Gün ərzində tez-tez hıçqırır, gördüyünüz bütün tədbirlərə baxmayaraq, bu vəziyyətdən xilas ola bilmirsiniz?
Həkimlər bildirirlər ki, səbəbsiz baş verən və uzun müddət davam edən hıçqırıqlar beyin və vacib orqan olan ürəkdə baş verən xəstəliklərin xəbərçisi ola bilər.
İstanbul Memorial Ataşəhər xəstəxanası terapiya şöbəsindən həkim Birsel Kavaklı hıçqırıq haqqında maraqlı məlumatlar verib.
Həmin məlumatları sizə təqdim edirik:
Çox sürətli yemək, həddindən artıq spirtli içki içmək və siqaret çəkmək hıçqırmağa səbəb ola bilər.
“Hıçqırıq, sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran və diafraqma adı verilən əzələnin spazmından sonra səs tellərinin olduğu qırtlaq bölgəsinin birdən bağlanmasıyla meydana gəlir və bu zaman spesifik hıçqırıq səsi eşidilir. Dəqiqədə 10-30 dəfə təkrarlanan bu sıxılmalar diafraqmadan başqa qabırğalar arasındakı əzələlərdə də ola bilər. Hıçqırıq çox vaxt qısamüddətli və zərərsizdir. Sağlam şəxslərdə müvəqqəti bir narahatlıq olaraq ortaya çıxa bilir. Körpələrdə və çox sürətli yemək yeyən, bu sırada hava udanlarda rast gəlinir.
Həddindən artıq güldükdə, əsəb pozğunluğu kimi hallarda da müvəqqəti hıçqırıqlar ortaya çıxır.
Ancaq hıçqırıq bəzən günlərlə-həftələrlə davam edə, xəstəni ciddi şəkildə narahat edə bilər. Bu zaman təhlükəli xəstəliklərdən şübhələnmək lazımdır. Sinir sistemi və mədə narahatlıqları ehtimalını nəzərdən qaçırmaq olmaz. Uzun müddət davam edən hıçqırıqlar xəstənin yemək yeməyinə, yuxusuna mənfi təsir göstərir, danışmasına mane olur”.
Həkim belə hıçqırığın mərkəzi sinir sistemi xəstəliklərindən mədə xəstəliklərinə qədər çox fərqli səbəbləri ola biləcəyini vurğulayıb: “Hıçqırıq meningit, beyində olan daxili qanaxma, beyin şişləri və beyindəki yaşlılıqla əlaqədar dəyişikliklər kimi mərkəzi sinir sistemi xəstəliklərinin əlaməti ola bilər. Mədə reflüksü xəstələrində hıçqırıq daha tez-tez müşahidə edilir. Ağ ciyərin hər iki tərəfi arasında qalan və içində ürəyin də olduğu döş qəfəsi adı verilən bölgənin xəstəliklərində də hıçqırıq inkişaf edə bilər. Buradakı limfa düyünlərinin vərəm, xərçəng və ya başqa səbəblərlə əlaqədar böyüməsi, sinir zədəsi, ürəyin böyüməsi, ürək çatışmazlığı (infarkt) və yemək borusunda olan tıxanmalar bu xəstəliklərdəndir. Sətəlcəm və ağ ciyər pərdələri arasında maye toplanması da hıçqırığa səbəb ola bilər. Diafraqma əzələsinin yırtıqları, qara ciyərdə şiş və mədə xərçəngi, dalaq infarktı, bağırsaqda olan tıxanmalar, kəskin pankreatit kimi xəstəliklər zamanı da fasiləsiz hıçqırıqlar müşahidə edilə bilər”.
Həkim hıçqırığı kəsmək üçün asan üsullar olduğunu bildirib. Bunlar aşağıdakılardır:
* Nəfəsinizi tutun. Bu diafraqmanı yanıldır və hıçqırığı kəsir.
*Buzlu su, limon suyu və ya sirkə içmək də hıçqırığa səbəb olan spazmı aradan qaldıra bilər.
*Burna qara istiot sürtdükdə diafraqma əzələlərinə təsir göstərir və hıçqırıq dayanır.
* 2-3 ədəd qənd və ya 1 qəhvə qaşığı duz yemək də müsbət nəticə verə bilər.
*Açqarına bir neçə ədəd mixək çeynəmək, xüsusilə yaşlı insanlarda müşahidə edilən hıçqırığı kəsir.
*Yemək yeyərkən tələsməyin və danışmayın. Çünki danışarkən hava uda bilərsiniz. Bu isə hıçqırığa səbəb olar.
*İçkiləri qabında içməyin, mütləq stəkana süzüb için.
*Həddindən artıq gülməyin.
Bütün bunlara rəğmən, hıçqırırsınızsa, həkimə müraciət etmək lazımdır.\publika.az