Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafına əngəl törədən bütün məqamları çox ciddi tənqid edərək bu halların aradan qaldırılmasını tələb edib.
İqtisadçı-ekspert, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyin sədri Fikrət Yusifov bunu Azərbaycan hökumətinin bu günkü iqtisadi siyasətinin ana xəttini ölkədə qeyri neft sektorunun inkişafını təmin etmək olması kimi şərh edib. Azadinform-a açıqlamasında ekspert bildirib ki, burada əsas məqsəd iqtisadiyyatın neftdən asılılığını minimum həddə endirmək təşkil edir: “Bu yolda artıq çox işlər görülmüş və kifayət qədər yaxşı nəticələr əldə olunub. Lakin bu hələ məsələnin tam həlli deyil. Elə bu səbəbdəndir ki, bu gün hökumət götürülən kursun daha çevik və daha səmərəli aparılmasına çox həssaslıqla yanaşır. Bu yolda mövcud əngəllərin aradan qaldırılması prosesi sürətləndirən mühüm məqamlardan biri olacaq. Hər kəsə bəllidir ki, neft ölkəsi kimi dünya bazarlarında neftin qiymətlərinin bir ildən bir qədər artıq vaxt ərzində 2 dəfədən çox aşağı düşməsi səbəbindən büdcəmiz nəzərdə tutulan vəsaitlərin tam şəkildə ala bilmir. Yaranmış vəziyyət büdcə xərclərinə daha qənaətlə yanaşmağı tələb edir. Bəzən deyirlər ki, büdcədə nəzərdə tutulmuş lüzumsuz xərclərin maliyyələşdirilməsini dayandırmaq lazımdır. Elə bununla da bütün məsələlər öz həllini tapa bilər. Əvvəla onu deyim ki, büdcədə lüzumsuz xərclər anlayışı yoxdur. Əgər hansısa xərc lüzumsuzdursa onda belə xərc büdcədə necə nəzərdə tutula bilər? Burada söhbət ikinci, üçüncü dərəcəli xərclərdən və yaranmış vəziyyətdə məhz onlara tətbiq edilən qənaət rejimindən gedə bilər. Təcürbə göstərir ki, adətən büdcə təşkilatları da məhz bu xərclərin həmişə tam maliyyələşdirilməsində çox maraqlı olurlar”.
F. Yusifov vurğulayıb ki, Maliyyə Nazirliyinə də edilən təziqlər buradan qaynaqlanır: “Maliyyə Nazirliyi hər bir təşkilatın əmək haqqı və ona bərabər tutulan xərclərini vaxtında və tam həcmdə maliyyələşdirir buna heç kimin şübhəsi olmasın. Ancaq Nazirlik əsaslı təmirlə, avadanlıq, inventar alınmasına və bu qəbildən olan başqa xərclərə qənaət rejimi tətbiq edə bilər və bunu da edir. Məlum səbəbdən büdcənin gəlirlərinin azaldığı bir şəraitdə bu tam normal bir haldır. Büdcənin mədaxil hissəsində yaranmış gərginlik vergi və gömrük orqanlarının üzərinə daha ciddi vəzifələr qoyur. Neft Fondundan transfertlər xaric, büdcə mədaxilinin əsasən bu iki təşkilatın formalaşdırdığı hər kəsə bəllidir. Neft qiymətləri ətrafında yaranmış vəziyyət büdcə gəlirlərinin artırılması istiqamətində daha dərin araşdırmalar aparmağı və bu yolla da mümkün ola biləcək bütün rezervləri aşkarlamağı hər iki təşkilatın qarşısında bir vəzifə olaraq qoyur. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin son müşavirəsində bununla bağlı hər iki qurum qarşısında bununla bağlı ciddi tələblər qoyduğunu bir daha bəyan etdi: O, “Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır.” dedi. Hesab edirəm ki, hər iki qurum Prezidentin bu tapşırığından irəli gələn vəzifələrin öhdəsindən layiqincə gələ bilmək imkanlarına malikdir. Onların işinin Prezidentin dediyi kimi daha şəffaf qurulması isə qarşıya qoyulan vəzifələrin həllində mühüm rol oynaya bilər”.