Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin "aktual.az”a müsahibəsi
Elşən müəllim, milli məsələlərlə bağlı mövzularda demək olar ki, bütün siyasi təşkilatlar, vətəndaş cəmiyyətinin üzvləri eyni xətdən, dövlət və dövlətçilik prizmasından çıxış ediblər. Yalnız AXCP və "Milli Şura”dan savayı. Hətta ikinci Qarabağ Müharibəsi zamanı və ondan sonrakı dövrdə də AXCP siyasi partiyaların ümumi bəyanatına imza atmayan yeganə təşkilat olub. Ən son proseslərdə, Fərrux kəndi ətrafında müzakirələr zamanı isə Əli Kərimli Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi məlumatına ironik şərh verdi. Səbəb nədir sizcə? AXCP və "Milli Şura” niyə daimi şəkildə bu cür anti-milli mövqe sərgiləyir?
İcazənizlə mən bu suala elə sualla qarşılıq verim: Siz Əli Kərimli adında siyasi ünsürün, "Milli Şura” adında destruktiv təşkilatın ümumiyyətlə nə zamansa milli mövqedən çıxış etdiyini görmüsünüzmü? Ya da eşitmisinizmi? Mən görməmişəm və eşitməmişəm. Odur ki, indi nəyə təəccüblənirik? Guya nə zamansa düz, ədalətli, milli olublar, indimi dəyişiblər? Xeyr! Bunlar elə həmişə həmin yaramaz xisləti, həmin mənəviyyatı daşıyıblar. Əli Kərimli, onun yanında qərarlaşan qaraguruh və ancaq qohum-əqrəbadan ibarət "Milli Şura” öz funksional fəaliyyətini məhz dövlət və dövlətçilik əleyhinə istiqamət götürməklə qurub. Bu riyakarlara, nankorlara xaricdən, hansısa kəşfiyyat orqanlarından, erməni lobbisindən verilən təlimat nədirsə ona da uyğun hərəkət edirlər. Əli Kərimlinin, AXCP-nin, "Milli Şura”nın işi ara qatmaq, dezinformasiya yaymaq və ürək bulandırmaqdır. Ən son proseslərdə də bunu gördük. Fərrux kəndinin Azərbaycan əsgərinin nəzarətinə keçməsinə ən az sevinən adam Əli Kərimli idi. Ona görə özünü, hisslərini saxlaya bilmədi, Müdafiə Nazirliyimizin rəsmi bəyanatı olmasına rəğmən AXCP sədri öz "facebook” səhifəsində ironik, aşağılayıcı status yazdı, konkret mətnlə bu qədər böyük uğuru ələ saldı, şübhə altına aldı. Belə yaramazlığın alternativi varmı, olurmu? Məncə olmur. Və proseslər də göstərir ki, Əli Kərimli siyasətçi deyil, o siyasi ridumentdir, o siyasi qolçomaqdır, o üz qarasıdır.
Aprel ayının 2-də Ukraynaya dəstək mitinqi keçirmək istəyirdilər…
Öz millətini sevə bilməyən, öz əsgərinin uğuruna sevinə bilməyən Ukraynanı sevə bilərmi? Əsla və əsla! Bir daha deyirəm: bunların dərdi yalnız və yalnız ara qatmaq, ictimai asayişi pozmaq, hansısa məsələ üzərindən narahatlıq yaratmaqdır. Bekar adamlardı. İş yox - güc yox. Adam nə qədər oturub feysbukda status, şərh yazar. İyirmi illəri trolluq fəaliyyətinə həsr olunub. Yəqin fərqlilik axtarırlar. Və…bir məsələni xüsusən vurğulayım: Yəqin Tofiq Yaqublunun Ukraynanın Bakıdakı səfirinə dediyi sözlər kimsənin yadından çıxmayıb. Qarşılığında da rüsvay oldu. Çünki Tofiq Yaqublu öz dövlətini müdafiə etməli olduğu halda, Ukrayna səfiri onun əvəzinə Azərbaycanı müdafiə etdi və Tofiq Yaqubluya layiq olduğu yeri göstərdi, onu biabır elədi. Oysa, adama sual edən lazım: niyə özünüzü bu vəziyyətə salırsız? Niyə plintusdan aşağı enirsiz? Nədir səbəb? Siyasətdirmi bu? İşdirmi bu? Xeyr! Bu nadürüstlükdür. Bu rəzillikdir. Bu biabırçılıqdır.
"Milli Şura” və AXCP heç bir ittifaqa qoşulmamaqlarını onunla əlaqələndirirlər ki, guya ana müxalifətdirlər və bu sırada alternativləri yoxdur.
Alternativləri həqiqətən yoxdur. Belə yaramazlığın, anti-milliliyin alternativi ola bilərmi? Xeyr. Məhz beləsi ola bilməz. Bundan sonra min əsr də keçsə Azərbaycan siyasətinə Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid kimi riyakar, nankor, xain, qeyri-səmimi insanlar gəlməyəcək. Bunlar nadir nümunələrdir. Bunlar köhnəlmiş, naftalin iyi verən eksponatlardır. Bunlar həqiqətən özlərinin də dedikləri kimi alternativsiz rəzillərdir.
Xəbər 897 dəfə oxunub.