Hüquq müdafiəçisi: "Hesab edirəm ki, bu istiqamətdə də biz Polşanın köməyindən yararlana bilərik”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri yekunlaşıb. Həmin səfər çərçivəsində keçirilən görüşlər zamanı İlham Əliyev bir sıra mühüm bəyanatlar səsləndirib. Onlardan biri də ölkəmizin Polşa ilə beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlığının vacibliyi haqda olub.
Baş nazir Beata Şidlo ilə əvvəlki görüşünü xatırlayan Prezident İlham Əliyev Polşaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi, qarşıda duran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. İkitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrikini çatdırıb.
Ölkə başçısı qeyd edib ki, Azərbaycan və Polşa beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də və Avropa strukturlarında uğurla əməkdaşlıq edir. İkitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, bu istiqamətdə yeni saziş üzərində iş aparıldığını deyib.
Prezident İlham Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın fəal iştirak etdiyini deyib və bu istiqamətdə Polşa ilə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayıb.
İlham Əliyev ikitərəfli siyasi əlaqələrin uğurla inkişaf etdiyini nəzərə çatdıraraq, qarşılıqlı ticarət dövriyyəsinin ölkələrimizin mövcud potensialını tam əks etdirmədiyini, onun artırılması üçün əsas istiqamətlərin müəyyənləşdirilməsində Azərbaycanın maraqlı olduğunu bildirib.
Göründüyü kimi, İlham Əliyev Polşa ilə beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən danışıb. Belə bir əməkdaşlığın qurulması gələcək üçün nə vəd edə bilər?
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru Əhməd Şahidov Bakı Xəbər qəzetinə bildirdi ki, ölkə başçısının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı səsləndirdiyi fikirləri tam təqdir edir: "Hesab edirəm ki, bu model yalnız Polşaya şamil olunmamalıdır. Bilirsiniz ki, Azərbaycan bir ölkə olaraq müharibə şəraitində yaşayır. Bu həm də informasiya müharibəsi anlamına gəlməlidir. Biz müstəqil hüquq müdafiəçisi olaraq bunu aydın şəkildə hiss edirik. Belə vəziyyət bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. Yeni-yeni dostlar tapmaq və həmin ölkələrlə beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlıq və onlara dəstək vermək lazımdır. Azərbaycan ötən illər ərzində bu sahədə ciddi uğurlar əldə edib. Xüsusilə müsəlman ölkələrilə bağlı bu göstərici ürəkaçandır. Avropa ölkələrində də vəziyyət pis deyil. Ancaq etiraf edək ki, həmin coğrafiyada ermənilər də az iş görmür. Polşaya gəldikdə isə, ora çox unikal ölkədir. Biz tez-tez həmin ölkədə oluruq. Azərbaycana münasibətləri çox normaldır. Bizim təşkilat Ermənistanın işğalçı siyasətinə etiraz əlaməti olaraq Varşavadakı erməni səfirliyinin önündə etiraz aksiyası keçirib. Tam səmimi deyim ki, heç bir müdaxilə və maneə ilə rastlaşmadıq. Çünki Polşa rəsmiləri və cəmiyyəti haqqı nahaqdan seçməyi bacaran bir toplumdur. Polşa hazırda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Bizim problemimiz olan Dağlıq Qarabağ məsələsinin həmin müstəvidə müzakirəyə çıxarılmasına dair çoxsaylı təklif səslənir. Hesab edirəm ki, bu istiqamətdə də biz Polşanın köməyindən yararlana bilərik. Digər qurumlarda da Polşanın sıx əlaqələri var. Əminəm ki, Prezidentin işarə etdiyi yol xəritəsinə əməl etsək, yalnız müsbət nəticələrin şahidi olarıq”.
Məhəmmədəli QƏRİBLİ
Bakı Xəbər qəzeti
Xəbər 1664 dəfə oxunub.