Əsgərimizə arxadan vurulan zərbə - saxtakar Qarabağ qazisi niyə məhz indi ortaya çıxdı?

Əsgərimizə arxadan vurulan zərbə - saxtakar Qarabağ qazisi niyə məhz indi ortaya çıxdı?

Artıq bir aydan çoxdur ki, şanlı Azərbaycan ordusu Qarabağın işğaldan azad edilməsi üçün düşmənlə çarpışır. Hər birimizin gözü-qulağı cəbhədən gələn xəbərlərə dikilib. Çoxumuzun əli-ayağı işə yatmır, fikrimiz ancaq döyüş bölgəsindədir. İşğaldan azad olunan kəndlərin, şəhərlərin adları açıqlandıqca hamılıqla sevinir, qəhərlənir, əsgərimizin tezliklə bütün torpaqları işğalçılardan azad etməsi üçün dualar edirik. Təəssüf ki, Azərbaycan xalqının yumruq kimi birləşdiyi bu günlərdən sui-istiqadə edən, öz mənfəətini güdən şəxslər də var. Cəmiyyətdə hər kəsin diqqətinin döyüş bölgələrinə yönəldiyini bilən bəzi işbazlar neft sənayesinə aid torpaqları zəbt edib qanunsuz tikinti işlərinə start veriblər. İronik vəziyyətə fikir verin, SOCAR-ın Təhlükəsizlik İdarəsinin səfərbərliyə çağırılan onlarla əməkdaşı bu gün döyüş meydanında düşmənlə çarpışır, torpaqlarımızın işğaldan azad edilməsi üçün qan tökür, lakin özünü "Qarabağ qazisi” adlandıran bir qrup şəxs cəbhədə olan mühafizəçilərin yoxluğundan istifadə edib neft sənayesinə aid torpaqları zəbt edərək qanunsuz ev tikib satmaqla məşğul olur.

Belə ki, bir müddət öncə SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları 200 mm-lik Sabunçu-Böyükşor yerüstü neft kəmərinin mühafizə ərazisində - Balaxanı qəsəbəsi, Şəhər şossesi, döngə 5 ünvanında boş torpaq sahəsinin zəbt olunaraq qanunsuz tikinti işlərinin aparıldığını aşkar ediblər. Ətrafda yaşayan insanların dediyinə görə tikinti sahibi Hacıyev Azay Abbas oğludur.

O qanunsuz tikintini başa çatdıra bilməyəcəyini görüb işləri bir qrup əlilə həvalə edib. Sakinlərin sözlərinə görə həmin şəxslər Qarabağ müharibəsi əlili olduqlarını deyirlər və tikintini dayandırmaq istəyən şəxslərə bu yolla hədə-qorxu gəlirlər. Təxminən 9-10 nəfərdən ibarət olan bu dəstənin üzvləri hər gün tikinti gedən əraziyə baş çəkir. Həmin əraziyə yaxın ünvanada yaşayan şəxslərdən birinin dediyinə görə, heç polis əməkdaşları belə onların tikinti işlərinə müdaxilə edə bilmir, onlar dərhal hay-küy salıb münaqişə yaradırlar və bununlada guya Qarabağ əlillərini döyürlər görüntüsü yaratmağa çalışırlar. O bu fikirlərini təsdiq etmək üçün bizə əlillərlə polis əməkdaşlarının mübahisəsini əks etdirən video da göstərdi.

Cinayətkar dəstənin başçısı Sərxan Musayev

Dələduz dəstəyə özünü Qarabağ Əlilləri Cəmiyyətinin sədr müavini kimi təqdim edənMusayev Sərxan Yaqub oğlu başçılıq edir. Camalov Rəhman Pəbir oğlu, Şəmilov İlyas Cəbrayıl oğlu, Abbasov Zavur Ağaqulu oğlu və özlərini təqdim etməyən digər 5 nəfər də həmin təşkilatın üzvləri olduqlarını bildiriblər.

Sərxan və onun dəstəsi Balaxanıda növbəti torpaq davası edərkən

Cinayətkar dəstəsinin üzvləri bu ilin iyun ayında da Balaxanıda fərqli məkanda peyda olmuşdu və yenə də neft-mədən ərazisində boş torpaq sahəsini zəbt edib tikinti işlərinə start vermişdilər. Həmin vaxt da onlar heç bir qanuni tələbə məhəl qoymayaraq hay-küy salaraq zorakı yollarla tikinti işlərini başa çatdırmışdılar

Araşdırmamız zamanı məlum oldu ki, "Sərxanın dəstəsi” uzun müddətdir ki, "Qarabağ qazisi” adından istifadə edərək sahibkarları hədələməkdən tutmuş boş torpaq sahələrini zəbt etmək, qanunsuz tikinti işləri aparmaq, dövlət məmuruna qarşı güc tətbiq etməyə kimi bir sıra cinayət əməlləri ilə məşğuldur. Onlar istəklərinə nail olmaq üçün "qanun bizik”, "dövlət bizik” deyərək hay-küy salır, güc tətbiq edirlər. Məsələn bir neçə ay öncə Əhmədli metrostansiyasının yaxınlığında yerləşən "Kardeşler” restoranına hücum çəkən quldur dəstənin üzvləri obyektin şüşələrini sındıraraq sahibkardan dərhal buranı boşaltmasını tələb ediblər.

Sərxan Musayev dəstəsiylə "Kardeşler” restoranına hücum edərkən

Video link:  https://www.youtube.com/watch?v=s_N85HExD8w

Cinayətkar dəstənin üzvləri ötən il Heydər Əliyev prospektində fəaliyyət göstərən sahibkarı şantaj edərkən də gündəmə gəlmişdi. Onların məqsədi obyekt sahibini ordan çıxartmaqla müəssisəyə yiyələnmək olub. "Qarabağ qazisi” olduqlarını əllərində bayraq edib rekertlik edən quldur dəstənin iç üzünü açan, saxtakarlığını sübut edən məqamlardan biri isə onların artıq gerçək Qarabağ əlili olan Əlişir Musayevin obyektinə hücum çəkməsi olub. Əgər onlar həqiqətən Qarabağ qazisidirlərsə, öz döyüş yoldaşlarının obyektinə niyə hücum çəkirlər?!

Araşdırmalar onu göstərir ki, bu şəxslər əslində Qarabağda düşmənə bir güllə belə atmayıb. Əksəriyyəti Rusiyada müxtəlif cinayətkar qruplaşmaların tərkibində fəaliyyət göstərib orada şəxsi münaqişə zəminində ayağını, qolunu, gözünü itirib, Azərbaycana qayıtdıqdan sonra isə saxta sənədlərlə özlərini Qarabağ qazisi kimi təqdim etməyə çalışırlar.

Video link:  https://youtu.be/ZSFZ-QlX2u0

Sərxan Musayev təxminən bir il öncə  Biləcəri qəsəbəsində apardığı qanunsuz tikinti ilə də ölkə gündəminə gəlmişdi. Həmin vaxt o yenə də neft kəmərinin mühafizə zonasını zəbt etdiyindən mühafizəçilərlə münaqişəyə girmiş, əvvəlcədən planlı şəkildə əraziyə topladığı bir qrup şəxs mühafizəçilərə hücum çəkmişdi. Nəticədə SOCAR-ın bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri almışdı.

SOCAR-ın mühafizəçiləri tərəfindən döyülməsi təəssüratı yaratmaq üçün özünü döyüb, köynəyini cıran saxtakar "Qarabağ əlili”

Analoji hadisə 2017-ci ildə Suraxanıda da baş vermişdi. Sərxan yenə neft ərazisini zəbt edib qanunsuz tikinti işləri aparan zaman mühafizəçilərlə münaqişə yaranmışdı. Bununla belə SOCAR rəhbərliyi humanistlik nümayiş etdirərək Sərxanın əlil olmasını nəzərə alıb neftlə çirklənmiş ərazilərdə yox, normal şəraiti olan yaşayış massivindən özünə torpaq alıb ev tikməsi üçün ona təxminən 40 min manat pul vermişdi. Lakin o nankorluq edərək Biləcəridə, Balaxanıda və digər ərazilərdə neft sənayesinə aid torpaqları zəbt etməyə davam edir. Onun imkansız şəxslərə satdığı bəzi evlər neft kəmərinin düz üstündə tikilib. Həmin boru xəttlərində hər an qəza, partlayış baş verə bilər. Bu isə o deməkdir ki, Sərxanın tikib satdığı evlərdə yaşayan insanların həyatı hər an təhlükə ilə üz-üzədir.

Sərxan Musayev və ətrafına topladığı şəxslərin törətdiyi cinayətlərin cəzasız qalması onları oxşar əməllər törətməyə sövq edir. Əgər onların bir neçə ildir törətdiyi cinayət əməllərinə vaxtında hüquqi qiymət verilsəydi, yəqin o bu gün başına dəstəsini yığıb yeni ərazilər zəbt etmək barədə düşünməzdi.

Sərxan Musayevin 2019-cu ildə yaratdığı şounu təkrar etmək cəhdinin qarşısı alınmalıdır. Onun mühafizəçilər və polis əməkdaşları ilə kütləvi dava yaratmaq cəhdləri birbaşa dövlətimizin əleyhinə yönəlmiş təxribatdır. Çünki cəbhə bölgəsində ağır döyüşlərin getdiyi bir vaxtda ölkə gündəminin hansısa daxili çəkişməyə yönəldilməsi xoşagəlməz mənzərinin yaranmasına gətirib çıxarda bilər.

Sərxan və onun dəstəsinin törətdiyi cinayət əməllərinin xəritəsi

Düşmənlə təmas xəttindən həyəcanlı xəbərlərin gəldiyi bu günlərdə gerçək döyüşçülər, həqiqi veteranlar cəbhəyə üz tutur, ordumuzun, əsgərlərimizin yanında olmağa çalışır, onlarla çiyin-çiyinə vuruşmağa can atırlar. Lakin bəzi saxtakarlar isə müharibə veteranı adından istifadə edib Bakıda xalqın torpağını zəbt edib, özünə biznes qurmaq haqqında planlar cızır, heç özləri də bilmədən düşmən dəyirmanına su tökürlər.(Report.az)

Xəbər 729 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR