İlham Əliyev park-bulvarda olub

İlham Əliyev park-bulvarda olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, parkın inşasına 2015-ci ildə başlanılıb. Tikinti işləri ilin sonunda başa çatdırılıb. Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü 5 metr olan “Gəncliyin qanadları” abidəsi ucaldılıb.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncəyə səfəri çərçivəsində 35/6 kV-luq “Nizami” yarımstansiyasının açılışında iştirak edib. Məlumat verildi ki, Gəncənin böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 35 kV-luq elektrik şəbəkələri ilə əlaqələndirilməsi məqsədilə 35/6 kV-luq “Üzgüçülük” yarımstansiyanın yerində müasir tipli tam qapalı 35/6 kV-luq 2x10 MVA gücündə yeni “Nizami” yarımstansiyası tikilib. Yarımstansiyanın tikintisinə 2015-ci ilin aprelində başlanılıb. Yeni yarımstansiya 6 mindən çox abonentin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6 kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6 kilovoltluq Almaniya istehsalı olan avadanlıq quraşdırılıb.

Burada həm də Gəncə Şəhər Elektrik Şəbəkəsinin inzibati binası yerləşir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb. Yarımstansiyada və inzibati binada 80-ə yaxın işçi çalışacaq.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd olundu ki, yeni yarımstansiya şəhərin mərkəzi hissəsində mövcud elektrik yüklərinin, eləcə də perspektivdə on il ərzində yaranacaq yüklərin qarşılanmasını təmin edəcək. Yeni yarımstansiya şəhərin ən mühüm obyektlərini və 2300-dən çox olan əhali sektorunu elektrik enerjisi ilə təmin edəcək. Yarımstansiyanın tikintisi və Gəncə şəhərində 3 ədəd 110 kV-luq “Az.KTA”, “Gəncə-1” və “Bağmanlar” yarımstansiyaları arası 35 kV-luq elektrik şəbəkələri vasitəsi ilə əlaqələndirilməsi 35 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılmasına səbəb olub. Bu da öz növbəsində şəhərin mərkəzi hissəsinin elektrik təchizatının dayanıqlılığını və etibarlılığını təmin edəcək. Yarımstansiya müasir standartlara cavab verən avadanlıq, eleqaz və vakkuum tipli açarlarla təchiz edilməsi ilə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yarımstansiyada xaricdə və yerli müəssisələrdə istehsal olunan elektrik avadanlığı, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi, respublikada istehsal olunmuş güc transformatorları quraşdırılıb. Burada şəbəkə işçiləri və növbətçi heyət üçün müvafiq otaqlar inşa edilib, yanğına qarşı xəbərdarlıq sistemi, yanğından mühafizə hovuzları yaradılıb. Gəncənin qədim şəhərsalma ənənəsinə uyğun olaraq tikilən yarımstansiyanın birinci mərtəbəsi kərpicdən olmaqla xüsusi memarlıq üslubunda inşa edilib. İnşaat işləri zamanı 900 metr uzunluğunda asfalt yol salınıb, ətraf abadlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb.

Diqqətə çatdırıldı ki, regionda gedən yenidənqurma işlərinə uyğun olaraq, müvafiq şəbəkədə çalışan kadrların təkmilləşdirilməsi, onların ixtisasının artırılması və yenidən hazırlanması üzrə fəaliyyəti təmin etmək məqsədilə Gəncədə yeni tikilmiş “Nizami” yarımstansiyasında “Azərişıq” ASC-nin Qərb Regional Tədris Mərkəzi yaradılıb. Mərkəzdə 6/0,4 kV-luq paylayıcı sistem, rele mühafizəsi və avtomatika, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, uçota nəzarət sayğaclarının test və idarəetmə sistemləri, kabel armaturlarının quraşdırılması, istismarı və təmiri, elektrik avadanlığının sınağı və diaqnostikası, digər təcrübə bölmələri var. Tədris Mərkəzi elektroenergetikanın 20-dən artıq müxtəlif ixtisas sahələrini əhatə edən yeni dərs vəsaitləri, eləcə də şəbəkəyə tətbiq olunan müasir avadanlığın xarakteristikası və iş prinsipi üzrə metodik praktikumlarla təmin olunub. Yeni yaradılan Tədris Mərkəzindən qərb regionu ilə yanaşı, şimal-qərb və Mərkəzi Aran regionlarının əməkdaşları da yararlana biləcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısı 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu.

Məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın fasadında Azərbaycanın musiqi korifeylərinin heykəlləri qoyulacaq.

Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR