Qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirdilər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur. Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri (ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s.) müalicə etmək mümkündür.
Aktual.az xəbər verir ki, zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik üsullarından biri sayılır. Varikoz xəstəliyi, bir sıra ginekoloji xəstəliklər (mioma, endometrioz, yumurtalıqlar kistaları və s.) zamanı zəli ilə müalicə çox yaxşı nəticələr verir. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və s.) müalicəsində zəli ən təsirli tibbi “vasitədir”. Onu qeyd etmək lazımdır ki, zəli ilə müalicə bəzi xəstəliklər zamanı hətta ənənəvi təbabətdən yaxşı nəticələr verir.
Hirudoterapiya kosmetologiyada da istifadə olunur. Zəlinin sekreti (şirəsi) dərini cavanlaşdırır, daha parlaq edir, xırda qırışları yox edir.
Lakin hirudoterapiya (latın dilində – “zəli ilə müalicə”) yalnız təcrübəli əllərdə insana xeyir gətirə bilər. İlk növbədə hirudoterapiya yalnız həkim tərəfindən təyin olunmalıdır. Məsələ burasındadır ki, bəzi xəstəliklər zamanı zəli ilə müalicə əks göstəriş sayılır. İlk növbədə söhbət bəzi qan (hemofiliya, ağır anemiyalar və s.) xəstəliklərindən və həmçinin allergik və onkoloji xəstəliklərindən gedir.
Hipotoniyadan (qan təzyigin daim normadan aşağı olması) əziyyət çəkən insanlar üçün da bu müalicə üsulu uyğun gəlmir.
Hirudoterapiya seansını lazım olan səviyyədə yalnız bu işdə təcrübəsi olan həkim keçirdə bilər. Heç bir halda ara “həkimlərinə” və s. “mütəxəssislərə” müraciət etməyin! Yalnız təcrübəli həkim insan bədənində olan xüsusi nöqtələri tanıyır ki, zəlinin məhz bu nöqtələrdə yerləşməsi müalicəvi effekt verə bilər. Müxtəlif xəstəliklər zamanı bu nöqtələr də müxtəlif olur.
Seans zamanı xüsusi fermalarda yetişdirilən tibbi zəlilərdən istifadə olunur. Bu zəlilər tam sterildir. Zəli yalnız 1 dəfə istifadə olunur. “İstifadə olunmuş” zəli seansdan dərhal sonra öldürülür. Zəli ilə müalicə ən təhlükəsiz müalicə üsullarından biri kimi qiymətləndirilə bilər ki, burada infeksiyalaşma təhlükəsi sıfıra bərabərdir.
Seans zamanı həkim zəlini xüsusi şüşə borucuğuna yerləşdirir və insan bədəninin müxtəlif yerlərinə (xəstəlikdən asılıdır) qoyulur. Seansın əvvəlində insan yüngül yandırma hiss edə bilər. 1 seans zamanı 1 və ya bir neçə zəli istifadə oluna bilər. Yapışdıqdan sonra zəli qan sovrumağa başlayır. Bəzi məlumatı olmayan insanlardan eşidmək olur ki, zəli ilə müalicə anemiyaya (qanazlığı) səbəb ola bilər. Bu mümkün deyil. Zəli yalnız bir neçə ml qan (təxminən 15 ml kimi) sovura bilər. Doyunca sovurduqdan sonra zəli dəridən qopur. Bu baş vermədikdə həkim zəlini spirt və ya yod məhlulunda isladılmış tamponla götürür.
Maraqlıdır ki, xəstənin qanında alkohol varsa və ya seansdan əvvəl insan siqaret çəkibsə, zəli ona yapışmır.
Seans zamanı zəli müxtəlif və çox faydalı bioloji aktiv komponentlərlə zəngin olan xüsusi sekret (şirə) edir ki, bu sekret insanın qanına düşür və, demək olar, insan orqanizminin bütün orqan və sistemlərinə çox müsbət təsir edir. Nəzərinizə çatdıraq ki, bir çox müalicə vasitələrindən fərqlı olaraq zəli ilə müalicə heç bir mənfi yanaşı təsir vermir.
Seansdan sonra 2 gün ərzində zəli yapışan yeri isladmaq olmaz. Yaraların infeksiyalaşmaması üçün onları qaşımaq olmaz. Zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalar insanın səhhəti üçün heç bir təhlükə yaratmır və 24 saat ərzində kəsilir. (saglamolun.az)