Beynəlxalq Muğam Mərkəzində gənc rəssam, dizayner, Bakı Mühəndislik Universitetinin dizayn kafedrasının müəllimi Aygün İlyasovanın "Oyanış” adlı fərdi yaradıcılıq sərgisi keçirilib.
Aktual.az xəbər verir ki, sərgi rəssamın 30 illik yubiley və hesabat tədbiri üçün nəzərdə tutulub.
Tədbirdə realistik və abstrak üslubda 30 ədəd əsər nümayiş olunub. Sərgini əks etdirən əsas rəmz isə Simurq quşudur.
Qeyd edək ki, Simurq oyanmağın, yanıb yenidən doğulmağın, həyata daha mükəmməl formada davam etməyin simvoludur. Bu da yaşadığımız çətinliklərin, keçdiyimiz mərhələlərin bizi yenidən doğulmağa sövq etməyinin göstəricisidir.
Gənc rəssam Aygün İlyasova keçirilən sərgi barədə təəsüratlarını bölüşüb. Onun sözlərinə görə, tanınan simaların da iştirak etdiyi sərgi ziyarətçilər tərəfindən rəğbətlə qarşılanıb: "Nəfsindən arınmaq və insanın həqiqi mənliyinə çatmağın vəhdətidir Simurq… Hər birimizin daxilində bir Simurq yatır və bizim həyatda yaşadığımız çətin anlar o Simurqu oyatmağa xidmət edir. Oyanışı tez olan insan isə müdrik insandır…
Buradakı hər bir əsər ruhun göstəricisidir və rəsmlərə baxdıqda sanki öz dünyamızla danışırıq. Sərgidəki əsərlərdə gözəlliklə yanaşı ruhani kimlik də öz əksini tapıb".
Xəbər 599 dəfə oxunub.