“Ermənistan Müdafiə Nazirliyinin gülünc bəyanatlarına inansaq, Ermənistanda hər 5 nəfərdən biri ya ruhi xəstə, ya əlil, ya da qatı cinayətkardır”
“İmkanları olsa, hətta Andranik Qriqoryanın, ümumiyyətlə, mövcudluğunu təkzib edərlər. Əvvəlcədən də bizim üçün aydın idi ki, könüllü surətdə qoşunlarımızın nəzarətində olan əraziyə keçən erməni hərbçisi barədə yayımlanan kadrların həqiqiliyinə düşmən tərəfi şübhə yaratmağa və onu təkzib etməyə cəhd göstərəcək”.
Bu fikirləri APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.
Nazirlikdən bildirilib ki, Andranik Qriqoryan düzgün addım atıb: “Fakt ondan ibarətdir ki, erməni hərbi qulluqçusu könüllü surətdə Azərbaycan tərəfinə keçib. Özü də bunu tək yox, digər hərbçi yoldaşı Mkrtumyanla birlikdə etmək istəyib. Andranik Qriqoryan düzgün edib. Əminik ki, onun kimi hələ çox erməni əsgəri haqq yoluna gələrək doğru qərar verəcək və xalqımızın humanistliyinə inanaraq bizə pənah gətirəcək.
Artıq neçənci dəfədir ki, Ermənistanın əsgəri, adi vətəndaşı Azərbaycan tərəfinə keçir. Hər dəfə belə hadisə baş verdikdə, Ermənistan Müdafiə Nazirliyi gülünc bir bəyanatla çıxış edir. Bu dəfə də belə oldu. Həmin bəyanatlara inansaq, Ermənistanda hər 5 nəfərdən biri ya ruhi xəstə, ya əlil, ya da qatı cinayətkardır. Necə olur ki, Ermənistan ordusunda ancaq əqli cəhətdən zəif olanlar, xəstələr, debillər xidmət edir? Necə olur ki, insanlar “çiçəklənən” Ermənistandan qaçır? Necə olur ki, “qüdrətli” Ermənistan ordusunun əsgəri bizə təslim olur? Necə olur ki, Azərbaycan tərəfinə keçmək istəyən erməni əsgərinin qarşısı “ayıq-sayıq”, “igid” erməni əsgəri tərəfindən alınmır?
Biz bir daha əmin olduq ki, düşmən mövqelərində dayananlar yerli, mülki əhalidir. Bu səbəbdən də Andraniki tanıyan həmkəndlisi ona arxadan atəş açmayıb. Əks təqdirdə, Ermənistandan gətirilən muzdlular onun bu cəhdinin qarşısını elə ilk addımdaca alardılar. Əslində həqiqət çox sadə bir məntiqə əsaslanır. Bu da ondan ibarətdir ki, cinayətkar, mafioz Ermənistan rejimi xalqın etimadını çoxdan itirib və artıq sadə ermənilər belə onların iç üzünü yaxşı bilir. Bizi “bacarıqsızlıqda” günahlandıran Ermənistanın təbliğat aparatı yəqin ki, bu sualara da aydınlıq gətirməyə məcburdur”.
Müdafiə Nazirliyi ermənilərin Azərbaycan mətbuatını diqqətlə izləməsinin sevindirici hal olduğunu vurğulayıb: “Məsələnin sevindirici tərəfi ondan ibarətdir ki, ermənilər Azərbaycan mətbuatını diqqətlə izləyir, oxuyur. Biz də öz növbəmizdə imkan əldə edirik ki, fikirlərimizi və mövqeyimizi düşmənə diktə edək, onu lazım olan istiqamətə yönəldək”.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi silahını ataraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryanla bağlı yayılmış videoların səhnələşdirilmiş olduğunu bildirib.