Əfsələddin Ağalarov
Mən öyrəndim sizin haqqınızda. Burada sizinkilərdən bir xeyli dostum var. Tez qaynayıb-qarışırlar. Adamla elə söhbət edirlər ki, elə bil, dünən ölüb bura gələn onlar deyil. Sanki illərdir buradaymışlar. Düzdür, aralarında ingilis dilində danışanlar çox azdır. İnciyərlər deyə, özlərinə də deyə bilmirəm. Amma yenə də alayarımçıq anlayıram nə demək istədiklərini. Bir xeyli danışdılar mənə sizin ölkə haqqında.
Bilirəm, Qarabağda məğlub olmusunuz, cəmiyyət kimi bir yumruq olmaqda çətinlik çəkmisiniz, futbolda sizinki heç gətirməyib. Onu da öyrəndim ki, elə tarix boyu qonşularınızın təcavüzünə məruz qalmısınız. Mənim yaşadığım illərdə də. Düzdür, o vaxtlar başım ancaq yazmağa-pozmağa qarışmışdı. Heç eşitməmişdim haqqınızda. Amma neynəmək olar, gec də olsa bu zarafatı sevən xalqın əslini-kökünü qurdalayıb öyrəndim.
Dediyim kimi, çətin oldu. Sizinkilərdən ingilis dilində danışanı azdır. Rus dilində amma əlasız. Sizin dilinizdə də bir iki söz öyrədiblər mənə. “Salam”, “zor şeylər var”, “mənim adım xiyardı” kimi sözləri öyrənmişəm. Dostlarım deyir ki, bu sözlər çox lazımlı sözlərdir. Ona görə əzbərlədiblər mənə.
Hə, onu deyirdim axı. Öyrəndim ki, nə küçədə öpüşə bilmisiniz, nə də öz həyatınızı yaşaya bilmisiniz. Həkimləriniz xəstələrdən pul almaq üçün onların həyatını iflic edirmiş, sağlam adamları əməliyyata alıb öldürürmüşlər. İmtahanlarda yanınızdakılardan köçürmüsünüz, öyrənməmək üçün məktəbdə müəllimə, qaydaları pozmaq üçün də yol polisinə rüşvət vermisiniz. Sözün düzü, rüşvətin nə olduğunu anlamadım. Amma dedilər ki, o elə bir şeydir ki, çox şeyi həll edirmiş. Sonra, sizin ziyalılarınızın, alimlərinizin bəziləri elmi işlərini pulla yazdırırlarmış. O adamları öz məclislərinizdə başda, əsl alimləri isə pulsuz kişi olduğu üçün masanın düz axırında otuzdururmuşsunuz. Guya siz kitab satanla küçədə məzə vurub “kişisən, özünə fərli iş tap” deyib yanınızdan qovurmuşsunuz. Alverdə sizinki gətirirmiş, onu da öyrəndim.
Mənə təzə gələnlər dedilər ki, guya siz internet deyilən dünyanı ağuşuna almış bir qutunun içində zarafatlar edirmişsiniz mənimlə. Biriniz yazırsınız ki, guya mən evdəkilərə deyirəm ki, “obşini” bağla, “bakı” aç. Sonra mən deyirmişəm ki, supun suyunu yox ətindən çəksinlər qabıma. Vallah, mən ət yeyən olmamışam. Özü də bizim evdə “bak” olmayıb. Sizin vaxtı deyə bilmərəm, amma bizim vaxtımızda vedrənin içində yuyunurduq. Yəqin çox şey dəyişib indi.
Sonra... sonra deyirlər ki, siz düşünməyi yox, oynamağı, deyib-gülməyi sevirsiz. Televiziyalarınızda da adamlar ancaq çal-çağır edirlər. Məsələn, sizdə Michael adlı bir aparıcı varmış. Hər dəfə televizora çıxanda “gəldim e, gəldim” deyə qışqırırmış. Sonra, sizdə guya sənətçilərin bəziləri özlərinə heyvanların adlarını verirlərmiş. Biri özünə əjdaha, biri ilan, biri siçovul deyirmiş. Əslində, çox maraqlı fikirdir. İnsan psixologiyası ilə heyvan psixologiyasının ortaqlaşması. Araşdıracam bu mövzunu. Yaxşı elmi iş çıxar bundan.
Kitab az oxuyurmuşsunuz, bütün gün seriallara baxırmışsınız, uşaqlarınız küçədə öz dilinizdə yox, ya rus, ya da türk dilində danışırlarmış. Amma yenə də sizi düşündürə bilmirəmsə, bu mənim səhvimdir. Çox yormayım sizi. İstədim, mənimlə hər gün zarafatlaşan xalqın nümayəndələri ilə qiyabi də olsa, tanış olum. Başınızı ağrıtdımsa, üzrlü sayın. Sonda məni xatırladığınız üçün sizə təşəkkür edirəm. Hər şey könlünüzcə olsun, odlar yurdunun övladları.
Sizi düşündürə bilməyib güldürən Albert Herman oğlu Eynşteyn...
Tarix: Zamanın olmadığı zaman
Yer: O biri dünya (dəqiq ünvan məlum deyil)