Gəlinlər evdən niyə qaçırlar?

Gəlinlər evdən niyə qaçırlar?

Son illər çox pis ənənə yaranıb, gəlinlər evdən qaçırlar. Hələlik ayda 1-2 dəfə belə xəbərlər eşidirik, amma çoxu mətbuata çıxmır, belə hallar tez-tez baş verir. Səbəb nədir? Məncə səbəb qızların valideynləri və ərə getdiyi kişidir, başqa heç kim və heç nə. Əvvəllər də qeyd etmişəm, yenə qeyd edirəm valideynlər qızlarına cehizdən əvvəl tərbiyə verməlidirlər, əgər qızına tərbiyə verməyib ər evinə yola salmaq üçün cehiz toplamısansa tüpürsünlər o cehizə ki, o cehiz kimi verdiyin taxtda qızın ərinə xəyanət edəcək. Ay bədbəxt valideyn, qızı 13 yaşında ərə vermək haqqında düşünmə, öncə tərbiyə, sonra da təhsil vermək haqqında düşün ki, sabah həyatın burulğanlarına düşəndə bədənini yox, biliyini satıb çörək qazansın. Həzrəti Fatimeyi-Zəhra (ə) da buyurub ki, “Qadının ən böyük cehizi onun namusudur”. Telefon nömrəsini, dar və mini ətəkli geyimlərdə şəkillərini oğlanlara paylayan abırsız və həyasız qızı cehizlə yükləməyin eşşəyi kitabla yükləməkdən bir fərqi varmı, sizcə?!

“Ər” də günahkardır gəlin qaçırsa. Kişi əgər davamlı olaraq ailəsinə xəyanət edirsə, ərin vəzifəsinin təkcə evə əlidolu gəlmək olduğunu düşünürsə, o artıq xəyanətə hazır olmalıdır. Çünki qarşındakı da robot deyil, canlı insandır və sən hələ ölməmisən ki, sənin xatirənlə yaşasın, gözünün qabağında onu adam yerinə qoymayıb gününü əksik adamlarla keçirəcəksənsə özün əksiləcəksən. Ümumiyyətlə biz müsəlman cəmiyyətində yaşayırıqsa, müsəlmanıqsa dinimizin qaydalarına, adət-ənənələrimizə əməl etməliyik. Dinimizdə istər kişi, istər qadın üçün xəyanət bağışlanılmazdır. Dinə bağlı olan ailədə bu cür hallar yaşanmaz. Amma bu da elə filankəs ibadət edirsə “süddən çıxmışağ qaşıqdır” anlamına da gəlməz. “Məşədiyəm” deyib etdiyi zinalardan danışanları da, internetdə virtual məhəbbətlə məşğul olan başıbağlı qadınları da çox görürük. Nə ziyarət, nə baş örtüsü heç kimi günahdan çəkindirmir, insanı günahdan ancaq düzgün tərbiyə və Allaha səmimi qəlbdən inanmaq və bağlanmaq çəkindirə bilər ki, bunun da əsası ata evində qoyulur, ər evində isə inkişaf etdirilərək möhkəmlənir. Ər də ərlik etməyəndən sonra gəlin qaçmalıdır da.

Ən faciəvi budur ki, gəlin qaçandan sonra ona el dilində desək torba tikməyə başlayır, adına olmazın sözlər deyirlər. Adama deməzlərmi, bəs bunları bilirdinsə, görürdünsə bəs hardan idi bu tolerantlıq, niyə yollarını ayırmırdın?

Bir sözlə evdən qaçan gəlinləri yox, onlara qaçmaq tərbiyəsi verən valideynləri və qaçmağa şərait yaradan, yaxud qaçıb canını qurtarmaqdan başqa yol saxlamayan “ər”ləri qınamalıyıq. Necə deyərlər, yaxşı kişinin arvadı qaçmaz. Heç olmasa gündə bir dəfə uşaqlarınızın anasına “əzizim”, “canım”, məhəbbətim”, “günəşim”, “həyatımın mənası”, “sən necə də gözəlsən” kimi əzizləyici sözləri deməkdən çəkinməyin. Çünki sizin xanımlarınızı internetdə və real həyatda ilk növbədə bu cür şirin sözlərlə ovlayırlar. Siz necə ovlayırsızsa onları da elə ovlayırlar. Bu sözləri eşitməyə həsrət qalan insan yad birindən eşidəndə istər-istəməz ürəyi əsir, müqayisə edir və siz uduzursunuz. Sevimli Peyğəmbərimiz (s.a.a.) belə buyurub: «Ərin öz yoldaşına «səni sevirəm» deməsi xanımını xoşbəxt edər və onun könlündəki məhəbbəti isti saxlayar».

Ona görə də öz xanımınıza «Əzizim, mən səni sevirəm!» deməyə tələsin! Çalışın ailənizdə İslam əxlaqı, tərbiyəsi, adət-ənənələrimiz hakim olsun ki, ailənizi heç kimə uduzmayasız…”Mən kişiyəm, mənə olar” düşünüb halalınıza xəyanət etməyin ki, bir gün zinanın, xəyanətin qurbanı olmayasız. Zinanın müxtəlif növləri var ki, onlardan bu gün cəmiyyətimizdə ən çox yayılanı ərin arvadına xəyanəti, sübay şəxsin ərli və yaşlı qadınlarla, bir çox hallarda isə gəlinlərlə yaxınlıq etməsi, ümumiyyətlə həç bir evlənmə əqdi bağlanmadan subay kişi ilə subay qadının bir-birilə yaxınlıq ətməsidir. İslama görə, Zina ən böyük, ən ağır günahlardan biridir və onun hər növü qadağandır! Allah zinanı kişiyə də, qadına da haram buyurub. Allah buyurur: «Zinaya yaxınlaşmayın! Həqıqətən də bu iyrənc bir əməl və murdar bir yoldur!» (İsra surəsi, ayə 32).

Hacı Xanlar Xoca

Xəbər 5698 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR