Gecə yarısı qətlİsa Nəcəfovun siyasi publisistik pomanı

Gecə yarısı qətl – İsa Nəcəfovun siyasi publisistik pomanı

I FƏSİL

 ... Nəhayət, Prezident qəti qərara gəldi. O, bu qərarı neçə-neçə yuxusuz gecə düşüncələrindən sonra qəbul etmişdi.

   O, yaxşı bilirdi ki, öz üzərinə olduqca böyük məsuliyyət götürür. Bilirdi ki, bu taleyüklü qərarla o, rəhbəri olduğu dövlətin daxili və xarici siyasətində ağlasığmaz dönüş yaradır. İndicə qəti qəbul etdiyi qərarı ilə, çox güman, bu addımı ona bağışlamayacaq regional dövlətlərə bir növ meydan oxuyur. Prezident dahi siyasətçi idi və bu qərar gəlməzdən öncə bütün "lehinə və əleyhinə” olanları incədən-incəyə təhlil etmişdi.

     Azərbaycan Dövlət Neft Şirkətinin Qərb korporasiyalarının liderləri ilə danışıqlarının son mərhələsi Amerikanın Hyuston şəhərində keçirilirdi. ARDNŞ-ın prezidenti Natiq Əliyev hər gün ona zəng vurur və vəziyyət barədə ətraflı məlumat verirdi. Danışıqlar ləng və çətin gedirdi. Hər işdə səmərə axtaran amerikalılar özlərini ehtiyatla aparır, hər dəfə yeni tələblər irəli sürürdülər. Gələcək konsorsiumun digər üzləri də amerikalılara baxıb öz taktikalarını dəyişmişdilər. Rusiya XİN-nin, Xəzərin hüquqi statusu müəyyən edilməyənə qədər dənizdən birtərəfli qaydada neft çıxarılmasını Rusiyanın tanımayacağı barədəki gözlənilməz bəyanatı danışıqların gedişatını daha da mürəkkəbləşdirmişdi. Prezident bu bəyanatı xatırlayıb gülümsündü: "Burda deyiblər, qarğa, məndə qoz var. Hamı gözəl başa düşür kimin bostanına daş atırlar. Onlara status gərək deyil, status söhbəti yalnız bəhanə, təzyiqdir, yəni "dəvədən böyük fil var”... Ancaq əslinə baxsan, ürək daş bağlamasa yaxşıdır. Onların niyyəti məlum oldu. İndi mən öz qəti sözümü deməliyəm...”

     Əlbəttə, müqavilə üzərində bir qədər də işləmək, Qərb şirkətlərindən daha çox mənfəət götürmək olardı. Əvvəl-axır onlar güzəştə gedərdilər, mütləq gedərdilər. Çünki Xəzər onlar üçün həm də mühüm siyasi-strateji məsələdir. Lakin müqavilənin imzalanmasını daha yubandırmaq olmaz. Dünən tez idi, sabah gec ola bilər. Hərgah o, müqaviləni gizli və aşkar bədxahların zərbəsi altından çıxarmağa macal tapmasa, bu, ölkə üçün böyük fəsadlara səbəb ola bilər. Buna heç cür yol vermək olmaz.

      Bədxahların sayı isə günü-gündən artır. Milli təhlükəsizlik naziri öz gündəlik məruzəsi ilə Prezidentin yanına gəlməyə də bilər. O bunsuz belə, hamını ovuc içindəki kimi görür, açıq kitab kimi oxuyur. Qərblə müqavilənin başlıca əleyhdarı olan və dövlətdə ikinci şəxs sayılan dağal gənc hələlik ağzına su alıb susur, üzdə özünü elə aparır ki, guya bütün bunların ona dəxli yoxdur... Lakin Prezident nadir istedad və duyuma malik siyasətçi idi və tabeliyində olanlarda baş verən ən cüzi dəyişikliyi də dərhal sezə bilirdi. Son günlər baş nazirin davranış və hərəkətlərində Prezidenti daha sayıq olmağa vadar edən nəsə vardı. O, gözəl bilirdi külək haradan əsir. Bu küləkdə qatı neft qoxusu, illər uzunu Azərbaycan neftinə daraşmış ikiayaqlı həşərat sürüsünün üfunətli nəfəsi vardı və onların qarşısında neft kranını bağlamaq, zəliləri qandan məhrum etmək kimi bir şey idi. Buna görə onlar bu lovğa, iddialı gənci altdan-altdan qızışdırır, onu Prezidentin üstünə qaldırır, yersiz iddialarına qol-qanad verirdilər.

      Surət Hüseynovun Moskva müxbirlərinə səxavətlə payladığı müsahibələr Prezidentin nəzərindən qaçmamışdı. Bütün bu yazılarda eyni bir giley qulağı deşirdi: Nazirlər Kabineti hər cür ixtiyardan məhrumdur, baş nazirə daha böyük səlahiyyətlər verilməlidi! Halbuki Prezident iqamətgahında keçirilən müşavirələrdə baş nazir bir qayda olaraq susur, açıq diskussiyalardan aşkarca yayınırdı. Lakin ertəsi gün "Respublika” qəzetində onun- Prezidentə tabe olan İcra aparatı rəhbərinin rəyindən daha çox müxalifət liderinin cığal bəyanatına oxşayan əcaib şərhləri peyda olurdu.

     Prezident dəfələrlə bu adamı açıq söhbətə çəkmək istəmiş, ona izah etmişdir ki, bu və ya digər məsələ barəsində Prezidentlə razılaşmaya və hətta onunla münaqişəyə girə bilən parlamentdən fərqli olaraq, Nazirlər Kabineti ilk növbədə Prezidentin siyasətini həyata keçirməlidir. Baş nazir hansısa prinsipial məsələlərdə Prezidentlə razılaşmadıqda isə o, sadəcə olaraq istefa verməyə borcludur. Bütün sivil ölkələrdə bu cür qayda qəbul olunub və bu, düzgündür.

    Surət Hüseynov ona dinməzcə qulaq asır və deyilənlərlə razılaşırmış kimi başını tərpədirdi. Sonra da oturduğu qonşu binaya yollanır və yenə özünəməxsus "üslubda” bəsit qurğular qurur, saman altından su yeridirdi. Prezident hiss edirdi ki, baş nazirin arxasında duran və ondan marionet kimi istifadə edən qüvvələr bu dəfə çox təhlükəli oyuna giriblər və bu oyundan əsas məqsəd- Qərbin neft şirkətləri ilə müqaviləni pozmaqdır. Buna görə indi qabaqlayıcı gediş etmək və müqavilənin imzalanacağı dəqiq tarixi bütün dünyaya elan etmək lazım idi. Həm də bu mərasimi mümkün qədər tez keçirmək gərəkdir ki, rəqibin əks gediş etməyə vaxtə qalmasın.

    ... Yuxusuz gecənin qurtara-qurtarında Prezident öz düşüncələrində son nöqtəni qoydu. Və dərhal öz köməkçisini çağırdı.

-          Tariyel, Hyustonu sifariş ver. Və məni təcili Natiq Əliyevlə calaşdır.

        Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ilə telefonla söhbət etdikdən və gələcək konsorsiumun liderləri ilə danışıqları yekunlaşdırmağı tezləşdirməyi tapşırdıqdan sonra Prezident əlavə etdi:

-          Hamıya elan et! Müqaviləni Bakıda imzalayacağıq. "Gülüstan”da!

 Yer kürəsinin o biri başında Prezidentin həmsöhbəti intizarlı bir gözlənişdə dondu.

-          Soruşmaq istəyirsən ki, bu nə vaxt olacaq? – deyə Prezident gülümsündü.

-          Bəli. Əgər siz artıq bu barədə qəti qərar qəbul etmişsinizsə.

-          Bəli, etmişəm. Müqavilə sentyabrın 20-də Bakıda imzalanacaq. Hamıya bu cür də

çatdır.     

 

***

 

Prezident Hyustonla söhbəti bitirib, masanın arxasından qalxdı və pəncərəyə yaxınlaşdı. Dəniz körfəzi hələ də sübh alatoranlığında gizlənmişdi, Prezident Sarayı üzərində dopdolu, tutqun buludlar üzürdü. Lakin uzaqlarda, üfüqün son ucunda, Xəzərin başı üstündə sübh şəfəqi yayılmaqda idi...

Xəbər 22011 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR