Ermənistanın sürətlə silahlanmasında ilginc hədəf - Qarabağ üzərindən...

Ermənistanın sürətlə silahlanmasında ilginc hədəf - Qarabağ üzərindən...

Paşinyan komandasının odla oyunu davam edir. Bunu hər şeydən öncə ondan görmək olar ki, İrəvan rəsmiləri hamıdan çox sülhdən danışsalar da, sülh üçün hamıdan az iş görürlər - onu da əgər görürlərsə. Lap dəqiqi, Ermənistanın ritorikası barışığa, sabitliyə deyil, yeni müharibəyə xidmət edir. Öz kasıb əhalisinin güzəranını yaxşılaşdırmaq əvəzinə, büdcə vəsaitlərini xaricdən ölümsaçan silahlar almağa yönəltməyin ayrı hansı adı ola bilər ki?
"Ermənistanın hazırkı hakimiyyəti Qərbdəki yeni "dostlara" arxalanır. Ermənistan hakimiyyətinin planlarına görə, həmin "dostlar” İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına və Azərbaycanı erməni əhalisini bölgəyə qaytarmaq adı altında Ermənistana Qarabağ üzərində faktiki nəzarəti "qaytarmağa” məcbur etməlidirlər". 


Aktual.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, PolitRus ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib. "Bu, Ermənistanı regionda öz ekspansiyasını genişləndirmək üçün əməliyyat meydanı hesab edən Qərbin - ilk növbədə Fransa və ABŞ-ın maraqları ilə üst-üstə düşür. Buna görə də Ermənistana bəzi silahlar verilir, hərbi məsləhətçilər göndərilir (o cümlədən Müdafiə Nazirliyində işləmək üçün), komandoslar və xüsusi xidmət orqanlarının əməkdaşları sülhməramlılar adı altında kəşfiyyat işləri aparmaq üçün yerləşdirilir”, - ekspert qeyd edib. 

Bu arada erməni radikal-revanşist və avantürist, keşiş Baqrat Qalstanyan Azərbaycanı hədələyərək deyib ki, "biz nə yolla olur-olsun, "artsax"a qayıtmalıyıq”. Bu da müəyyən mənada Arkovun fikri ilə səsləşir. Rusiyalı analitik haqlımı, rəngləri çox tündləşdirmir ki? Gerçəkdənmi Ermənistanın silahlanmasında hədəf - erməniləri geri qaytarmaq bəhanəsi ilə Qarabağ üzərində İrəvanın "nəzarətini” hansısa formada "qaytarmaq”dır?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov hesab edir ki, nə qədər cəhd etsələr də, Ermənistanın Azərbaycan Ordusu qarşısına çıxacaq güclü ordusu heç zaman olmayacaq: "Rusiyalı siyasi şərhçilərin Ermənistanın ünvanına söylədikləri fikirlərə ciddi yanaşmaq olmaz. Çünki onların söylədikləri indi Rusiyanın sözünə baxmayan Ermənistanın ünvanına səslənən qərəzli fiklirlərdən başqa heç nə deyil. Ruslar dünyada xalqlar arasında qarşıdurma yaradıb öz istəklərini reallaşdıran tərəf kimi tanınırlar. Baxın, Sovetlər İttifaqı dağıldıqdan sonra bir məkanda yaşamış xalqlar arasında nə kimi münaqişələr ortaya çıxdı? Bunlar hamısı Sovetlər ittifaqının başında dayanan və onu idarə idarə edən rus "texnoloqlarının" zaman-zaman əkdikləri toxumlar idi və bu toxumlar ittifaq dağılan kimi cücərməyə başladı. Ermənistan silah-sursat almağa məcburdur, onun bir dövlət kimi yaşaması üçün bu önəmlidir. İkinci Qarabağ savaşında ağır məğlubiyyətlə üzləşən Ermənistanın hərbi potensialı demək olar ki, tükənmişdi. Rusiyadan verilmiş, dəyəri milyardlarla dollarla ölçülən silahların bir çoxu döyüş meydanlarında Azərbaycan Ordusu tərəfindən məhv edildi, qalanı isə qənimət kimi götürüldü. Ermənistan indi silah almağa daha çox pul xərcləməklə, həmin itkiləri müəyyən bir səviyyədə bərpa etməyə çalışır. Lakin Paşinyan hökuməti yaxşı başa düşür ki, bu məsələdə qırmızı xətləri keçmək olmaz. Əgər qırmızı xətt keçilərsə, Azərbaycan bunun qarşısını almaq üçün addımlar ata bilər. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan hökumətinə bununla bağlı bir neçə dəfə xəbərdarlıq edib. Digər tərəfdən, erməni hökuməti yaxşı anlayır ki, ordunu nə qədər silahlandırsalar da, Ermənistanın Azərbaycan Ordusu qarşısına çıxacaq güclü ordusu heç zaman olmayacaq. Qarabağa nəzarəti bərpa etmək, oradan öz təşəbbüsü ilə qaçıb getmiş erməniləri geri qaytarmaq isə növbəti erməni nağıllarından başqa heç nə deyil. Qarabağ məsələsi tarixi ədalətlə həll olunub yekunlaşdı".

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı müharibəyə hazırlığın getdiyini düşünür: "Bu dəfə Ermənistanı məqsədli şəkildə Qərb və Amerika silahlandırır. Milyonlarla dollara silah almaq əlbəttə ki, müharibəyə hazırlığın formasıdır. Həm də Ermənistanın silahlandırılması Azərbaycana qarşı açıq təzyiq formasıdır. Əhalisinin böyük hissəsi kasıb səviyyəsində yaşayan və hər il on minlərlə vətəndaşı ölkəni birdəfəlik tərk edən Ermənistan Qərbin diqtəsi ilə ağır bir duruma salınacaq. Paşinyan hakimiyyətinin Qarabağda yaşamış erməniləri müharibə yolu ilə qaytarmaq haqqında düşünməsi axmaqlıqdır. Ermənistan unutmamalıdır ki, Azərbaycan əlini əlinin üstünə qoyub oturmayıb. Hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait hesabına Azərbaycan dünyanın ən müasir silah satan ölkələrindən silah alır. İsrail, Türkiyə, Rusiya, Belarusiya, İtaliya və digər ölkələrdən. Ordu quruculuğunda da Azərbaycan ən önəmli addımlar atır. Bütün bunlara nəzarəti birbaşa Ali Baş Komandan İlham Əliyev həyata keçirir. Ermənilər unutmamalıdır ki, son 30 ildə Rusiya Ermənistanı pulsuz silahlandırdı. Hətta "İsgəndər" raketinə qədər təmin etmişdi. 44 günlük Vətən müharibəsində hansı aqibətlə qarşılaşdılar? Buna görə ağıllarını başlarına yığmalıdılar. Qarabağda yaşayan ermənilərin qayıtmasının yeganə yolu Azərbaycanla sülh sazişini əldə etməkdən keçir. Başqa yolu yoxdur. Erməni radikal-revanşistlər özlərinin hakimiyyətə qayıtması üçün Rusiya vasitəsindən istifadə edirlər. Onları Qarabağda yaşayan ermənilər maraqlandırmır. Köçəryan-Sərkisyan cütlüyü 30 ildə Ermənistanda amansız rejim qurduqlarından və korrupsiyaya bulaşdığından cəmiyyətdən güclü dəstək qazana bilmirlər. Ancaq dediyiniz kimi, Rusiya bütün imkanları ilə çalışır ki, İrəvana nəzarəti tam ələ keçirsin. Paşinyanın Qərbə qulluq etdiyini Rusiya çox yaxşı bilir. İndiki vəziyyətdə Sorosun uşağı olan Paşinyanın "nazı” ilə oynayır. Həm də biz unutmamalıyıq ki, Putin üçün İlham Əliyev çox önəmli bir prezidentdir. Və bu gün Rusiyanın Azərbaycan və Türkiyə ilə çox normal və ikitərəfli əlaqələri mövcuddur. 30-40 min erməniyə görə Putin bu əlaqələrin pozulmasını arzu etməz. Rusiyanın hakimiyyətində təmsil olunan ermənipərəst qüvvələrin arzusu nəyin bahasına olursa-olsun, Rusiya-Azərbaycan münasibətlərini pozmağa cəhd etməkdir".
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR