Günel Anarqızı - Atama məktub və ya etiraflı təbrik

Günel Anarqızı - Atama məktub və ya etiraflı təbrik

Salam, əziz ata!

 

Yadındadır, nə vaxtsa "Atama məktub" hekayəsini bu sözlərlə başlamışdım. O zamanlar çoxları elə bilmişdi ki, bu hekayədə sənə müraciət edib yazını sənə ünvanlayıram. Oxuyub başa çatdırandan sonra artıq anlayırdılar ki, bu, bir metaforadır və söhbət insandan yox torpaqdan gedir. Ancaq indi mən etiraflarımdan brirncisini etmək istəyirəm. Əslində, mən o hekayəni də, yazdığım başqa əsərləri də birinci növbədə səni, atamı, Anarı düşünərək qələmə almışam. Əlbəttə, desəm ki, onların hamısını sənə ünvanlamışam yalan olar. Ancaq istənilən hər bir yazını bitirərkən mütləq: "Görəsən, atamın buna münasibəti necə olacaq? Bəyənəcəkmi, yoxsa bir balaca tənqid edib müəyyən düzəlişlərin olmasını məsləhət görəcək?" fikirləri dərhal ağlıma gəlir. Yəqin ki, bu normaldır, çünki sən mənim üçün hər zaman təkcə ədəbiyyatda deyil, həm də istənilən sənət sahəsində yüksək bədii zövqə malik danılmaz nüfuz sahibi, əsas meyar, ən qiymətli məsləhətçi, həmfikir və həmdərdsən.

Hər gün görüşməsək də ən azı telefonla danışırıq. Halbuki, sən telefonla danışmağı, ümumiyyətlə uzun uzadı söhbətlər etməyi xoşlamırsan. Qiymətli vaxtını daha  lazımlı işlərə sərf etməyə vacib bilirsən. Məsələn, vaxtını, daha doğru desəm bütün varlığını yalnız özünəməxsus, qeyri-adi və heç kəsə bənzəməyən, sadə və oxunaqlı səlis Azərbaycan dilində yazılan bədii əsərlərinə, yaradıcılığa yenicə qədəm basmış istedadlı gənclərə, eləcə də artıq bəşəriyyətin tarixində iz buraxmış məşhur insanlara ithaf olunmuş esselərin qələmə alınmasına, bütöv elmi araşdırma institutlarının görə biləcəyi fundamental tədqiqat işlərinin təkbaşına yerinə yetirilməsinə, xalqımızın bilik və dünyagörüşünün artırılmasına xidmət edən və əsl maarifçilik missiyasını daşıyan kino və televiziya filmlərinin ssenarilərinin, müəllif verilişlərinin yaranmasına, coxşahəli ictimai fəaliyyətə, müxtəlif səpkili və istiqamətli yüzlərcə dəyərli işlərin ortaya ərsəyə gətirilməsinə, saysız hesabsız, adlarını belə unutduğun insanlara usanmadan kömək etməyə və daha nələrə nələrə... arada bir eyvanda oturub gəlyanını tüstülədə-tüstülədə doğma şəhərimizin tədricən yadlaşan mənzərəsini seyr etməyə həsr edirsən...    

Əlbəttə, mən də, bütün ailə üzvlərin də sənin bu həyatda ağır bir yükün altına girib onu təkbaşına fədakarcasına daşıdığının fərqindədir. Axı yeniyetməlikdə zarafatcasına elan etdiyin "Siz hamınız mən tək!" çağırışı  ömrün boyu səni müşayiət edən  həyat şüarına, kredona çevrilib. Biz də səni hər zaman iş başında, fəaliyyətdə, saya gəlməyən tədbirlərdə, iş görüşmələrində və səfərlərdə görməyə alışmışıq və hətta onu da etiraf edim ki, səni bunsuz təsəvvür etmək belə istəmirik. Çünki bu, sənin həyat tərzin, səni yaşadan və millətinə dayanmadan, yorulmadan xidmət etməyə kömək edən ömür ritmin və fəlsəfəndir. Bəzi hallarda bizimlə ünsiyyətin hesabına olsa belə. Amma bir şeyi də etiraf etmək istəyirəm. Həyatımın iyirmi ilini səninlə bir dam altında yaşasam da, ömrümün böyük hissəsini səninlə müxtəlif görüşlərdə və səfərlərdə keçirsəm də, maraqlarımız, həyata, insanlara və hadisələrə baxışlarımız cox vaxt üst üstə düşsə də mən sənin üçün daim darıxıram.

Çünki səninlə ünsiyyət mənə heç vaxt bəs eləmir, sanki hər görüşümüzdən sonra: "Eybi yox, bu dəfə az danışdıq, gələn dəfə daha çox danışıb dərdləşərik" deyə özümə təsəlli verir və növbəti görüşümüzdə daha açıq və səməmi olmağı düşünürəm. Ancaq növbəti dəfə, hətta sən yanımda ikən səninçün yenə də darıxıram...

Bununla belə əminəm: sən məni hər zaman dinləməyə, mənə məsləhətinlə, əməlinlə kömək etməyə, mənə arxa durmağa hazırsan. Sən dünyalar qədər sevdiyim anamla məni və qardaşımı heç vaxt məqsədyönlü şəkildə tərbiyələndirməmisən, bizə sadəcə əqidəmizə, seçdiyimiz yola və məqsədə sadiq qalaraq xəyanət etməməyi, ikili standartlara uymayıb vicdanla yaşamağı, Vətən üçün çaslışmağı öyrətmisən. Bununla belə məni necə varamsa eləcə sevən, dəyişmək və hansısa çərçivələrə salmaqdan uzaq olan, mənim xislətimi duyan və məhz buna görə dəyərləndirə bilən nadir insanlardansan. İstənilən problemimə şərik cıxıb onu çox güman ki, ürəyinə salan, amma bunu göstərməyib həmişə eyni sözləri: "Darıxma, bala, hər şey yaxşı olacaq" səbrlə təkrar edən əsas dayağımsan. Mən də bunu bilib darıxmıram. Çünki, bilirəm ki, sən varsan, darıxsam da, darıxmasam da, yanında olsam da, olmasam da  yanımdasan. Buna görə də hər şey əlbəttə ki, yaxşı olacaq...

Əziz ata, bir etirafım da qaldı, bu yazıda sonuncu və ən vacib etiraflardan biri. O da bundan ibarətdir ki, sən mənim üçün təkcə millətini və torpağını sonsuz və təmənnasız sevən əsl vətəndaş, ziyalı, maarıfçi və xeyirxah insan olmaqla yanaşı, həm də ailənə - valideynlərinə, xanımına, övladlarına, bacılarına və dostlarına münasibətdə necə sədaqətli, vəfalı və dürüst olmağı şüarsız flansız, sadəcə uzun illər boyu gündəlik həyatınla nümayiş etdirən bəlkə də yeganə nümunəsən.     

... Yəgin ki, etiraf xarakterli bu məktub ad günün ərəfəsində yazıldığına baxmayaraq  düşündüyüm kimi nikbin və ürəkaçan olmadı. Amma neyləyək... Həyatın özü də arzulanan kimi ürəkaçan olmur çox vaxt...

 Bəlkə də mən peşəkar tənqidçi-alim olsaydım indi daha ağıllı və sanballı ifadələrdən istifadə edərdim. Ancaq mən sadəcə bir balaca yazmağı bacaran övladınam. Səni gözümü açandan bəri və illər keçdikçə həyatımda görməyə alışmış, bu həyatı sənsiz təsəvvür etmək belə istəməyən, bu gün və bütün gələcək ömrümüz boyu hər gün Allahdan sənə çox adi, amma adi olduğu qədər də əvəzsiz olan neməti - can sağlığını və uzun, məna dolu ömrü usanmadan diləyən qızın Günel....

Xəbər 6185 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR