“Erməni soyqırımı” ilə bağlı qətnamə siyasi motivlərə əsaslanır

“Erməni soyqırımı” ilə bağlı qətnamə siyasi motivlərə əsaslanır

“İrəli Azərbaycan” İctimai Birliyinin sədri Baba Tağıyev Moderator.az-a açıqlamasında Avropa Parlamentinin (AP) qondarma erməni soyqırımı ilə bağlı qərarına münasibət bildirib:

“Sözdə insan hüquq və azadlıqlarından dəm vuran, siyasi eqoizmlə yeni müs­­təqil dövlətlərə «demokratiya dərsi» vermək istəyən Avropa Parlamenti (Aİ) bu gününə və gələcəyinə qara ləkə kimi yazılacaq hüquqi rəzalətə imza atdı. Əslində, xüsusi şərhə ehtiyac yoxdur – söhbət qon­darma “erməni soyqırımı” ilə bağlı adıçəkilən qurumun absurd, qeyri- obyektiv qətnamə qəbul etməsindən gedir. Qon­darma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi ümumilikdə türk dünyasına qarşı ədalətsizliyin növbəti təzahürü oldu.
Xatırladaq ki, aprelin 15-də Avropa Parlamentinin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın (Jan-Mari Kavada, Maryel de Sarnez, Xuan Karlos, Girauta Vidal, İvan Jakovçiç, Xavyer Nart, Frederik Reis, Pavel Teliçka) qondarma “erməni soyqırımının” 100 illiyinin Ümümavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən bir sıra Avropa parlamentarları belə bir “soyqırımın baş verdiyini” söyləyiblər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, soyqırımı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa çağırış ediblər. Hüquqi nihilizm, ifrat qərəz və aşkar siyasi səbatsızlıq nümunəsi olan bu qətnamənin qəbulu təkcə Türkiyə və Azərbaycana, türkdilli dövlətlərə qarşı deyil, ümu­milikdə bəşəriyyətə, hətta Aİ-də təmsil olunan dövlətlərin öz əleyhinə yönəldiyini isə xü­susi vur­ğula­mağa ehti­yac yoxdur.


Tarixə qısa ekskursiya etsək aydın görə bilərik ki, 1915-ci ildə Osmanlı İmperiyasının ermənilərə qarşı «soyqırım» həyata keçirdiyini təsdiqlə­yən heç bir tutarlı fakt, dəlil, sübut yoxdur. Hələ 2005-ci ilin aprel ayında Tür­kiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermə­nistanın sabiq prezidenti R.Köçər­yana mü­raciətlə qon­darma «erməni soy­qırımı» iddialarının araşdırılması üçün müş­tərək ko­mis­­siyanın yaradılmasını, bu mə­sələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdir. Türkiyənin məsələ ilə bağlı birgə ko­missiya yaratmaq, arxivləri açmaq, ta­ri­xi həqiqətləri üzə çıxarmaq təkliflərinə eti­nasız münasibəti Ermənistanın və onun himayədarlarının zaman-za­man gündəmə gətirdiyi «soyqırım» kampani­ya­sının hansı çir­kin məqsəd­lə­­rə xid­mət etdi­yinə şübhə yeri qoymur. Yalnız bu məqam türk dünyasına qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaq­lan­dığını tam mahiyyəti ilə aşkara çıxarır. Konkret olaraq, qondarma «erməni soyqırımı» iddiaları ermənilərin qarşıya qoyduqları 4 məkrli məqsədin həyata keçirilməsinə xidmət edir: «soyqırım»ın bütün dünyada tanıdılması; Türkiyənin «soyqırım»ı etiraf etməsi; Türkiyənin «soyqırım»a uğramış adam­ların varislərinə təzminat ödəməsi; Türkiyənin Şərqində ermənilərə torpaq veril­məsi. Faktiki olaraq bunların hər biri Türkiyə Cümhuriyyətini sarsıtmaq, parça­la­maq məqsədi güdür. Ermənilərin qeyri-hüquqi və cəfəng iddialarının bəzi dövlətlərin qa­nunverici orqan­ların­da dəs­tək­lənməsi əsasən geosiyasi amil­­lərlə bağlı olub, erməniləri dəs­təkləmək məra­mından daha çox Türkiyəyə, eləcə də dolayısı ilə Azər­baycana haqlı mövqeyində təsir göstərmək məqsədi gü­dür.


Ötən illərin təcrübəsi də təsdiqləyir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun antiazərbaycan, antitürk mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və məhdud sayda parlament üzvlərininq iştirakı ilə keçirilən iclasda qəbul edilir. İstənilən demokratik qərarın qəbulu səs çoxluğu prinsipinə əsaslanmalıdır. Çoxluğun iradəsini əks etdirməyən bir absurd qətnamənin Avropa Parlamenti kimi demokratik ruhlu qurumun adından yayılması da heç bir məntiqə sığmır. Avropa parlamentində iclasların keçirilməsi üçün kvorumun olmaması bu cür absurd qərarların qəbul edilməsinə imkan verir. Xatırladaq ki, 2011-ci ilin mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parllamentində 754 üzvdən cəmi 40-50 deputatın iştirakı ilə, tələm-tələsik Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılıb və təsdiq edilib. Bu günlərdə qəbul olunmuş qətnamə də qurumun nüfuzuna mənfi təsir göstərən növbəti şoudur.
Qondarma «erməni soyqırımı» ilə bağlı qətnaməyə səs verən döv­lətlərin parlamentarları nə Türkiyə, nə digər Qərb dövlətlərinin arxivlərində olmuş, sadəcə, siyasi motivli qərəzli və ədalətsiz sənədi rəsmiləşdirmişlər. Belə qətnamə qəbul edən dövlətlərin əksəriyyətinin Av­ropa Birliyinin üzvü olması da təsadüfi görünmür. Siyasi müşahidəçilərin fik­rincə, həmin dövlətlər belə süni mane­ələrlə müsəlman dövləti olan Türkiyənin təşkilata gedən yoluna sipər çək­mə­yə, Avropa Birliyini «xristian klubu» kimi qoruyub saxlamağa çalışırlar. Bu da təsadüfi deyildir ki, hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma «erməni soyqırımı»nı tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yenilə­miş, üstəlik Türkiyə hökuməti qarşısında Ermənistanla sərhədləri aç­maq tələbini irəli sürmüşdür. Həmin qərarda da Türkiyənin 1915-ci ildə baş verənləri «soyqırım» kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstəril­miş­dir. Doğrudur, direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parla­mentinin qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma son mərhələdə Türkiyənin təşkilata tamhüqüqlü üzvlüyünə səs verəcək qurum məhz Avropa Par­lamenti olmalıdır. Hər bir halda, bu cəfəng qətnamənin qəbulundan sevinən ermənilər, uduzansa bu ədalətsiz qətnaməyə səs verən ölkələr oldu.


Terroru bu gün də dövlət səviyyəsində dəstəkləyən Ermənistan isə nədənsə ən müxtəlif zamanlarında türklərə və aəzərbaycanlılıara qarşı etdikləri qanlı əməllərə görə ittiham olunmurlar. 1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Tür­kiyə­nin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adam­larına qarşı 300-dən çox terror əməliyyatları törətmişlər. Bu terror aktlarının 100-dən çoxu «Asala» terror təşkilatının «Orli», «9 İyun» və «3 Oktyabr» qrup­laşmaları tərə­findən 24 ölkənin 38 şəhərində həyata keçirilmişdir.
1988-ci ildən Azərbaycana qarşı növbəti dəfə aşkar ərazi iddiaları ilə çıxış edən Ermənistan ərazisində yaşayan azərbaycanlıları deportasiya edərkən müxtəlif vandalizm aktlarına, o cümlədən terror aktlarına əl at­mışdır. Sonrakı mərhələdə bəzi dövlətlərin hima­yəsi və dəstəyi ilə Azərbaycan ərazilərini işğal edən Ermə­nistan dinc əhalinin ölü­mü ilə nəticələnmiş çoxlu sayda terror aktları planlaşdırmış və həyata keçirmişdir. Ərazi il­haqı məqsədi ilə terrorçuluğu və separatizmi özünə başlıca vasitə seçən ermə­nilər 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı tö­rət­miş, nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nə­ticəsində həlak olanların bö­yük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etmişdir.


Qondarma «erməni soyqırımı» ilə bağlı kampaniyanın hələ bu ilin mart ayın­dan yeni­dən fəal şəkildə gündəmə gətirilməsi heç də təsadüfi deyildir. Qondarma «erməni soyqırımı» ilə bağlı baş­lan­mış kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstərmək, hər iki strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır. Ümumiyyətlə, qondarma «erməni soyqırımı» ilə bağlı cəfəng iddialar göstərir ki, region­da bir qayda olaraq qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistanın Türkiyə ilə müna­sibətləri nor­mal­­laşdırma «səyləri» də səmimiyyətdən tamamilə uzaqdır. Əksinə, rəsmi Anka­ranın Azərbay­canın maraqları əleyhinə hansısa qərar qəbul etməmə­sindən daha da qıcıqlanan erməni lobbisi müəyyən aparıcı dövlətlərin köməyi ilə Türki­yəyə tə­sir göstərməyə çalışır. Lakin Türkiyə və Azərbaycanın qırılmaz strateji müttəfiqliyi fonunda er­mə­nilərin bu istiqamətdəki məkrli cəhdlərinin də iflasa uğraya­cağına heç bir şübhə yoxdur. Türk və Azərbaycan diasporlarının son illərdəki birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır”.

Xəbər 1020 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR