“İdarəetmədə sevilməyən iş həqiqəti söyləməkdir” - Deputatla QEYRİ-RƏSMİ SÖHBƏT

“İdarəetmədə sevilməyən iş həqiqəti söyləməkdir” - Deputatla QEYRİ-RƏSMİ SÖHBƏT

Alp dağlarını aşa bilirik, lakin bir mm hündürlüklü hikkəmizdən keçməkdə çətinlik çəkirik..
Uzun illərdir öz ömrümü yaşamıram..
Çörəyimizi neftə batırıb yemişik...
 

Bədənimizə qoyulan zaman çarxını-bioloji saatı, hətta ona cavabdehlik daşıyan zülalları da ixtira etdilər..
 
Lent.az saytının "Rəsmilərlə qeyri-rəsmi söhbət” rubrikasının qonağı Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucdur.
 
 - Zahid bəy, uzun illərdir sizi heç dəyişmədən görürük. Sanki yaşlanmırsınız, gənc qalmağınızın sirri var?
 
- Əgər belə təsir bağışlayırsa, çox şadıq. Müsahibə müsbət notda balşayır. Əlbəttə var. İnsanın düşüncə tipi 11 ildən bir dəyişir. Taleyinə təsir edən faktorlar da oradan qaynaqlanır. Biz gəncliyimizi xüsusilə güzəştsiz, impulsiv və emosional qərarlarla keçiririk. Əksinə olsaydı, həyat çox rəngsiz görünər və min illər tarixin axarını dəyişən inqilablar, üsyanlar, yaxud çevrilişlər baş verməz, standart və rutin mövcudluq dünyanı dözülməz edərdi. Biz 44 yaşa qədər daha sərt və prinsiplərindən əsla vaz keçməyən birisi kimi görünmüşüksə, indi hər məsələdə alternativləri daha dərindən axtaran və uzlaşma tapmağa çalışan bir formaya, texnoloji dillə desək, moda üstünlük veririk. Çevrəmizdə müxtəlif küsülülük, inciklik, hətta barışmazlıq yaşayanlara münasibətdə indi tez-tez deyirəm-Alp dağlarını aşa bilirik, lakin bir mm hündürlüklü hikkəmizdən adlamaqda çətinlik çəkirik. Həyatın qanunları ilə, təbiətlə harmoniyanı itirsən, ömrünün ritmini əldən qaçıracaqsan. Bax onda zamanla, zəmanə ilə, cəmiyyət və ətrafla konfliktin başlayacaq, daim konfrontasiya mühitində olacaqsan. Görürsünüz, el dilində belə bir söz var-filankəs "davakar” adamdır. Ona görə insanın fiziologiyası ruhu və xarakterinin məhsuluna çevrilir. Elmi kəşflər də bunu sübut edir. 2017-ci ildə Nobel mükafatı biosaatı, daha doğrusu bədənimizə qoyulan zaman çarxını-bioloji saatı, hətta ona cavabdehlik daşıyan zülalları da ixtira etdilər. Orqanizmimiz illik, aylıq, həftəlik və günlük bioloji ritmlərin üzərində qurulub. Elə bilin, Yer öz oxu və Günəş ətrafında necə dövr edirsə, bioritmlər də bizim içimizdə o cür fırlanır və hər saniyə ona uyğun maddələr mübadiləsi yaradır, ürək döyüntülərini təyin edir və idrakımızı, hərəkətlərimizi fomalaşdırır.

Uşaq ikən bizə "Ana torpaq” şeirini öyrədəndə mənə qəribə gəlmişdi. Etiraz edib demişdim ki, mənim anam torpaq deyil, Minədir. 50 yaşda hiss edirsən ki, sən əslində torpağın bir parçasısan. Təbiətlə, Torpaqla, Vətənlə konfliktə girmək olmaz,  Herakl da olsan, uduzacaqsan. Pozitivliyi qorumağa çalışırıq. Bəzən ətrafımdakılar deyirlər ki, sən bizim ölmüş hüceyrələrimizi, həyat enerjimizi oyadırsan. Sözlərin energetikasına çox inanıram. Leksikonumuzu ağır, ruhsuz, zərərli sözlərdən təmizləməliyik. İnsan həm sözdə, həm əməldə xeyirxah olmalıdır. Bir yaxşı əməlin 40 qapını açdığına dair mifoloji deyimlər elə-belə yaranmayıb.  Bir zamanlar baş kulinarımız Tahir Əmiraslanov deyirdi ki, sevgi ilə hazırlanan xörəklər daha dadlı olur, çoxları onu qəbul etmirdilər, lakin bütün canlı aləm harmoniyadadır. Xeyirlə  Şərin savaşı əbədidir  və Xeyir həmişə qalib gələcəkdir.
 
- Kiməsə pisliyiniz dəyib?
 
- Heç zaman pislik etməmişəm.
 
- STM olaraq xalqın narazı qaldığı  bütün məqamlar barədə yuxarı məlumat çatdırırsınız? Bu qurum dövlətin yoxsa vətəndaşın maraqlarını üstün tutur? Məsələn bu günlərdə elan edilmiş qiymət artımı insanlarda etiraz yaratdı.

- Hər iki tərəfin maraqlarını düşünərək araşdırılan mövzularda reallıqları olduğu kimi əks etdirməyə çalışırıq. Tarixən idarəetmə sistemində sevilməyən iş həqiqəti söyləməkdir. Problemlərini qoyduğun nazirliklər, qurumlar mütləq səndən narazı qalır. Bunu 5 ildir şəxsi təcrübəmdə yaşayıram. Ölkə rəhbərinin məsələyə xüsusi diqqəti bizə kömək olur. O, özü göstəriş verib ki, məlumatı rəngləmədən çatdırın. Biz elə də etmişik. Ona görə tədqiqat işlərimizin 70 faizi ictimailəşmir, çünki xidməti istifadə üçündür. Qələbədən sonra insanlarımız haqlı olaraq "Zəfər süfrəsi” istəyir, qalib xalq tələbləri ilə çıxış edir və ənənəvi problemləri eyni hərbi həmlə ilə həllini arzulayır. Hər bir vətəndaş 44 günlük təhsil, səhiyyə, məşğulluq və sair fərdi planları cızır. Lakin son 4 ildə dünya miqyasında pandemiya ilə başlayan və qlobal təhlükəsizlik sisteminin çöküşü, embarqo və sanksiyalarla davam edən qiymət artımları hər yerdə, o cümlədən ölkəmizdə narahatlıq doğurur.  Zəfər millətimizindir. Dəmir yurmuğu təşkil edən qollar, biləklər və əllər Ali Baş Komandan başda olmaq xalqa məxsusdur.
 
Əlbəttə, məğlubiyyət dövrünindən fərqli olaraq, hər bir insanımız indi yaxşı yaşamağı istəməkdə haqlıdır. 44 günlük müharibə qlobal layları tərpətdi, Qarabağ problemi lokal xarakterli münaqişə olmadığını hamı gördü. Lakin hər birimiz son 30 ilin hadisələrindən eyni dərəcədə təsirlənmişik-adlar, ttullar və statuslar fərqli olsa da, hamımız bir damla şəhid ailəsi, qaçqın, köçkün, qarabağlı, göyçəliyik. Bizim nəslin taleyi bir-birinə çox oxşayır. Sanki bir millət-bir insan ömrü yaşayır. Əlbəttə, kimsə boğazından kəsib azad edilən ərazilərin daha tez qurulmasına razı olar, lakin hər bir isan övladı altruist ola bilməz. Yəni, başqasının ömrünü yaşamaq həmişə mümkün olmur. Deyirik ki, Cənubi Qafqazın iqtisadi potensilanının üçdə ikisi bizdədir, rəqəmlər də bunu sübut edir, belə olan halda qalib xalqın ermənilərdən və gürcülərdən 2 dəfə daha yaxşı yaşaması kimi təbii-doğal istəyi formalaşır. Əlbəttə, dövlət bütün regional və beynəlxalq təhlükələri neytrallaşdıraraq, millətin sosial-itisadi gələcəyini  formalaşdırır. Yəni, Norveçin yerində olsaydıq, xarici hərbi basqıları neytrallaşdırmaq zərurəti olmazdı. Ona görə, hər zaman deyirəm-qalib xalqı idarə etmək çətindir. Neft hasilatının aşağı düşməsi, Rusiya - Ukrayna müharibəsi fonunda ticarət zəncirlərinin qırılması, yeni dünya savaşı təhlükəsi istənilən hakimiyyətlər qarşısında fərqli çağırışlar yaradır. İstəmirəm söhbətimiz siyasiləşsin-rubrikanız fərqlidir. Lakin kollektiv Qərbin Ukraynaya verdiyi silahlarla fərqli miqyasları vurmaq icazəsindən sonra diqqət edirəm ki, cəmiyyətimizdə bir hərəkətlənmə varmı-yəni, kimsə investiyasını dayandırır, pul kütləsini ölkədən çıxarırmı. Şükürlər olsun ki, belə tendensiya yoxdur. Hakan Fidan 3-cü dünya müharibəsi təhlükəsini deyəndən bir neçə gün keçib, halbuki cənab prezident 2023-cü ildə onun fərqli üsullarla aparıldığını söyləmişdi. Ona görə, Qarabağ qələbəsini yaşamaq üçün hələ böyük zaman fürsəti gərəkdir. Son 30 ildə azərbaycanlılar qədər qlobal transformasiyaya məruz qalan ikinci xalq yoxdur.

 - İşləriniz həddən artıq çox və gərgindir. Özünüzə zaman tapa bilirsiniz?
 
- 90-cı illərdə ali məktəbin 1-ci kursunda Fəlsəfə dərsi Zaman və Məkanla başlayırdı. Tələbələr imtahanın gözündən baxıb narazılıq edirdilər-nəyin hazırlığını edəcəyik, deyə. İndi dünyanı ölçən iki fundamental kateqoriyanın mənasını 30 ildən sonra daha yaxşı anlayırıq-nə zamanı hiss edirəm, nə də hansı lokasiyada olduğumuzu. Gündəlik informativ yük o qədər böyükdür ki, öz ömrümüzü yaşamağa vaxtımız yoxdur. Bir yaxın qohumum deyirdi ki, qohum-əqrəbalar imkan versəydilər, 6 ay da öz ömrümü yaşayardım. İnanın, dərin həyat məntiqi olan bu fikir bizə də aiddir- uzun illərdir öz ömrümü yaşamıram.
 
- İşə yoxsa qohumlara görə?
 
- Hər iki mənada.
 
- İmkanınız olsaydı 20-25 yaşlı Zahidə nə deyərdiniz?
 
- O qədər tövsiyyələr verərdim ki. Məktəbin ən qaynar şagirdi idim. Ailədə dörd övlad olmuşuq. Ali məktəbi tək mən oxumuşam. Anası tərəfindən daim önə çəkilən, tikənin böyüyünü, yeməyin ləzizini haqq edən məktəbli Zahid üçün yeniyetməlikdə kəndin ən ünlü simalarının öyüdünü qazanmaqdan, arzusunu-diləyini eşitməkdən böyük xoşbəxtlik ola bilməzdi. Tələbəlik illərimiz 90-cı illərin qanlı mübarizələrində keçdi, lakin əsla içimizdə təəssüf hiss yoxdur.
 
Oğlumun 7 yaşı olanda, heç bir risqə baxmadan onu avtobusa mindirib ucqar dağ kəndinə-doğulduğum yurda-nənəsinin yanına göndərmişdim ki, dağ insanlarını, zəhməti, sadə adamların əlllərinin qabarını, kənd uşaqlarının qaynar  mühitini, zəngin təbiəti öz gözləri ilə görsün, həyat zövqü formalaşsın. Aran adamlarının qəlbinə dəymək istəmirəm. Amma dağlarda yaşayan insanların həyatı başqa cürdür. Sezardan Napoleona qədər hamısı uca dağların məhsulduur.
 
-Ailəniz barədə də bilmək maraqlı olardı.
 
 -27 ilə yaxındır ailələiyəm-öz qrup yoldaşımla evlənmişəm. O həmişə hesablaşan tərəf olub, evimizin içinə cəmiyyətin gözü ilə baxmağı bacarıb. Bir müddət işləməyib, hazırda kitabxanada çalışır. Sadə bir insandır. Biz ailəlikcə həmişə sıradan-rütbəsiz adamlar içində olmuşuq. Qonşularla yaxşı münasibətlərimiz var. Təmsil etdiyim bölgədə də insanlarla ünsiyyətdən zövq almışıq. Oğlum böyükdür, qızım kiçik. Övladlarımla dostam. Hər ikisi Britaniyada ali təhsil alıblar. Oğlum öncə dövlət proqramı ilə təhsil alırdı, sonra profilini dəyişmək istədi, bu da bizə xeyli problem yaratdı, çünki mən dövlətin  ona ayırdığı təhsil haqqını geri qaytarmalıydım. Xaricə dövlətin təhsil proqramı ilə getmişdi. Qızıma qarşı münasibətim bir başqadır. Onu burada açıqlamaq istəmirəm. Britaniyada bakalavr və magistraturanı başa vurub. Alternativ enerji sahəsi üzrə mütəxəssisdir. Biz uzun illər çörəyimizi neftə batırıb yemişik, indi ölkə rəhbəri yeni eranı başlayır-Yerin altını deyil, Göyləri-daimi enerji mənbəyini iqtisadi-sosial və məişət həyatımıza daxil etməliyik. Lakin asan deyil-təkcə iqtisadiyyatımız və məişətimiz deyil, bütün yazılarımız, ədəbiyyatımız və elmimiz də neft təməllidir. Ona görə istədik övladımız yeni sektorda çalışsın. Bir ildir Londonda alternativ enerji sahəsində işləyir. İpoteka ilə orada ev almağa çalışır. Bunun üçün məndən maddi dəstək istəyir. Sonra qayıdacağını bildirir-anlaşmışıq.
 
-Dövlət hesabına təhsil alan gənclərimizin sonra xaricdə qalmasını nə dərəcədə  doğru hesab edirsiniz? Bu bir az da beyin köçü deyilmi?
 
-Onlar ölkəyə qayıtdıqdan sonra Avropa standartları ilə yaşamaq, maaş almaq və bütün ətraf aləmi total dəyişmək istəyirlər. Fərqli fikir infrastrukturu ilə ölkəni köklü dəyişikliyə uğratmaq o qədər də asan deyil. 5-6 min dollar maaşla işə başlamaq daha sonralar böyük ambisiyaları və  tələbləri doğurur. Burada konsensus tapmalıyıq. Çünki elita və bütün idarəetmə sistemində əsas ağırlıqlı ordu olan milli universistetlərin yetirmələri ilə balans olmasa, cəmiyyətdə tarazlıq pozular. Dövlət başçısı göstəriş verdi ki, xaricdə qalmaq istəyən tələbələrimizə mane olmayaq. Çünki dünyada Azərbaycanı təmsil edəcək ziyalı soydaşlarımıza da ehtiyac var. Qızım söz verib gələcək. Hər halda onun həyat baxışını anlamağa çalışırıq və "incə diplomatiya”dan özgə metodlar işləmir.
 
-Bir zaman ağır milli dəyərlərimiz var idi. Ata yanında uşağını qucağına almaq, qayınata yanında deyib-gülmək ayıb sayılırdı. Pərdəli dolanmaq tövsiyə olunurdu. Az öncə dediniz övladlarınızla dostsunuz? Belə münasibət formasına necə baxırsınız?
 
-O şəkildə sərt yanaşmanı qəbul etmirəm, bu şəhərdə mümkün də deyil. Amma müəyyən qaydalar var ki, onlar qalmalıdır. O mübhəmlik də müqəddəs idi. Atalar çox  zaman ya baxışları ilə danışırdılar, ya da danışmasalar da, onları anlamaq olurdu.
 
-Özünüzə kənardan baxanda Zahid Oruc necə insandır deyərdiniz?
 
-Özü barədə bunları demək nə dərəcədə doğrudur, bilmirəm. Kənardan baxanda haqqımızda öz baxış bucaqlarından yanlış təsəvvürləri, mühakimələri açıq görürük.  İctimai fikri ədalətli sayıb-saymamaq hərənin öz işidir. Lakin publik insan millətin məhkəməsindədir-səni uğurlara görə öyəcəklər, lakin bircə yanlışını bağışlamayacaqlar. Onun fərqindəyik. Bir dəqiq qənaətim var-mübarizlik anamdan, sadəlik, insanlara çiyin vermək atamdan gəlir.
 
-Yenidən deputat olmaq fikriniz var?
 
-Əlbəttə var-qeyri-səmimi olmaq istəmirik. Komandada oldunsa, gərək prinsiplərə əməl edəsən-bizim bir rəhbərimiz var. Qərar necə olacaqsa, ona uyğun davranacağıq.
 
-Yaxanızda deputatın döş nişanını görmədim.
 
-Mən onu heç vaxt taxmamışam. Bayrağımıza, simvolumuza ehtiramımız böyükdür. Deyirlər, əvvəl nişan səni tanıdır, sonra sən nişanı. Mən döş nişanımı evdə bəlli bir yerdə qoruyub saxlayıram. Nişanı taxmaq mütləq qayda deyil.
 
- Kənardan heç vaxt gülümsəməyən, çox ciddi, sərt məmur təsiri buraxırsınız? Gördüm, elə deyilsiniz. Romanik tərəfiniz var?
 
- Romantizm çox faydalıdır. Həyat ideallarımızı qurmağa kömək edir. Sırf praqmatik yaşasaq həyatın dadı olmaz. Qərarqəbuletmə prosesində hədsiz praqmatikəm. Əlbəttə formul belədir-nəyi istəyirsən arzula, lakin gerçəkliyi unutma. Düşüncələr materiallaşır, buna inanıram. Romantizmi olmayan rutin yaşayan insan üçün həyat çox sıxıcı olar. Bayraq meydanımızın tikintisində 232 milyon ədəd daşdan istifadə olunmuşdu. Cənab Prezident Bərdədə olarkən görüş zamanı dedim ki, dövlət başçısı adi çay daşından dövlət daşı, bayraq daşı yaratmağı bacarıb. Bu fikir çox xoşuna gəlmişdi.Təəssüf icraçılar...
 
- Həddən artıq elmi danışırsınız, hər fikrə fəlsəfi məna yükləyirsiniz. Çox mütaliəli insan olduğunuz hiss olunur. Mən yəqin ki, bu söhbəti yazanda dili xeyli sadələşdirəcəm, oxucu bunu hiss etməyəcək. Hər zaman beləsiniz?
 
- Bəli.
 
- Sadə insanlar sizi rahat anlaya bilirlər?
 
-Sadə insanlarla məişət dilində danışıram..
 
- Marka, brend geyim həvəskarısınız? Məsələn, Bakı istehsalı olan kostyum geyinirsiniz?
 
- 90-cı illərdə Volodarski fabrikinin məhsulları çox yaxşı idi, geyinirdik. Zövqlə və yaraşanı geyinməyə çalışıram. Brendlərə takılan adamları qınamağın əleyhinəyəm, zövqlər mühakimə olunmur. Lakin yaxşı geyinmək-"yaraşan ən əla markadır”, deyimi kimi gəlir mənə.
 
-Deputatlar arasında bahalı saat, bahalı ayaqqabı geyinmək dəbdədir.
 
-Həmkarlarım barəsində seçki öncəsi danışmaq istəməzdim. Brend geyinməyi sevənlər də var, sevməyənlər də.
 
-Milyonçu olsanız bir "Hermes” çantasına 6 milyon dollar pul verədiniz? Və ya bahalı "Rolex” saatına?
 
-Bunun üzərində heç vaxt düşünməmişəm. Bilmirəm. İndiki halda  fikir bildirə bilmərəm, çünki "almazdım” desəm, sadə vətəndaşların rəğbətini qazanmağa çalışan obraza işləyərdik və süni olardı.  Onun da öz həvəskarları var. Kiməsə bunu et, etmə demək doğru olmaz. Adamlar başqasının beynini çiyninə taxıb hərəkət eləmir. Çox varlı insanlar tanıyıram ki, sadə həyat yaşayırlar.
 
-Qolunuzdakı saatın qiyməti nə qədərdir?
 
-Saatın qiyməti maddi dəyərində deyil, ona sahibinə "zaman gedir” mesajını verməsindədir-məşhur deyimdir. Qolumdakı saatın qiyməti 2 min manat olar. Onu da 50 illik yubileyimdə hədiyyə ediblər-hərçənd daha bahalı saatlar almaq imkanım olub və var. Saatın qiyməti qolumuzu, həyatımızı ucuz və bahalı eləmir.
 
-El dilində deyirlər böyük başın böyük dərdi olur. Yəni tanınmış simasansa xərclərin də çoxdur. Düzdür?
 
-Düzdür. Parlament üzvü ictimaiyyətə çıxırsa, bəlli standartlara əməl etməlidir. Onun öhdəlikləri, üzərindəki məsuliyyət fərqlidir. Amma bu əsas vermir biz deyək ki, sadə vətəndaşla parlament üzvü arasındakı yaşam fərqi qeyri-mütənasib olsun.
 
-Vəzifəniz olmasa, sadə bir həyata qayıtsanız, rahat yaşaya bilərsiniz? Tutaq ki, tanınmamış biri, yaşamaq naminə rahatlıqla  bağban işləyə bilər...

-Şənbə-bazar günləri bağda oluram, bağ həyatını sevirəm, qutu evlərə yerləşmirəm, bağbanlıq xoşuma gəlir. Həyatım əsla köklü, kardinal dəyişməz. Əlbəttə, gəlirlərin azalır, sənə ictimai münasibət dəyişir, zənglər seyrəlir. İşdən gedən adama "vuruldu” epitetini ötən on illərin ən ağır mirası adlandırırardım. Onu mediamız, təhsil sistemimiz və məişətimiz dəyişə bilsə, adamlar kreslodan zirvədən yıxılan kimi getməzlər. Böyük Cəlilin "çuxam ye” söhbətinin bir əsr yaşı var. İnanın bir çox vəzifədən çıxan dostlarımızı daim axtarıram. İntellektual bir klubumuz var, orada görüşüb tez-tez söhbətləşir, fikir mübadiləsi aparırıq. Mən Tereza Ananın fəlsəfəsini çox sevir və onu tirajlayıram. O deyir, "min dəfə yaxşılıq edəcəksən, unudacaqlar, bir dəfə edə bilməyəcəksən, yadda saxlayacaqlar”. Demir aa "etməyəcəksən”, deyir, "imkanın olmayacaq”! Lakin dünya xeyirxahı və məzlumların hamisi Ana Tereza əsil həyat idealını hamıdan fərqli görərək, əsil şedevr sonluq verir, deyir: "lakin usanma, davam et"!
 
Gözəl deyimdir, eləmi. Bütün divarları ayaqda saxlamalısan ki, həyatımızın harmoniyası Şuşa kimi özümüzə qayıtsın. Bax sualınızın ilki və yekununu birləşdirən fikir bu oldu. 
Xəbər 139 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR