Xalaqızı, əmioğlu kimi qohum evliliklərinin qanunla qadağan edilməsi gözlənilir. Düşüncə dəyişməsə, qanunvericilikdə bunu qadağan etməklə effektiv nəticənin əldə olunması mümkün deyil.
Aktual.az xəbər verir ki, bu sözləri hüquqşünas Şamil Paşayev Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişikliklərə münasibət bildirərkən deyib.
O bildirib ki, təklif edilən dəyişikliyə əsasən, nənə-babası eyni olanların - əmi, bibi, dayı, xala uşaqlarının nikahı qeydə alınmayacaq:
"Nikahı qadağan etmək şəxslər arasında vətəndaş nikahını qadağan etmir. Şəxslər birlikdə yaşaya bilər. Sadəcə, dövlət qeydiyyatına alınmayacaqlar. Onların uşaq dünyaya gətirməsi, valideynlik hüququnun verilməsi qanunla qadağan edilmir. Bu, sadəcə, nikahsız ailələrin sayının artmasına səbəb olacaq”.
Onun sözlərinə görə, bu təklif qohum evlilikləri istəyən insanları əlavə variantlar tapmağa istiqamətləndirəcək:
"Qohum evliliyinin tibbi fəsadları haqqında bilgiləndirmə işləri aparılmasa, bu işi qadağa ilə aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycanda insanların yalnız öz qohumları və ya öz həmkəndliləri (yenə də uzaq qohumları) ilə evləndiyi ailələr, məkanlar var. Qadağanın tətbiqi onları dayandıra bilməyəcək. Şəxslər gələcəkdə qohumları ilə evlənə bilmək üçün müxtəlif yollar axtaracaqlar. Bura uşaqların övladlığa verilməsindən tutmuş sənəd üzərində qohumluqdan imtina etməyə kimi, müxtəlif variantlar daxildir. Belə olduqda onların rəsmi qohumluğu qalmayacaq və nikaha daxil ola biləcəklər. Onlar bu nikahdan dünyaya gələcək uşaqların xəstə doğulması təhlükəsini dərk etməlidir”.
Xəbər 173 dəfə oxunub.