların doğmalarının və yaxınlarının kədərinə şərik olduğumuzu bildirir, onlara səbr diləyirik".
X X X
Tacikistan Prezidenti Emoməli Rəhmondan: "Xəzər dənizinin “Günəşli” yatağındakı neft platformasında insan tələfatı ilə nəticələnmiş yanğın haqqında xəbər məni dərindən kədərləndirdi.
Cənab Prezident, xahiş edirəm, həlak olanların doğmalarına və yaxınlarına Tacikistan Respublikasının xalqı və Hökuməti adından dərin hüznlə başsağlığı verdiyimizi, dərdlərinə şərik olduğumuzu bildirin".
X X X
Qırğızıstan Prezidenti Almazbek Atambayevdən: "Günəşli" yatağındakı platformada baş vermiş faciə ilə əlaqədar Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumuzu bildirir, xəsarət alanların hamısının tezliklə sağalmasını diləyirik".
X X X
Monteneqro Prezidenti Filip Vuyanoviçdən: "Günəşli" yatağındakı platformada yanğın nəticəsində çoxlu sayda insanın həyatını itirməsi ilə əlaqədar Monteneqro xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Monteneqro xalqı bu ağır günlərdə Azərbaycan xalqının kədərini bölüşür.
Cənab Prezident, faciə qurbanlarının ailələrinə də başsağlığımızın çatdırılmasını xahiş edirəm. Qoy, bilsinlər ki, biz də onların kədərinə şərikik.
Möhtərəm Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Draqan Çoviçdən: "Xəzər dənizinin Azərbaycana aid sularında yerləşən neft platformasında baş vermiş faciəli yanğın hadisəsindən çox məyus olduq.
Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan xalqına və Sizə dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri, həlak olanların ailələrinə də başsağlığımızı və kədərimizi çatdırmağınızı xahiş edirik. Bu hüznlü vaxtda bizim düşüncələrimiz və dualarımız onlarla birlikdədir.
Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq Prezidenti (1999-2007-ci illər) Vayra Vike-Frayberqadan və Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmayil Serageldindən: "Günəşli" yatağındakı neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından dərin hüznlə başsağlığımızı qəbul edin.
Həlak olanların doğmalarının və yaxınlarının kədərinə şərik olduğumuzu bildirir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq".
X X X
Tatarıstan Prezidenti Rüstəm Minnixanovdan: "Günəşli" yatağındakı neft platformasında qəza nəticəsində insan tələfatı ilə əlaqədar, Tatarıstan Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Sizin dərdinizə şərik olduğumuzu bildirir, həlak olanların doğmalarına və yaxınlarına təsəlli sözlərimizi, bu dəhşətli faciədə xəsarət alanların tezliklə sağalması arzularımızı onlara çatdırmağınızı xahiş edirik".
X X X
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən: "Xəzər dənizindəki 10 saylı platformada çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciəli hadisələrlə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.
Həlak olanların doğmalarına və yaxınlarına bütün Həştərxan sakinləri adından onların dərdlərinə şərik olduğumuzu bildiririk.
Sizinlə bərabər biz də dərin kədər içindəyik".
X X X
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr mavini İlyas Umaxanovdan: "Xəzər dənizindəki “Günəşli” yatağının 10 nömrəli platformasında çoxsaylı insan tələfatı ilə nəticələnmiş qəza ilə əlaqədar, Sizə dərin hüznlə başsağlığı verirəm.
Həlak olmuş və itkin düşmüş neftçilərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm".
X X X
BP şirkətinin prezidenti Bob Dadlidən: "Günəşli" yatağındakı neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar bp şirkəti adından dərin hüznlə başsağlığımızı qəbul edin.
Sizə və Azərbaycan xalqına dərindən kədərləndiyimizi bildirir, bütün xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik.
Bu çətin vaxtda bp daimi və tam dəstək göstərərək SOCAR-la birgə olduğunu bəyan edir.
Həlak olan işçilərin ailələrinə səbr diləyirik".
X X X
İsrail Dövlətinin Akko şəhərinin meri Şimon Lankridən: "Günəşli" neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.
Azərbaycan xalqının bu hüznlü və kədərli anında İsrail Dövləti, İsrail xalqı, İsrailin Akko şəhərinin meriyası, bu şəhərdə yaşayan çoxsaylı azərbaycanlı icması, habelə öz ailəm adından Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə və yaxınlarının kədərinə şərik olduğumu bildirmək istəyirəm.
Bu dəhşətli faciəni mən şəxsi kədərim və itkim kimi qəbul etdim. Biz bu ağır günlərdə Azərbaycan xalqı ilə bir yerdəyik.
Azərbaycan, başın sağ olsun, Allah ölənlərə rəhmət eləsin".
X X X
RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevdən: "Xəzər dənizinin “Günəşli” yatağındakı platformada baş vermiş faciəli hadisələr barədə xəbər bizi sarsıtdı. İcazə verin, Sizə və Azərbaycan Respublikasının bütün xalqına dərin hüznlə başsağlığı verək. Həlak olanların ailələrinin kədərinə şərik olduğumuzu bildirir, onlara səbir diləyirik. Bu itki təkcə həlak olanların doğmaları və yaxınları üçün deyil, bizim hamımız üçün əvəzsiz itkidir. Bu ağır günlərdə biz rusiyalılar da azərbaycanlı dostlarımızın yanındayıq. Qəza nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirik".
X X X
TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan: "Xəzər dənizinin “Günəşli” yatağındakı neft platformasında baş verən dəhşətli qəzadan dərin üzüntü duyduğumu, Zati-alinizin və Azərbaycan xalqının kədərini ən dərin hisslərlə bölüşdüyümü bildirmək istəyirəm.
Azərbaycan xalqının birlik və bərabərliyi ilə bu günləri də geridə qoyacağına olan inamımla, TÜRKSOY-a üzv olan ölkələrin mədəniyyət nazirləri adından və şəxsən öz adımdan qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir, bütün türk dünyasını kədərləndirən bu hadisənin bir daha yaşanmamasını arzu edirəm".
X X X
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovdan: "Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan “Günəşli” neft platformasında baş vermiş faciə nəticəsində həyatlarını itirən işçilərin ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin".
X X X
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan: “Günəşli” yatağındakı neft hasilatı platformasında yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.
Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyimi bildirir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm".
Aktual.az