Hyustonda 9 noyabr Azərbaycan Dövlət Bayrağı günü elan edildi - FOTO

Hyustonda 9 noyabr Azərbaycan Dövlət Bayrağı günü elan edildi   - FOTO

Azərbaycan Dövlət Bayrağı Günü ABŞ-ın Bakı ilə qardaşlaşmış Hyuston şəhərində təntənəli şəkildə qeyd edilib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, tədbir Hyuston şəhərində yerləşən “Azərbacan Mərkəzi”nin təşkilatçılığı və ARDNŞ-ın dəstəyi ilə keçirilib.

Ziyafəti açıq elan edən “Azərbaycan Mərkəzi”nin direktoru İradə Axundova çoxsaylı qonaqlar qarşısında müstəqil Azərbaycan dövlətçiliyinin rəmzi olan üçrəngli bayrağımızın tarixindən danışıb.

Bundan sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Hyuston şəhərində artıq üçüncü dəfədir ki bu bayramın qeyd edildiyini xatırladaraq bunun xoş ənənəyə çevrildiyini qeyd edib və tədbirin təşkilinə görə “Azərbaycan Mərkəzi”nə və yerli Azərbaycan icmasına təşəkkürünü bildirib.

Azərbaycanlı səfir, həmçinin eyni gündə Hyustonda böyük uğurla keçirilmiş “Cənubi Qaz Dəhlizi”nə həsr olunmuş konfransın təşkilində iştirakına görə də “Azərbaycan Mərkəzi”nə təşəkkürünü ifadə edib.

Hazırda Azərbaycanın regionda liderə çevrildiyini qeyd edən səfir Azərbaycan bayrağının 1918-ci ildə ilk dəfə yüksəldildikdə onun yalnız Azərbaycanı deyil müəyyən mənada bütün müsəlman dünyasını təmsil etdiyini deyərək, o zaman yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti əhalisi arasında müsəlmanların çoxluq təşkil etdiyi ilk Respublika kimi tarixə düşdüyünü tədbir qonaqlarının diqqətinə çatdırıb.

Bundan sonra çıxış edən Texasın dövlət katibi Karlos Kaskos ölkəmiz üçün əlamətdar olan bu günü bölüşməkdən şad olduğunu bildirib, Azərbaycanla Texas arasında əlaqələrin genişlənməsi, o cümlədən texaslılarla azərbaycanlıların təmaslarının intensivləşməsində təmsil etdiyi ştatın maraqlı olduğunu bildirib. Azərbaycan nümayəndələri ilə görüşləri zamanı xüsusilə iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə etdiyini bildirən Texas dövlət katibi Azərbaycana səfər etmək niyyətini vurğulayıb. Sonda o, Texasın Qubernatoru Qreq Abbotun Azərbaycan xalqına təbriki və ən xoş arzularını çatdıraraq bu münasibətlə qubernator tərəfindən imzalanmış məktubu səsləndirib.

Ziyafət zamanı həmçinin Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Hyuston meri Anis Parker və Texas Nümayəndələr Palatasının üzvü Alma Allen tərəfindən imzalanmış proklamasiyalar səsləndirilib. Mer Anis Parker 9 noyabr 2015-ci il tarixinin Hyustonda Azərbaycan Dövlət Bayrağı günü elan edib. Tədbirdə bir sıra ölkənin Hyuston şəhərində baş konsulları, diplomatik korpusun digər nümayəndələri, akademik dairələrin təmsilçiləri habelə yerli Azərbaycanlı icmasının üzvləri iştirak ediblər.

Xəbər 809 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR