Heç bir qüvvə mədəniyyətin inkişafına xidmət edən prosesin qarşısında maneəyə çevrilə bilməz - TƏHLİL

Heç bir qüvvə mədəniyyətin inkişafına xidmət edən prosesin qarşısında maneəyə çevrilə bilməz - TƏHLİL

Mədəniyyət və incəsənət sektoru təkcə Azərbaycanda deyil, ideoloji sistemlərin məngənəsindən xilas olaraq müstəqilliklərini qazanan bütün ölkələrdə ən mürəkkəb və ən ziddiyyətli sahələrdən biri və birincisidir.

Azərbaycanda bu reallıq uzun illərdir, mədəniyyət və incəsənət ideoloji sistemin tərkib hissəsinə çevrildiyi zamandan, yəni hələ SSRİ-nin mövcudluğu dönəmindən davam edir və müstəqilliyimizin 32-ci ilini yaşadığımıza baxmayaraq, bu sahədə dəyişməyən, arxaik, daşlaşmış və bəlkə də "bütləşmiş” stereotiplər hələ də qalmaqdadır.

Bunun da çoxsaylı səbəbləri var, şübhəsiz. Amma əsas səbəb bu sahədəki fəaliyyət istiqamətlərinin ölçülə bilən olmaması, daha dəqiq desək, dəyərləndirmələrin subyektiv amillərdən asılılığı və uzun illər boyu sektorda çalışan bir çox insanların bu amildən sui-istifadə etməsidir. Qeyd edim ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya və digər bu kimi neqativ hallar, əsasən bu kontekstdə özünü büruzə verir.

Təxminən 1 ay sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 32-ci ildönümünü qeyd edəcəyik. Bu müddət ərzində həm ölkəmizdə, həm də dünyada çox şey dəyişib. Azərbaycan nəinki regionun, Avrasiyanın ən önəmli ölkələrindən birinə çevrilib. Ən əsası isə 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub və vaxtilə Ermənistan rəhbərlərinin, hərbi cinayətkarların əyləncə məkanına çevrilən Şuşa indi Azərbaycanın mədəniyyət mərkəzi, türk dünyasının mədəniyyət ocaqlarından biridir.

Bu xüsusda, hazırda Azərbaycan mədəniyyətində əsasən iki xətt özünü büruzə verir. Bir tərəfdə, təəssüf ki, daha çox dövlət büdcəsindən maliyyələşən təsisatlardan, yaradıcı birliklərdən kənarda özünü büruzə verən, daha yaradıcı, daha peşəkar və daha təşəbbüskar, həm də özündə azərbaycançılıq ideyasının bütün komponentlərini daşıyan xətt, digər tərəfdə isə hələ də Sovet dövrünün ənənəvi stereotiplərindən qopa bilməyən, paslanmış, ətalət basmış təfəkkürün kok saldığı, yeniliyə, hər cür işıqlı təşəbbüslərə qapalı, heç bir istehsalı olmayan "iş yerləri”.

SSRİ öz ideologiyası ilə birlikdə tarixin arxivinə gömülsə də, nədənsə vaxtilə sovet ideoloji sisteminin tərkib hissəsi olan mədəniyyət evləri, klublar hələ də öz mövcudluqlarını qoruyub saxlayır. Doğrudur, onların bir qismi öz təyinatlarını dəyişərək folklor və yaradıcılıq evlərinə çevrilib, amma bir hissəsi hələ də köhnə ənənələrə uyğun "fəaliyyət göstərir”, yaxud, ümumiyyətlə heç bir işlə məşğul olmurlar.

Baltikyanı ölkələrdə belə təsisatların, xüsusilə də kənd klublarının əhəmiyyətli hissəsi, təyinatı ciddi şəkildə dəyişilmədən, yaxud konkret layihə üzrə dəyişilərək bələdiyyələrin istifadəsinə verilib. Bələdiyyələr bu klublarda nikah mərasimləri (nikahın qeydə alınmasını) həyata keçirir, mədəniyyət tədbirləri, yarışlar, dərnəklər təşkil edirlər. Beləliklə, bir çox hallarda bir nəfər müdir və ölü canlardan ibarət mədəniyyət müəssiələri həm məşğulluğun təmin edilməsində müəyyən rol oynayır, həm də gəlir gətirir.

Bu mövzuda təbii ki, fərqli yanaşmalar və daha yaradıcı təşəbbüslər ola bilər. Amma mədəniyyəti artıq köhnəlmiş, naftalin qoxuyan streotiplərdən, yanaşmalardan və idarəçilik metodlarından xilas etmək lazımdır. Yoxsa yaradıcı təfəkkürə qarşı "özünü incəsənətə qurban verdiklərini” iddia edən və buna görə sərhədsiz imtiyazlar istəyənlərin yürüşü hələ uzun müddət davam edəcək.

Müasir dövrdə milli mədəniyyətimizi və onun ayrı-ayrı komponentlərinin inkişafını təmin etməyin yolu, prosesin özünə fərdlər, yaxud bütləşdirilmiş obrazlar çərçivəsindən deyil, yalnız və yalnız yaradıcılıq müstəvisindən yanaşmaqdan keçir. Meyar gözə sıçrayan, qalıcı olan, uğurlu yaradıcılıq layihələri olmalıdır. Teatr və konsert müəsisələri də "trafaret” və əslində heç nə ifadə etməyən iş planlarını bir kənara qoyub konkret mövzular ətrafında yaradıcı layihələrlə çıxış etməli və bu layihələrin icrasının şəffaflığını, hesabatlılığını təmin etməlidirlər.

Yaradıcılığı ölçülə bilməyən anlayış çərçivəsindən çıxarmaq lazımdır. Bütün dünyada bunun yolları var, uzun illərdir ki, tətbiq olunur və bu xüsusda yenidən "təkər” icad etməyə ehtiyac da yoxdur.

Hazırda mədəniyyət sahəsində həyata keçirilən islahatların təməlində də, məhz bu sektorda yaradıcı yanaşmanın, işgüzar münasibətlərin və nəticəyönümlü fəaliyyətin ön plana çıxması, ənənəvi, saxta streotiplərin dağıdılması və onların Azərbaycan xalqının böyük mədəniyyətinin dünya miqyasına çıxarılmasına xidmət edən yaradıcı proseslərlə əvəzlənməsi dayanır.

Təbii ki, bu da ətalət basmış, inkişafın dalğasında layiq olmadıqları bütün imtiyazları, haqq etmədikləri mövqelərini itirəcəklərini yaxşı başa düşən maraq ovçularını qıcıqlandırır və belələri nəyin bahasına olursa-olsun, islahatları gözdən salmağa, davamlı şər-böhtan, gözdənsalma kampaniyalarını, pərdəarxası oyunlarını davam etdirməyə çalışırlar. Amma unudurlar ki, mədəniyyət sahəsində həyata keçirilən islahatlar ölkədə gerçəkləşdirilən genişmiqyaslı islahatların tərkib hissəsidir və heç bir qüvvə milli mədəniyyətimizin inkişafına xidmət edən bu prosesin qarşısında maneəyə çevrilə bilməz.
 
"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin təhlil qrupu


Xəbər 3149 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR