Aktual.az Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayevin ölkə.az-a müsahibəsini təqdim edir.
- Elşən müəllim, sanki ictimai - siyasi proseslərdə durğunluq dövrü bitib və artıq meydanda qeyri - adi bir aktivlik müşahidə olunur. Razılaşırsınızmı bu fikirlə?
- Əlbəttə razılaşıram. Belə də olmalı idi. Çünki indi bütün dünyanın diqqəti Azərbaycanın üzərindədir.
- Gözləntiniz nədir?
- Yəqin söhbət Avropa Oyunlarından gedir.
- Təbii...
- Gözləntilərdən daha çox arzularım var. İnşallah bu mötəbər turnir Azərbaycan dövlətinə, xalqına uğur gətirsin. Adımız daha yüksəklərdə, daha üst pillələrdə xoş məramla hallansın. Amma həmin adı qaralamaq üçün əlindən gələni əsirgəməyən qüvvələr də yetərincədir. Bu perspektiv və ehtimal öncədən hesablanıb, narahat olmayın. O mənada narahat olmayın ki, Azərbaycan dövləti öz müstəqilliyinin ilk günündən xəbis, məkrli qüvvələrin zərbələrini dəf etməyə öyrəncəli, hazırlıqlı olub, həmin qüvvələrə qarşı özündə siyasi immunitet formalaşdırıb. Bu səbəbdən də kim nə edirsə etsin, bumeranq şəklində fırladıb ovcuna qoyacağıq. ATƏT - i də, Avropa Birliyini də, Qərbin bəlli təlimatla işləyən “ünsür”lərini də yerində otuzduracağıq. Bütün eədiklərinə layiq, adekvat formada.
- Ölkəmizə qarşı çoxşaxəli icra planının mövcud olması haqda deyilənləri necə, bölüşürsünüzmü?
- Qismən...
- Qismən deyərkən?
- Yəni, məsələn, tutaq ki, Con Kerri mənim üçün bütünlükdə Qərb faktoru demək deyil. Bu adamın erməni lobbisi ilə şəxsi əlaqəsi varsa, anındaca belə bir məntiq hasil olmamalıdır ki, ümumən Qərb dairələri ya da Amerika bizlərə tamamən düşmən mövqedədir. Xeyr. Sadəcə mövcud beynəlxalq siyasətdə şəxsiyyət amili dövlət maraqları amilini üstələyib. Həmin təzadın əsasını qoyanlar da inkişaf etmiş, oturuşmuş, fövqəldövlətlərin özləridir. Elə götürək indicə haqqında danışdığımız Amerikanın özünü: Səddam, Qəddafi şəxsi münasibətlərin badına getmədimi? Ya da Ukraynaya guya Qərbin verdiyi dəstək, nəticə etibarı ilə isə insanların kütləvi qətliamı məgər Obama və Putin arasındakı lokal, özəl münaqişənin fonunda irəliləmədimi? İndi də Qafqaza göz dikiblər. Erməni heç, onlar Allahın bədbəxtləridir. Gürcüstan da Qərbin “kurasiyasında”dır. Amma Azərbaycanı istila edə bilmirlər. Dərdləri bax budur. Çünki ölkənin Prezidenti yerindədir, güclüdür, təslimçi xarakterə malik deyil.
- Fəqət, sanki Qərb ilə Rusiya arasında seçim məcburiyyəti var...
- Qətiyyən. Belə düşünməyin. Və bir həqiqətə də əmin olun: İlham Əliyev olan yerdə bütün seçimlərin əvvəli də axırı da milli maraqlara köklənəcək, söykənəcək, eyni zamanda Azərbaycan xalqının mənafeyini ifadə edəcək. Çox maraqlı bir nüans daha var: hər kəs Prezidentə ümidlidir, hamı onun haqqında danışır. Amma ümumən “iqtidar fonu”nda gözləntilər səngiyib. Təbii, söhbət ölkə vətəndaşlarının müxtəlif məsələlərə vermiş olduğu reaksiyadan gedir. Azərbaycan iqtidarında yetərincə mənəviyyatlı, dürüst, ağıllı insanlar var. Bunu etiraf etmək lazımdır. Sadəcə cənab Prezident elə bir personadır ki, onun statusundan daha yuxarı hədd yoxdur. Yəni ola bilər hansısa məmur kiminsə xoşuna gəlmək, vəzifədə irəliləmək üçün nələrisə söyləsin ya da düşünsün ki, əşşi mənim nəyimə lazım tutaq filan məsələ ilə bağlı danışıb özümü pis edim. Amma Prezidentlik elə bir həddir ki, bu postda olan adamın xalqla qəribə bir bağlılığı, yaxınlığı olur. Umduğunu da xalqdan umur. Ona görə də insanların durumunun, rifahının yaxşı olmasında ən çox İlham Əliyev maraqlıdır. Ayrıca, cənab Prezident həm də Heydər Əliyev kimi dahinin davamçısıdır. Bu ailənin Azərbaycan üçün etdiyi fədakarlıqları, yaxşılıqları isə tarix boyu nə kimsə edib, nə də bundan sonra edə biləcək.
- O zaman belə çıxır ki, siz iqtidaryönlü statusdan daha çox prezidentyönümlü statusdasınız.
- İlham Əliyev mənim mövcud iqtidarı dəstəkləməyimdə ən başlıca faktordur. Bu Prezidentə görə ölümə belə getməyə dəyər.
- Səfiri niyə belə qaralamısınız?
- Hansı səfiri?
- Qaraladığınız çox səfir var?
- (gülür) İkisi nağddı. Biri Arif Məmmədov, digəri Yunanıstanın Azərbaycandakı səfiri.
- Arif Məmmədovdan danışıram.
- O adam Azərbaycan dövlətinin çörəyini yeyib harınlayanlardandır. Belələrinə qarşı mənim mövqeyim əsla yaxşı, pozitiv ola bilməz. Diplomat yerini və sözünün həddini bilməlidir.
- Belələri dediniz. Çoxdurmu onlar?
- “N” qədər. Sadəcə bəziləri saman altdan su yeridir deyə onları görmək Arif Məmmədovu görmək qədər asan, rahat deyil. Amma artıq proses başlayıb. Çox yaxınlarda Arif nə qədər Məmmədov tipajlı, xislətli, xəyanətkar və harın məmur varsa hamısının “dərs”i veriləcək.
Aktual.az