"Bakı kimi müasir, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, buna nail olmaq üçün iqtisadi potensial lazımdır: "Son illər ərzində apardığımız iqtisadi islahatlar, düşünülmüş siyasət nəticəsində iqtisadi imkanlarımızı böyük dərəcədə artıra bilmişik".
Prezident İ.Əliyevin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında bir nümunə kimi göstərilir: "Hətta böhranlı illərdə də iqtisadiyyatımız artır, bu il də artacaq. Bizim kifayət qədər maliyyə resurslarımız var və onlardan qənaətlə istifadə edirik. Ölkəyə, xalqa lazım olan bu kimi layihələrə yönəldirik.
Əlbəttə, iqtisadi inkişaf gələcəkdə də bizə imkan verəcək ki, bu günə qədər hələ də həllini tapmamış layihələr icra edilsin. Onların içərisində ilk növbədə içməli su layihələridir. Çünki elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, həll olunub".