“Dollardan imtinanın bədəli: 44 şəhid!” – Elşən Musayev İstanbuldan yazır...

 “Dollardan imtinanın bədəli: 44 şəhid!” – Elşən Musayev İstanbuldan yazır...

Əvvəllər beynəlxalq münasibətlərin ən kritik anında belə tərəflər "üzdən” gedərdi, fikrini yanakı söyləyərdi. Amma lap əvvəllər. Yəni diplomatiyanın saf çağında. Hətta xatırlayıram, ali məktəblər üçün nəzərdə tutulan "Diplomatik protokol” fənninin ana mətnində xüsusi eyham vardı. Ki, bəzən bir "solaxay” kəlmə yüz illik müharibənin təməlini qoya bilər. Daha doğrusu qoyub.

İndi isə dövr dəyişib. Artıq sözün "mustafası”na qədər yürüməyə kimsə səbr etmir. Hamı "tet a tet” danışır. Üstəlik, ağlına gələn formada. Çünki, 21-ci əsrdə həmin o diplomatiyanın anası ağlar günə qalıb, beynəlxalq hüququn atasını uzun müddətdir gördüm deyən yoxdur, demokratiya beşiyində terror laylası çalınır, cəlladların marşı "azadlıq” kəlməsi ilə başlayıb "sülh” nəqarəti ilə bitir. Riyakarca!

Ərdoğan dünən açıq dedi: "Bu terrorun da ssenarisi Qərb imperialistləri tərəfindən hazırlanıb”. Bəli, elə bu cür! Çəkinmədən. Niyə çəkinsin ki? Adama dəyən dəyib. Hər mənada. Türkiyəni yıpratmaq üçün bir PPK-nın Avropada rəsmi ofislərinin açılması qalmışdı, Qərb onu da elədi və...bu minvalla yaxınlarda "İŞİD” NATO-ya  üzv olsa artıq kimsə şaşırmaz. Mizan tam itib. Ona görə. 



Türkiyədəki terrorların statistik gedişatına diqqət edin: Ən az tən yarısı Ərdoğanın xarici ölkələrə səfəri öncəsi baş tutur. Ələlxüsus da protokol xidmətinin son "okey”indən sonra. Yəni, təyyarə uçuşuna saatlar  qalmış. Sanki, bir (oxu: məlum) yerlərdən davamlı mesaj ötürülür: "Planları biz tərtib edirik!”. Son terakt da Qazaxıstana nəzərdə tutulan səfərdən düz 24 saat əvvəl reallaşdı. Qeyri-rəsmi mənbələrin söylədiyi isə budur ki, Türkiyə Prezidentinin Astanada önərəcəyi əsas məsələ "dollardan imtina ittifaqı” ilə bağlı sövdələşmə imiş. Vəssalam. Mövzu aydındır.

Somali, Qahirə, Suriya, İraq və Keniya… Eyni gündə İstanbulla bərabər qanına qəltan edilən bölgələrdir. Yəni, 24 saat ərzində. Strategiya da budur ki, fokslar bir dövlətin üzərinə yönəlməsin. Türkiyə danışanda Qahirə, Keniya danışanda Somali misal çəkilsin və terror ümumbəşəri fəlakət, istənilən dövlətin başı üzərini ala biləcək kabus kimi dəyərləndirilsin. Ki, hamının dərdi birmiş demə. Ayrıcalıq salmayın...

Amerikada düzənlənən 11 sentyabr teraktından sonra dünyanın qara qüvvələrə qarşı vahid formada səfərbər olduğunu kimsə unutmayıb. Paris qətliamının ardınca Nitsada baş verən qanlı hadisələrdə də xristian, müsəlman demədən hamının bir amala kökləndiyi xatirimizdədir. Yaxşi bəs Türkiyə? Eyni reaksiya türk qardaşlarımıza münasibətdə niyə sərgilənmir? Başqa planetdəmi yerləşir bu ölkə? Yoxsa gözmü öyrəşdi artıq bu qətllərə? Sıradan bir hadisəyəmi çevrildi məlum estafet? Bəlkə Avropa Birliyindən, Qərbin nazını çəkməkdən imtinanın, kimsəyə əyilmədən öz ayağı üstündə durmağa cəhdin, milli valyutanı qoruma çabasının, könlü istəyən dövlətlə ittifaqın bədəlidir bu? Və ya məlum qüvvələr hələ də anlamadılarmı ki, sui-qəsdin bir addımlığından dönən Ərdoğanın əzmini, türk qururunu canı bahasına belə qırmaq mümkün deyil? Fərqinə varmadılarmı ki, Qərbin tam anlamı ilə maddiləşən siyasi siluetinin qarşısında türk və rusun millətçi ideologiyası nəinki davam gətirəcək, hətta qalib gələcək gücdədir?



Türk rusun əlini bilirsinizmi niyə bərk sıxıb? Çünki, Putin öz etimadını qazanıb, tutduğu əli heç vaxt birinci buraxmayıb, tərəfdaş dediyinin dalından qaçmayıb. İndi də başı tam açıldığı və Rusiyanı yeni iqtisadi mühitə alışdırdığı üçün öz mexaniki həmlələrini edir. Hətta buna instinkt desək, daha doğru olar. Düz də yoldadır. Oturub neft və dolların kölgəsində gün sayası deyildi ki? Düzdür, "Avrasiya İttifaqı”, "Kollektiv Təhlükəsizlik Müqaviləsi” Təşkilatı kimi qurumlar NATO və digər mötəbər təsisatlara alternativ ola bilmədi. Çünki dövlətlərin iradə seçimi var idi. Meydanda indiki  kimi seçimsizlik sindormu yaşanmırdı. Hazırda isə Putin və Ərdoğan xilasın formulasını göstərir və bu tərəfdaşlıq özündə yeni bir perspektiv (həm də daha ədalətli) gücün yaranışını ehtiva edir.

İlkin mərhələ dollardan imtinadır!

Bacaracaqlarmı bunu? Çətindir, amma mümkündür. Əvvəla heç şübhə yoxdur ki, qabağa Ərdoğan verilsə də bu plan Putinin analoqu olmayan iqtisadi komandasının başı altından çıxıb və belə olan halda detalların da ən xırda incəliklərə qədər işləndiyi aydın məsələdir. Ayrıca, bu möhtəşəm komanda "əmtəə mübadiləsi” qrafikini + pul dövriyyəsinin "Mendeleyev cədvəli”ni də işləyib hazırlaya bilsə, o zaman əmin  olun: Qərbin kürəyi birdəfəlik yerə səriləcək. Nə deməkdir bu? – O deməkdir ki, bu gün hətta ticarət mübadiləsi bəlli dövlətlər arasında yerli valyuta ilə aparılacaqsa belə ekvivalentin dollarla müəyyənləşməsi qaçılmazdır. Yəni, tutaq rubl ilə alqı-satqı olarkən onun lirəyə nisbəti yenə dollar kursu ilə götürüləcək. Bu problemin aradan qaldırılması üçün baş sındıran rus iqtisadçılarının məqsədi isə budur: Dünya birjasının təsir edə bilməyəcəyi bir "kurs sistemi” yaradılsın. O sistem ki, vahid məzənnə müəyyən edəcək və dolların, FED-in uçot dərəcəsinin neçə olmasından asılı olmayaraq qiymət oynamalarını saxlayacaq. Ən azından 3-5 il sabit, dəyişməz kurs təsbit edəcək. Belə olan halda məsələn, bir rubl 5 türk lirəsi kimi hesablanır və dollar kəllə çarxa qalxsa belə müqavilə şərtindəki zaman boyunca dəyər dəyişmir.   

Təsəvvür edin, Çin kimi nəhəng dövlət artıq bu proqrama "hə” deyir, Iran düşünür, post-sovet ölkələri isə açıq maraq göstərir. Fəqət, gilyotin yenə Türkiyənin başına sancılır. Niyə? - Gücləri çatan odur. Ona görə! Oysa, Rusiya və ya bənzər kəşfiyyata malik digər ölkə ərazilərində də törədə, "həftə səkkiz-mən doqquz” halına gətirə bilərlərmi həmin terroru? Yox, təbii. Bacarmazlar!  Çün, 15 dəqiqə sonra baxarlar kı, cavab tüstüsü (səsi) ya Vaşinqtondan gəlir ya da Kaliforniyadan – filandan.  Və ya olsun - despot rejimi tam rəsmiləşdirən Kim Çen İnin özü. Onunla "bəy” kimi davranırlar. Adam nüvəyə sahib, üstəlik idarə olunmaz biri – bu səbəbdən. Qərb imperialistlərinin "dux”u çatır, dünyanı az qala barmağına dolayan Şimali Koreya liderinə gözün üstə qaşın var desin də. Niyə demir? Hə, əsas gətirirlər ki, bu dövlət zatən dünyaya inteqrasiyadan kənar qalıb, hikkəsi qədər də itirdikləri var. Amma guya inteqrasiya olanlar nə qazanıb ki? Dəstək yoxsa ədalət? Qərbin, Avropanın aldığı həmişə verdiyindən çox olmayıbmı? Və ya yenə Türkiyə üzərinə gələk: Bu gün qardaş ölkənin Rusiya ilə yaxınlaşmasından əndişə keçirən Qərb (həmçinin Avropa) Türkiyə ilə Rusiya arasında yaşanan təyyarə qalmaqalında hansı dəstəyi sərgilədi? Ya da çevriliş zamanı? Fətullah haranın itidir ki, Ərdoğan boyda nəhəngi onun əli ilə devirmək qərarına gəldilər? Türkiyə kimi müttəfiqi itirmək ümumiyyətlə hansı ağılın, məntiqin istehsalı idi? Olmazdımı, daha rentabelli siyasət yürüdərək Avropanın qapılarını Türkiyə üzünə açaydılar, onu da böyük AİLƏnin üzvü edəydilər və beləcə Rusiyanı avtomatik təcrid halına salaydılar?  

İndi hansı zəmanədir ki, "məni tanı, mənə işlə, amma məndən heç nə gözləmə” siyasətini yürütmək mümkün olsun? Öz də kimə - kimə, Türkiyəyə qarşı...?! 

Qəzəb anlaşılandır. Elə isterika da. Maya batıb, resurs tükənib və...sonuc etibarilə nə Ərdoğandan Menderes düzəltmək mümkün olub, nə də Türkiyədən Suriya. Fəqət, insan faktorunu, insan hüququnu, insan azadlığını elə ən çox da məhz (!) İNSAN kabusuna çevrilənlər qabardır ha, bax onda adamın dəymişi dururkən kalı tökülür!

P.S. Gözəl İstanbulum! Sənin sevgi dolu rəngini qana, "kara”ya bürüyənlərə lənət olsun!

Elşən Musayev, 
Milli Məclisin deputatı,
İstanbul, 13 dekabr.
Xəbər 5700 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR