Göygöl Milli Parkının ərazisində baş verənlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyini qərəzliliklə səriştəsizlikdə günahlandırmasına ekoloq Azər Qarayev münasibət bildirib.
Aktual.az xəbər verir ki, A.Qarayev modern.az-a açıqlamasında bildirib ki, Göygöl Milli Parkının ziyarətçiləri qəbul etməsi prosesini ilk günlərdən izləyib və ETSN tərəfindən orada görülən işlərdən, ziyarətçilər üçün yaradılan şəraitdən xəbərdardır:
“Təqdirəlayiqdir ki, həm gözəl təbiət mənzərəsinin qorunması, həm də əhalinin giriş-çıxışına şərait yaradılması istiqamətində tənzimlənən tədbirlər həyata keçirilir, normal proses gedir. Amma təəssüf ki, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyənlər, normal proseslərə əngəl yaratmağa cəhd göstərənlər var. Təbii ki, bu da şəxsi maraqlardan irəli gəlir. Cəmiyyətimizi bu cür yalan və saxta məlumat yayan “içindən yeyən qurdların” təcavüzü qarşısında qoymaq olmaz. Hər məqamda cildini dəyişən, necə deyərlər dondan-dona girən bir saxtakarın yazdıqlarına əslində reaksiya verməmək daha doğru olardı. Amma söhbət bütövlükdə dövlətimizin reputasiyasından gedirsə, buna susmaq acizlik, yaxud da biganəlik kimi görünə bilər. Böhtançı və şantajçı kimi püxtələşmiş birisinin kütləvi informasiya vasitəsini şəxsi maraqlarının oyuncağına çevirməsinə göz yummaq və cavabsız qoymaq olmaz. Burada məqsəd çirkin təbliğat aparmaqdır.
Dediyim kimi, artıq bir neçə gündür ki, bütün KİV və sosial şəbəkələr ETSN-nin Göygöldə ziyarətçilər üçün yaratdığı şəraiti, infrastrukturu təqdir edir, bəzi insanların Milli Parkı zibilləməsini pisləyərək ictimaiyyəti maarifləndirməyə cəhd göstərir. Bununla bağlı mən də sosial şəbəkələrdə münasibət bildirmişəm. Artıq hər kəs bilir ki, Milli Parkda bütün lazımi qayda-qanun yaradılıb və bundan sonra da yaradılacaq. Həmçinin reakriasiya və tullantıların idarə olunması həyata keçirilir. Amma 12 min hektarlıq ərazinin tək-tək yerlərində tullantı görüb bunu şişirtmək və demək ki, Nazirlik səriştəsizlik göstərir, bu ancaq bu məlumatı yayanın öz içindəki gəzdirdiyi xəbis xislətin təzahürü deməkdir. Özünü cəmiyyətdə haqqın carçısı kimi təqdim edən, lakin mənim tərəfimdən adının çəkilməsi ona əlavə divident gətirəcəyinə görə adını çəkmək istəmədiyim bu sayt rəhbəri əslində adi bir nəfsxordur.
Yəni bu məlumat böhtan, şantaj yağdırmaq eşqi ilə yanan birisinin xəstə təxəyyülünün məhsuludur. ETSN-ni heç kim qayda-qanun yarada bilməməkdə, zibil qutuları qoymamaqda və zibillərin ərazidən vaxtında daşınmamasında ittiham etməyib və obyektiv, vətənpərvər olan heç kəs bunu edə bilməz. Çünki, məndə olan dəqiq məlumata görə bu məsələlər hələ ziyarətçilərin buraxılışından əvvəl həll edilib və gündəlik olaraq yerinə yetirilir. Sadəcə jurnalistlər, ictimai fəallar ETSN-yə kömək məqsədilə vaxtaşırı öz rəylərini bölüşüb və yeri gəlmişkən onların hamısına, konstruktiv və obyektiv münasibətə görə mən də minnətdarlığımı bildirirəm. Belə qərəzli fərdlər isə adi münasibətlərdən öz qərəzli məqsədləri üçün istifadə edir.
Razılaşaq ki, Bakı şəhərinin heç bir yerində hər 50 metrdən bir zibil yeşiyi yoxdur. Oranın işçilərinin də hər kəsin arxasınca gəzib tullantı toplamağa fiziki olaraq imkanı yoxdur və məcbur da deyilllər. Sadəcə vətəndaşlar bir qədər məsuliyyətli və mədəniyyətli olmalıdır ki, əlindəki zibili yerə atmasın. Bildiyimə görə zibil paketi də verilir ki, insanlar zibillərini o paketə yığsınlar”.
Şahdağ Milli Parkına alpinistlərin buraxılmaması məsələsinə gəlincə isə, A.Qarayev qeyd edib ki, bu barədə yayılanlar da absurddur: “yüz faiz əminəm ki, oraya buraxılmayanlar qayda-qanunlara tabe olmayan, ərazini zibilləyib sonradan öz tökdükləri zibili fotolarda əks etdirərək şantajla məşğul olanlardır. Bu gün ora istənilən alpinist gəlir. Söhbət qanunlarımıza əməl etməyən şəxslərdən gedir. Bunun üçün də müəyyən məhdudiyyətlər qoyulub. Göygöldə də təklif edirəm ki, təkcə Milli Parklarda deyil, hətda meşələrdə də qaydalara əməl etməyənlər, zibil tökənlər, nəzarətdən yayınanlar yüksək məbləğdə cərimə edilsin və adları qara siyahıya salınsın. Ümumiyyətlə elə təsəvvür yaranır ki, bu böhtanlar yağdıran saytın rəhbəri başqalarına qara yaxmaqla ictimaiyyətin, insanların fikrinin heç bir maraq güdməyən, ödənişsiz və tərəfsiz ifadəçisi rolunda çıxış edir. Amma təəssüf ki, bu etimaddan sui-istifadə olunur, özü də lap çirkin formada. Adamları aldatmaqla, yalan məlumatlar yaymaq və əsassız həqarətlər yağdırmaqla.”