Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda “Çay evi” tədris mərkəzi ilə tanış olublar.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, Dövlət başçılarına məlumat verildi ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Marneuli rayonunda istifadəyə verilən “Çay evi” tədris mərkəzinin binası müasir memarlıq üslubunda inşa olunub. Tədris mərkəzində il ərzində Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından olan gənclərə gürcü, ingilis və fransız dilləri pulsuz tədris edilir. Burada, həmçinin şahmat kursları, rəqs dərnəyi və xalçaçılıq kimi qədim milli sənətimizin sirləri öyrədilir.
Qeyd edildi ki, layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi və Marneuli Gənclər Mərkəzi arasında bağlanmış memoranduma əsasən həyata keçirilib. Üç mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Burada Azərbaycan mətbəxinin təbliğinə də mühüm önəm verilir. Mərkəzdəki “Muğam” restoranında milli mətbəximizin təamları təqdim edilir.
Bildirildi ki, “Çay evi” memarlıq layihəsi 2013-cü ildə Londonda keçirilən və Avropanın nüfuzlu beynəlxalq qurumu olan “European Property Awards”ın təsis etdiyi “Sosial memarlıq” nominasiyasında qalib gələrək birinci yerə layiq görülüb.
“Çay evi” tədris mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdülər.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Sonra Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Marneulidə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, iş adamı İspəndiyar Məmmədov və sahibkar Heydər Musayev çıxış etdilər.
Sonda xatirə şəkli çəkdirildi.
Aktual.az