Deputatlığa namizədlər məhəllələrdə seçiciləri ilə görüşüblər.
1 noyabr Milli Məclisə seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Seçicilər böyük mütəşəkilliklə deputatlığa namizədlərin görüşlərində iştirak edir, onları yekdilliklə dəstəkləyirlər. Bu gün 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə Kərimzadə Pərvin Orxan qızı, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Həmzəyev Naqif Ələşrəf oğlu məhəllələrdə seçicilərlə növbəti görüşlərini keçiriblər. Onlar qapı-qapı gəzərək, seçicilərin arzu və istəklərini, ehtiyaclarını öyrənib, təkliflərini dinləyiblər. Noyabrın 1-də seçiciləri seçki məntəqələrinə dəvət edərək, Vətənimizin tərəqqisi, xalqımızın parlaq gələcəyi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə Yeni Azərbaycan Partiyasına və onun ən layiqli namizədlərinə səs verməyə dəvət ediblər.
Seçicilər ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya miqyasında inkişaf edən ölkə olaraq tanındığını, görkəmli nailiyyətləri ilə böyük nüfuz qazandığını, Yeni Azərbaycan Partiyasının daim xalqla birlikdə olduğunu dilə gətiriblər. Vətənimizin daha da qüdrətlənməsi, şəhərimizin çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyən fədakar oğul və qızlarımıza minnətdar olduqlarını bildiriblər. Yaxınları, həmkarları, dostları ilə birlikdə seçki məntəqələrinə gələrək, partiyanın namizədlərini dəstəkləyəcəklərini bəyan ediblər.
Gəncəni təmsil edən deputatlığa namizədlərin məhəllə-məhəllə, qapı-qapı görüşləri davam edir.
Süsən Tağıyeva