Bu gün məhum müğənni Nəzakət Məmmədovanın anım günüdür.
Aktual.az azvision.az-a istinadən bildirir ki, N.Məmmədova 1980-ci ilin oktyabrın 21-də dünyasını dəyişib. Müğənninin ölüm səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur.
İddialara görə, Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan erməni əsilli həkim Karol Anatoli İvanoviçə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyib. Əməliyyat zamanı həkim-dermatoloqun səhvi - bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub.
Versiyalara görə, Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.
Erməni əsilli həkim Karol törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Nəzakət Məmmədova 1944-cü ildə Kirovabad şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyiblər. Onların bu istəyini nəzərə alan Nəzakət Məmmədova Bakıya gəlib və Xarici Dillər İnstitutuna daxil olub. Təhsilini yarımçıq qoyan müğənni 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna qəbul olub.
Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov veriblər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edib. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışıb. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxıb.
Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirib. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova Leyli obrazları arasında yeni bir səhifə açıb. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb.
Aktual.az
Xəbər 625 dəfə oxunub.