Dövlət Komitəsi: Aşura günü ifratçılığın qarşısı alınacaq

Dövlət Komitəsi: Aşura günü ifratçılığın qarşısı alınacaq

Məhərrəm ayında, xüsusilə də Aşura günü dindarların ifrat elementlərə yol verməməsi üçün tədbirlər görüləcək.
Aktual.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.

Şöbə müdirinin sözlərinə görə, DQİDK tərəfindən Məhərrəm ayının başlanması münasibətilə tədbirlər planı hazırlanıb: "Həmin plana əsasən, Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik işlərinin aparılması, sosial yönümlü tədbirlərin keçirilməsi, monitorinqlər və s. daxildir. Xüsusilə də bədənə xəsarət yetirmək, zəncir vurmaq halı ilə qan çıxarmaq və ya qan çıxarma ilə müşayiət olunan bədənə işgəncə vasitələrindən istifadə hallarının qarşısı alınması ilə bağlı respublikanın bütün bölgələrində tövsiyə xarakterli tədbirlər həyata keçiriləcək.
Eyni zamanda, Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən qanvermə aksiyasına xüsusi dəstək verəcək. Komitə dindarları bu xeyirxah işdə fəal olmağa çağırır".

Qeyd edək ki, QMİ-nin Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı verdiyi fətvasında bildirilir ki, oktyabrın 15-də Məhərrəm ayı daxil olub. Həmin gün hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatıb, yeni hicri 1437-ci il başlanıb. Məhərrəm ayının 10-u - Aşura günü isə 2015-ci il oktyabr ayının 24-nə təsadüf edəcək.

Şuranın fətvasında da qeyd edilir ki, Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseynin (ə.s) əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR