Ermənistanda İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda kərə yağı və qaymaq saxlanılıb

Ermənistanda İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda kərə yağı və qaymaq saxlanılıb

Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməkdaşları İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda kərə yağı və qaymağı saxlayıblar.
 Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qanunsuz idxal nəticəsində dövlətə 170 milyon dram (441,5 min ABŞ dolları) məbləğində ziyan dəyib.
Məlumata görə, ümumilikdə hüquqi prosedurlardan yan keçməklə 750 min ABŞ dolları dəyərində 280 ton süd məhsulları idxal edilib.
Əməliyyatçılar müəyyənləşdiriblər ki, bir qrup şəxs vergi və rüsumları ödəməkdən yayınmaq məqsədilə cinayət sxemi hazırlayaraq onu tətbiq ediblər.
Onlar qaimələri saxtalaşdıraraq yükün Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası üçün nəzərdə tutulduğunu, dövlətlərarası gizli razılaşmaya əsasən, məhsulların gömrük ödənişlərindən azad edilməli olduğunu bildiriblər. Ona görə də yük maşınlarının sərhədi keçməsinə icazə verilib. Yük İrəvana çatdırılıb. Ancaq Rusiya bazasının anbarlarına getmək əvəzinə, İrəvanda avtodayanacaqda saxlayıblar. Bu müddət ərzində vergi orqanları yükün Rusiya bazası ilə heç bir əlaqəsinin olmadığını öyrəniblər. Bu cinayətdə şübhəli bilinənlər müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR