Əsas qida məhsulları ehtiyatlarının yaradılması üzrə ciddi işlər görülür.
Aktual.az xəbər verir ki, bunu Azərbaycanın baş naziri Əli Əsədov Rusiyanın Soçi şəhərində keçirilən "Avrasiya konqresi - 2023" adlı tədbirdə deyib.
"Ərzaq təhlükəsizliyinin təmin olunmasının zəruriliyi məsələsi dünyanın bütün ölkələri üçün misilsiz səviyyəyə çatıb. Bununla əlaqədar olaraq, ölkə əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən hökumətin qarşısında duran əsas istiqamət və məsələlərdən biri kimi müəyyən olunub", - o deyib.
Ə.Əsədov qeyd edib ki, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticari tərəfdaşları olan ölkələrdə ərzaq qiymətlərindəki artım inflyasiya təzyiqinin artmasına səbəb olub.
"Bu bizim iqtisadiyyatımızda da öz əksini tapıb. Bununla əlaqədar olaraq, ötən ilin fevral ayında Nazirlər Kabineti inflyasiyanın əhalinin işgüzar fəallığına və sosial rifahına təsirinin minimuma endirilməsi məqsədilə sərəncam verib. Bu məqsədlə 2023-cü ildə dövlət büdcəsində ərzaq təhlükəsizliyinin təmin olunmasında 40 faiz dəyərində artım olub. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 5,2 faiz artıb", - o deyib.
Xəbər 500 dəfə oxunub.