Oktyabrın 26-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Milli Olimpiya Komitələri Assosasiyasının (ANOC) 20-ci Assambleyası öz işinə başlayır.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətidnən verilən məlumata görə, Milli Olimpiya Komitələri Assosasiyasının Prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabah və ABŞ Olimpiya Komitəsinin Prezidenti Lavrense Probstun dəvəti ilə ABŞ-a rəsmi səfərə yola düşən Gənclər və idman naziri Azad Rəhimov assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Federasiyaların, Milli Olimpiya Komitələrinin və Olimpiya Hərəkatı ilə sıx əməkdaşlıq edən təşkilatların rəhbərləri ilə görüşlər keçirəcək.
Bakı 2015 İlk Avropa Oyunlarının tarixdə ilk dəfə olaraq keçirilməsi, bu oyunların dünya idman tarixinə imza atması, ölkəmizdə yaradılmış idman infrasturkturu, yüksək səviyyədə həyata keçirilən təşkilati məsələlər və bundan irəli gələrək ölkəmizin gələcəkdə daha mötəbər tədbirlərə ev sahibliyi etməsi A.Rəhimovun rəsmi görüşləri zamanı diqqət mərkəzində olacaq mövzular sırasındadır.
Milli Olimpiya Komitələri Assosasiyasının Prezidenti ilə görüşü zamanı A.Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesi haqqında da danışacaq, bu istiqamətdə görülməli olan işlər ətrafında müzakirələr aparacaq.
Oktyabrın 30-dək davam edəcək Assambleyada peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, idman və sosial inkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzular barədə çıxışlar və onların ətrafında müzakirələr olacaq.