Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 24 il ötür.
Şuşanın Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olduğunu deyən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev erməni vandallarının işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdiklərini, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdıqlarını dedi: “Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.
Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.
Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb. Bugün Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq Şuşa ilə bağlı irimiqyaslı layihələr həyata keçirilməkdədir. Eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Şuşa mədəniyyətinin qorunub saxlanılması və gələcək nəslə ötürülməsi ilə bağlı mühüm layihələr həyata keçirilməkdədir. Hesab edirəm ki, QHT-lər də bu işdə fəal olmalıdırlar. Biz ermənilərin Şuşada törətikləri vandalizmi dünyaya olduğu kimi çatdırmalıyıq”