Düz düşəndə yerimiz

Düz düşəndə yerimiz
  • TABLO2

Məşhur bir rəvayət var: bir qaranquş böyük bir yanğına dimdiyində su daşıyır. Ondan soruşurlar:

- Bu suyla o boyda yanğına nə edəcəksən?

Qaranquş cavab verir:

- Bilirəm, mənim daşıdığım su o yanğını söndürə bilməz. Amma mən bununla öz sıramı bəlli edirəm.

Dünya yaranandan xeyirlə şərin mübarizəsində insanlar iki yerə bölünüblər; xeyirə və şərə xidmət edənlər. Bütün haqq-ədalət tərəfdarlarının öz sırasını bildirməsi üçün əlindən gələni etməsi vacibdir. Çünki bu dünyada şər xeyirə nisbətən daha tez birləşir, daha çox həndəsi silsiləylə artır.

Sizə bu yaxınlarda Yasamal rayonundakı158 saylı orta məktəbə təyin olunmuş yeni direktordan -  Mehriban Ələkbərlidən danışmaq istəyirəm. İyirmi ildən çox sözə qulluq edən, həmişə haqqın yanında olmağa çalışan, neqativlikdən yazmaqdan bezmiş biri kimi bu yazını yazmaq mənə zövq verir.

“Müsibət oluruq biz, səhv düşəndə yerimiz” – stuasiyasının ağrısını çox çəkmişik. İndi sizə bu fikrin əksindən danışmaq istəyirəm.

Əlbəttə, bir məktəbdə direktor dəyişikliyi bir köşə mövzusu olmaya da bilər və əslində olmamalıdı. Amma mən bir həqiqət təşnəsi kimi bu mövzunu işləməyə bilmədim. Ən azı, öz sıramı nümayiş etdirmək üçün.

Mehriban xanımın bütün problemlərə düzgün baxışı və kəsə münasibəti şəxsən məndə inam yaratdı ki, əslində, ədalətsiz idarə nə qədər xaos yaradırsa, başıpozuqluğa gətirib çıxarırsa, obyektiv idarə də o qədər nizam yaradır, xilas edir.

Və ikinci məsələ - bu gün hər tərəfdən vurulan Azərbaycan müəlliminin dəstəyə ehtiyacı var, ən çox da müdriyyət tərəfindən.

İndi Azərbaycan təhsilinin səviyyəsinə iradlarımız çoxdu, amma unuduruq ki, tədrisin səviyyəsinə idarəetmənin birbaşa təsiri var. Bu gün şəxsiyyət yetişdirlməsi müəllimdən nə qədər asılıdırsa, müəllimin ləyaqət və heysiyyatını qorumaq da məktəb direktorlarının işidir.

Nə qədər ki, biz bu cəmiyyətdə müəllim adını öz layiq olduğu səviyyəyə qaldıra bilmirik, gənclərimizi və deməli, gələcəyimizi xilas edə bilməyəcəyik. Çünki özgüvəni zədələnmiş, həmişə “suç kecisi” durumunda olan öyrətmən azad və güclü şəxsiyyət yetişdirə bilməz!

Mən məhz Mehriban xanımda bu xüsusiyyəti gördüm; müəllimə hörməti, onları qiymətləndirmə bacarığını, ona çoxdan unutduğu yerini göstərmək istəyini. Çünki o özü də əsl müəllimdir.

Sonda yenə vurğulayıram, ürək ağrısıyla yazdığım “Müəllim olmamaq arzusu” yazısından sonra belə nikbin bir yazıya imza atmaq, hər şeyin düzələ bilmə ehtimalı belə gerçəkdən mənə xoşdu. Nə yaxşı ki, bu dünya yalnız yeri səhv düşənlərdən ibarət deyil, həm də öz yerində olanlardan ibarətdir  Nə yaxşı ki, bu dünyada yalnız xarabalıq istəyən bayquşlar yox, həm də yanğına dimdiyində su daşıyan qaranquşlar var. Və nəhayət, nə yaxşı ki, bu dünyada düz xətt əyri xətti gec-tez kəsir.

Xəbər 1740 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR