Dünəndən etibarən növbəti geomaqnit qasırğası başlayıb.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Onun sözlərinə görə, hazırda G1 sinfinə malik geomaqnit qasırğası davam edir. Gün ərzində G2 sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir):
"Bir neçə gün əvvəl baş vermiş güclü qasırğa isə G4 kateqoriyalı idi. Sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir (G1 sinifli geomaqnit qasırğası ilə müşayiət olunacaq). Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur)".
E.Babayev qeyd edib ki, hazırda Günəş diskinin görünən səthində 1 aktiv ləkə qrupunda (AR) 11 ləkə müşahidə olunur:
"10 sentyabrda əvvəlki güclü geomaqnit qasırğasının "günahkarı” olmuş AR 2673-dan X8.2 rentgen sinifli Günəş alışması generasiya olunub, lakin bu qrup Günəş diskinin arxasında olduğundan, baş vermiş Tac Kütlə Atılmalarının (CME) təsirləri geoeffektiv olmayıb (bilavasitə Yerə doğu yönəlməyib). Hazırda Günəş plazma küləyinin sürəti 525 km/san-dir və getdikcə artmaqdadır".
E.Babayev qeyd edib ki, cari geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və orta ölçülü "tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir: "Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yer planetinə doğru yönəlir. Hazırda "günahkar” plazma küləyinin sürəti 525 km/san-dir və getdikcə artmaqdadır. Planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi kosmik hava şəraitini daha əlverişsiz edir və "katalizator” rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır".
E.Babayev əlavə edib ki, qasırğa yuxarı en dairələrində daha effektiv olur, rəngarəng qütb parıltılarının ("Aurora borealis”) şəkilləri yenə də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün isə təsir adətən zəif olur.
E.Babayevin sözlərinə görə, kosmik hava şəraiti yenə də əlverişsizdir. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.
Aktual.az
Xəbər 433 dəfə oxunub.